İqtisadiyyat

Azərbaycan “Pekin Ekspo 2019” Botanika Sərgisində milli pavilyonla təmsil olunur

30-04-2019 | 08:14        

  

Çində “Pekin Ekspo 2019” Beynəlxalq Botanika sərgisi açılıb. Azərbaycan sərgidə Heydər Əliyev Mərkəzinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə milli pavilyonla təmsil olunur.

“Pekin Ekspo 2019” “Təbiəti qoruyaq, daha yaxşı yaşayaq” mövzusunda təşkil edilib. 503 hektar ərazini əhatə edən sərgidə xarici ölkələr və beynəlxalq qurumlar üçün nəzərdə tutulan hissə Avropa, Afrika, Asiya, Amerika və Okeaniya, habelə ayrıca beynəlxalq təşkilatlar bölmələrindən ibarətdir. Sərgi çərçivəsində ölkələrin milli günləri, mədəni proqramlar, forumlar təşkil ediləcək. 2500-dən çox mədəni tədbirin keçirilməsi nəzərdə tutulan sərgidə rəsmi açılış mərasimində Çin Xalq Respubliaksının Sədri Si Cinpin, bir neçə ölkənin dövlət və hökumət başçısı, beynəxalq və regional təşkilatların rəhbərləri, xarici ölkələrin Pekindəki səfirləri iştirak edirdi. “Azərbaycan: təbiət və incəsənətin harmoniyası” adlanan milli pavilyonun ümumi konsepsiyası isə ölkəmizin öz tarix və ənənələrinə sadiq qalaraq daim inkişafda olduğunu göstərir. Pavilyonun spiralvarı forması Azərbaycanın davamlı, sabit inkişafını və dinamikliyini, eksteryerdə qoyulan nar ağacı isə ölkənin məhsuldar gələcəyini xarakterizə edir. Pavilyon Azərbaycanın xalçaçılıq məktəbləri üzrə dörd hissəyə bölünüb: Qarabağ, Təbriz, Gəncə-Qazax, Quba-Şirvan. Hər bir bölgəyə xas xalça motivləri xüsusi proyeksiya vasitəsilə döşəmə üzərində əks olunur. Burada xalçaların toxunmasının nümayişi məqsədilə xana qoyulub və eyni zamanda, xalça toxunuşunu öyrədən videomaterial təqdim edilir. Xalçalarda istifadə olunan rənglər əsasında landşaft dizaynı hazırlanıb və buna uyğun bitki çeşidləri əkilib. Burada, həmçinin Azərbaycan təbiətinə xas olan ağac və çiçəklər təqdim olunur. Pavilyonda Xarıbülbül gülünü rəqəmsal formatda əks etdirən eksponat da nümayiş etdirilir. Ekspo ziyarətçiləri burada, həmçinin milli musiqi alətlərimizlə tanış ola biləcək, videomateriallar vasitəsilə Azərbaycan musiqisini dinləmək və milli rəqslərimizlə tanış olmaq imkanı qazanacaqlar. Burada, həmçinin Azərbaycan milli geyimləri də təqdim olunur. Pavilyonun ətrafında Azərbaycan təbiətinin gözəlliklərini əks etdirən böyük ölçülü fotostendlər quraşdırılıb. Sərgidə, həmçinin böyük İpək Yolunu və Azərbaycanın bu yolun bərpası məqsədilə Çin hökumətinin “Bir kəmər, bir yol” təşəbbüsünü dəstəkləyən layihələrini əks etdirən foto-video materiallar və məlumatlar təqdim olunur. Pavilyonun çıxış hissəsində quraşdırılan “I love Baku” stendi ziyarətçilərə Azərbaycana xas ornamentlərin əks olunduğu müxtəlif suvenirlər, hədiyyələr təqdim edir.