Siyasət

Minskdə MDB ölkələri daimi səlahiyyətli nümayəndələr şurasının birinci iclası keçirilib

31-01-2011 | 16:01        

  

 Minskdə MDB ölkələri Daimi Səlahiyyətli Nümayəndələr Şurasının birinci iclası keçirilib. Tədbirdə MDB İcraiyyə Komitəsinin sədri – icraçı katib Sergey Lebedev iştirak edib.  Daimi Səlahiyyətli Nümayəndələr Şurasının üzvləri beş məsələni müzakirə ediblər. Bu məsələlərdən biri informasiya sahəsində qarşılıqlı fəaliyyəti əlaqələndirmək üçün 1995-ci ilin noyabrında yaradılan MDB ölkələri Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının fəaliyyətidir. Həmin məsələ ilə bağlı İTAR-TASS agentliyinin nümayəndəsi Boris Qruşin çıxış edib. O bildirib  ki, informasiya şurasının üzvləri olan dövlət informasiya agentlikləri qarşısında duran əsas məsələlərdən biri Birlik məkanında inteqrasiya prosesləri barədə əhalini məlumatlandırmaqdır. Bu məqsədlə MDB-də təşkil olunan tədbirlər müntəzəm olaraq işıqlandırılır. Şura Birlik məkanında media layihələr təşkil edir və həmin layihələrdə yaxından iştirak edir. İclasda  2011-ci il üçün fəaliyyət planı, Xarici İşlər Nazirləri Şurasının aprelin 8-də Kiyevdə keçiriləcək iclasının gündəliyi layihəsinə təklifləri müzakirə edilib. Daimi Səlahiyyətli Nümayəndələr Şurasının iclası MDB-nin hüquqi aktlarının və digər sənədlərinin vahid reyestrinin məlumat bankının yeni versiyasının təqdimatı ilə başa çatıb. Yaxın vaxtlarda bütün internet istifadəçiləri Birliyin İcraiyyə Komitəsinin saytında bankın məlumatlarından istifadə edə biləcəklər.