Mədəniyyət

Bakıda X Beynəlxalq Rostropoviç Festivalı başlayıb

23-04-2019 | 16:19        

  

Heydər Əliyev Fondu, Mstislav Rostropoviç Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə X Beynəlxalq Rostropoviç Festivalına start verilib.

İfanın sirri ondadır ki, musiqini sanki yenidən bəstələyirsən. Bunu Mstislav Rostopoviç söyləyirdi. O, hər ifasına sadəcə rəng qatmırdı, həm də özü yenilənirdi, saflaşırdı. Çünki Rostropoviç musiqiylə məşğul olmağa iş kimi baxmırdı. Musiqi onun udduğu hava, içdiyi su idi. Rostropoviçin çılğınlığı bəlkə də onun küləklər şəhərində doğulmasından irəli gəlirdi. Özünü dünya vətəndaşı hesab etsə də doğulduğu Bakı şəhəri Rostropoviçin uşaqlıq, gənclik illərinin ən şirin xatirəsi idi.  Gözəl günlərin birində o xatirələr reallığa çevrildi.  Ümumilli lider Heydər Əliyevin şəxsi təşəbbüsü ilə Rostropoviç Bakıya dəvət olundu, sənətkarın 70 illik yubileyi keçirildi. Ümumiili lider dahi musiqiçini sanki vətəninə bağladı. Rostropoviç burada yalnız gənc musiqiçilərə ustad dərsi keçmədi, həm də müxtəlif tədbirlər, konsertlər, təşkil etdi. Küləklər şəhəri də Rostropoviçin musiqi ömrünü sanki müşayət edirdi.

Musiqi Rostropoviçin həyat tərzi idi. Və özü də söyləyirdi ki, həyatla ölüm arasında musiqidən başqa heç nə yoxdur. Rostropoviçin ən böyük arzusu vətənində adını daşıyan festivalın keçirilməsi idi. Onun arzusu həyata keçdi. Bu gün artıq sayca 10-cu Festivala start verilir. 

Bir zamanlar Azərbaycan Dövlət Akademik Filartoniyasında Rostropoviçin öz ifasını dinləyən tamaşaçılar bu dəfə onun adını daşıyan festivala təşrif buyurublar. Festivalın 10-cu dəfə yüksək səviyyədə keçirilməsi həm də tamaşaçıların festivala olan marağından irəli gəlir. 

Festivalı həmişə olduğu kimi bu dəfə də Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri açdı. Konserti orkestrin bədii rəhbəri və baş dirijoru, Xalq artisti Rauf Abdullayev idarə edirdi.

Festivalın solistlərindən biri violin ifaçısı Sergey Krılovdu. Beynəlxalq müsabiqələr laureatı olan Sergey Krılov Rusiya ilə yanaşı, Böyük Britaniya, İtaliya, Fransa, Macarıstan, Yaponiyada və bir çox ölkələrin simfonik orkestrləri ilə çıxış edib.

İohan Bramsın fortepiano və orkestr üçün iki nomrəli konsertini 22 yaşlı fransız pianoçu Aleksandr Kantorov ifa edirdi. Gənc musiqiçi 16 yaşından beynəlxalq musiqi festivallarına dəvət olunur. Müxtəlif ölkələrin mili orkestrləri ilə çıxış edən pianoçu Aleksandr Safran Fondunun laureatıdır.

X Beynəlxalq Rostropoviç Festivalı aprel ayının 27-nə kimi davam edəcək.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (25.05.2019) :
Azbuludlu Gecə : +16+18 | Gündüz: +25+27
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.702

Rubl:
Alış: 0.0245 | Satış: 0.0264

Avro:
Alış: 1.8492 | Satış: 1.9099
AzTV TƏQDİM EDİR