Analitika

Azərbaycan və Çin arasında əməkdaşlıq beynəlxalq əhəmiyyət kəsb edir

24-04-2019 | 16:06        

  

Əhalisinin sayına görə dünyanın birinci, ərazisinə görə üçüncü ölkəsi olan Çin Azərbaycanın ən böyük iqtisadi tərəfdaşlarından biridir. İki ölkə arasında siyasi münasibətlər də yüksək səviyyədədir. Diplomatik anlaşma, ölkə rəhbərliyi arasında yüksəksəviyyəli dialoq iqtisadi sahədə tərəfdaşlığı da stimullaşdırır.  Hazırda Çin və Azərbaycan arasında ticarət əlaqələri ilə yanaşı, nəqliyyat-tranzit sahəsində əməkdaşlıq da genişlənir.

Əlaqələr yeni deyil

1994-cü il 7-10 Mart tarixində Azərbaycan Prezidenti, ulu öndər Heydər Əliyevin Çin Xalq Respublikasına rəsmi səfəri iki ölkə arasında əlaqələri praktik müstəviyə keçirdi. Səfər zamanı iki dövlət arasında səkkiz müqavilə imzalanmışdı. Eyni zamanda,iki ölkə arasında hava yolunun açılması haqqında, elmi-texniki və mədəni əməkdaşlıq, təbabət, radio və televiziya, turizm sahəsində qarşılıqlı fəaliyyət haqqında sazişlər bağlanmışdır.

1998-ci il sentyabrın 8-də Bakıda dahi lider Heydər Əliyevin təşəbbüsü ilə tarixi Böyük İpək Yolunun bərpası üzrə TRASEKA proqramı çərçivəsində Avropa və Asiya dövlət başçılarının Zirvə görüşünə həsr olunmuş beynəlxalq konfrans keçirildi və bu layihə iki ölkə arasında əlaqələri yeni mərhələyə çıxardı.

2005-ci il martın 17-19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çin Xalq Respublikasına rəsmi səfər etdi. ÇXR-in sədri Xu Szintao Azərbaycan Prezidentinin bu ölkəyə səfərini iki ölkə arasında münasibətlərin tarixində çox mühüm hadisə kimi qiymətləndirdi. O, həmçinin, Azərbaycanın Cənubi Qafqazda liderlik mövqeyinin möhkəmlənməsindən məmnun olduğunu bildirdi. Öz növbəsində,İlham Əliyev Azərbaycanın Çinlə əlaqələrə xüsusi önəm verdiyini vurğulayaraq, Azərbaycan rəhbərliyinin Çinin işgüzar dairələrinin ölkə iqtisadiyyatının müxtəlif sahələrinə sərmayə qoymasına dəstəyini ifadə etdi.

Çinə səfəri zamanı dövlətimizin başçısı Azərbaycan-Çin biznes forumunun işində iştirak etdi. Bu Forum da iki ölkə arasında ticari əlaqələrin şaxələndirilməsi baxımından əhəmiyyətli rola malik idi.

7 Avqust 2008-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev Pekində keçirilən XXIX Yay Olimpiya Oyunlarının açılış mərasimində iştirak etmək üçün Çində səfərdə oldu. 10 Avqustda Pekində - "China World Hotel" də XXIX Yay Olimpiya Oyunları çərçivəsində "Azərbaycan günü" keçirildi və Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak etdilər.

Strateji nəqliyyat layihəsi

Azərbaycan Çinin “Kəmər - Yol” strategiyasını dəstəkləyir və onun uğurlu icrasında iştirak edir. Prezident İlham Əliyevin 2015-ci ildə Çinə dövlət səfəri zamanı “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqi haqqında imzalanmış Anlaşma Memorandumu nəqliyyat-tranzit sahəsində əməkdaşlığın inkişafında mühüm önəm kəsb edir. Çinin “Kəmər və Yol” təşəbbüsünün reallaşmasında Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin əhəmiyyəti böyükdür. Bu dəhlizin potensialından istifadə iqtisadi sahədə, xüsusilə investisiya, ticarət, tranzit sahəsində əməkdaşlıq üçün əlverişli zəmin yaradır. Bu xətt beynəlxalq əhəmiyyətə malikdir və iştirakçı dövlətlər üçün mühüm iqtisadi dividentlər deməkdir.

Bu ilin yanvar ayında Davosda Dünya İqtisadi Forumu çərçivəsində “Bir kəmər, bir yol” təşəbbüsünün inkişaf etdirilməsi: Çinin trilyon dollarlıq baxışı” mövzusunda keçirilən sessiyada Azərbaycan Prezidenti Azərbaycanın Şərq-Qərb nəqliyyat dəhlizi təşəbbüsünün fəal üzvü olduğunu, ölkəmizin Çin hökumətinin “Bir kəmər, bir yol” təşəbbüsünü dəstəklədiyini bildirib.

