Cəmiyyət

Müqəddəs Ramazan ayı mayın 6-da başlayacaq

29-04-2019 | 17:27        

  

Müqəddəs Ramazan ayı mayın 6-da başlayır. Bayram isə iyunun 5-nə təsadüf edəcək. Bununla bağlı Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və Elmi-Dini Şura fətva verib.

İnsanların düşünüb ibrət almaları, Haqq yoluna hidayət olunmaları üçün göndərilən Qurani-Kərim Ramazan ayının mübarək Qədr gecəsində nazil olub. “Bəqərə” surəsinin 183-cü ayəsində Ramazanda oruc tutmağın müsəlmanlara vacib olduğu bəyan edilir. Oruc insanı səbrə, nəfsi tərbiyə etməyə, paklıq, mərhəmət və xeyirxahlığa, habelə ehtiyac sahiblərinin halını anlamağa təşviq edən ibadətdir. Ölkəmizdə Müqəddəs Ramazan bayramı hər il yüksək səviyyədə qeyd edilir. Milli-dini və ümumbəşəri dəyərlərə ehtiram dövlət-din münasibətlərinin yüksək səviyyəsinin təzahürüdür. Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının builki hesablamalarına görə, ölkə ərazisinin üfüqünə uyğun olaraq Ramazan ayının 1-i Miladi tarixlə mayın 6-na təsadüf edir. Ay göründüyü andan etibarən Ramazani-şərif başlayır və niyyət gecəsi mayın 5-dən 6-na keçən gecəyə düşür. Bununla bağlı Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və Elmi-Dini Şuranın fətvasında bildirilir ki, bayram iyunun 5-nə təsadüf edəcək. Eyni zamanda, Ramazan ayının əvvəli, namaz vaxtları, mübarək ayın gündəlik duaları, eləcə də bayram tarixini müəyyənləşdirən xüsusi təqvim də tərtib edilib. Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə bildirdi ki, dini və milli zəmində islamofobiya, radikalizm, terrorizm təzahürlərinin tüğyan etdiyi bir dövrdə Prezident İlham Əliyev xalqımızın milli, tarixi irsinə söykənərək ümumbəşəri ideyaların himayədarı kimi çıxış edir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı dedi ki, Azərbaycan həm də beynəlxalq müstəvidə mədəniyyətləri və dinləri bir araya gətirən ölkə kimi tanınır.