Cəmiyyət

M.Lomonosov adına MDU-nun Ali Televiziya Məktəbinin müəllimi Oleq Şommer Teleradio Akademiyasında ustad dərsləri keçdi

07-05-2019 | 17:51        

  

Mayın 7-də Teleradio Akademiyasına Rusiyanın tanınmış jurnalisti, ssenaristi, rejissoru, həm də pedaqoqu Oleq Şommer gəlmişdi. M.Lomonosov adına MDU-nun Ali Televiziya Məktəbinin müəllimi olan Oleq Şommer bunu rəsmi şəkildə deyil, Azərbaycanı sevən və Akademiyanın rektoru Faiq Hüsiyevin yaxın dostu olaraq etmişdi. Və nə xoş ki, bu hadisə baş verdi! Akademiyanın aparıcı və müxbir müdavimləri Oleq Şommerin ustad dərsindən bəhrələndilər. 
Xatırladaq ki, bu il fevralın 18-dən 23-dək Oleq Şommer “Rossiya-24” televiziya kanalının müxbiri və aparıcısı Mariya Qladkixlə birlikdə Teleradio Akademiyasında məşğələlər aparmışdılar. Onlar AzTV əməkdaşları ilə iş təcrübələrini bölüşərək, jurnalist peşəsinin sirlərindən bəhs etmiş, “Televiziyada müasir reportyor işi necə olmalıdır?” və sair mövzular ətrafında maraqlı fikir mübadiləsi aparmışdılar.
Oleq Şommer Heydər Əliyev Fondunun və Bakı Media Mərkəzinin dəstəyilə çəkilmiş “Birinci dubldan” və “Pəncərədən düşən işıq” sənədli filmlərinin ssenari müəllifi və rejissorudur. Həmin filmlərin ideya müəllifi və baş prodüseri Leyla Əliyevadır.