Çindən Qərb istiqamətinə, xüsusilə Avropaya və əks istiqamətdə yüklərin daşınmasında Azərbaycanın logistik potensialından istifadə edilməsi səmərəli və ucuz olmaqla yanaşı, Çin və Azərbaycan arasında əməkdaşlığa önəmli töhfə verəcək.

Çinin Cənubi Qafqaz ölkələri ilə olan ümumi ticarət dövriyyəsinin 43%-i

Azərbaycanı Çinlə həm də sıx iqtisadi əlaqələr bağlayır. Azərbaycan Çinin Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır. Əgər 1992-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 1,5 milyon ABŞ dolları təşkil edirdisə, bu göstərici 2016-cı ildə 500 dəfə artaraq 770 milyon ABŞ dollarına çatıb. Dünya iqtisadiyyatının inkişaf tempinin azalmasına, dünya bazarında neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, Çin ilə Azərbaycan arasında ticarət həcmi 15 faiz artıb.
2018-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 1,3 mlrd. ABŞ dollarından çox olub, bu isə Çinin Cənubi Qafqaz ölkələri ilə olan ümumi ticarət dövriyyəsinin 43%-ni təşkil edir.
Çin ilə Azərbaycan arasında nəqliyyat, rabitə, kənd təsərrüfatı, tikinti, maşınqayırma, yüngül sənaye və digər sahələrdə uğurlu əməkdaşlıq qurulub.
Azərbaycan 2016-cı ildən Asiya İnfrastruktur İnvestisiya Bankının üzvüdür və bu Bank TANAP layihəsinə 600 milyon dollar kredit ayırıb.

Hazırda Azərbaycanın Çinlə ticarət dövriyyəsində müsbət dinamika müşahidə olunur. Azərbaycanın Çindəki Səfirliyində ticarət nümayəndəsi fəaliyyət göstərir, eləcə də,ötən dövrdə Çinin Urumçi, Şanxay və Lucou şəhərlərində Azərbaycanın ticarət və şərab evləri açılıb, Honkonq, Quancou, Urumçi, Şanxay və Pekin şəhərlərinə ixrac missiyaları təşkil edilib. Keçirilmiş biznes forumlar, Azərbaycan şirkətlərinin Çində təşkil olunan beynəlxalq sərgilərdə fəal iştirakı və digər tədbirlər ticarət-iqtisadi əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır. Tərəflər əlaqələrin daha da inkişaf etdirilməsi, diversifikasiyası üçün yaxşı imkanların olduğunu qiymətləndirir və bu istiqamətdə təşəbbüslərlə çıxış edirlər. Bu mənada, Çin tərəfindən həyata keçirilən idxala dəstək siyasəti və Azərbaycanın yüksək keyfiyyətli məhsullarının Çin bazarında təklif olunması üçün əlverişli şəraitin mövcudluğunu qeyd etmək olar.

Azərbaycanda 120-dək Çin kapitallı şirkət qeydiyyata alınıb. Ötən dövr ərzində Azərbaycan tərəfindən Çinə 1,7 milyard ABŞ dolları, Çindən isə Azərbaycana 800 milyon ABŞ dollarından artıq investisiya yatırılıb. Ölkəmizdə dövlət vəsaiti hesabına icra edilən 600 milyon ABŞ dolları dəyərində layihələrdə Çin şirkətləri iştirak edib.

Çinli turistlər ölkəmizə maraq göstərir

Ötən ilin mart ayında Azərbaycan Respublikasına çinli turistlərin qrup halında səfərlərinin sadələşdirilməsi haqqında Anlaşma Memorandumu imzalanıb. Artıq Çin vətəndaşları “ASAN viza” sistemindən istifadə edir. Ötən il 16 minədək çinli turist Azərbaycana səfər edib.

2019-cu ilin yanvar-mart aylarında isə Çindən ölkəmizə gələnlərin sayı 46,1 faiz artıb. Bu, Çin vətəndaşlarının ölkəmizə artan marağının, iki ölkə arasında müxtəlif sahələrdə sıxlaşan əlaqələrin ifadəsidir.

***
Pekində 2-ci “Bir kəmər, bir yol” beynəlxalq forumu işinə başlayır. Prezident İlham Əliyev Çin Xalq Respublikası Sədrinin dəvəti ilə forumda iştirak etmək üçün aprelin 24-də bu ölkəyə işgüzar səfərə gəlib. Bu Forumun layihə çərçivəsində aparılan işlərə dinamiklik gətirəcəyi, eləcə də,Çin və Azərbaycan arasında əlaqələrə təkan verəcəyi şübhəsizdir.

Vüsal Məmmədov