Siyasət

Milli Məclis bir sıra qanunlara təklif edilən dəyişiklikləri məqbul sayıb

23-04-2019 | 15:51        

  

Milli Məclisin iclasında bir sıra qanuna təklif edilən dəyişikliklər müzakirə olunub. İclasda “Standartlaşdırma haqqında” yeni qanun layihəsi də ikinci oxunuşda qəbul edilib.

Milli Məclisin plenar iclasında gündəliyin müzakirəsi zamanı millət vəkilləri müxtəlif məsələlərdən bəhs etdilər. Millət vəkilləri BMT-nin rəsmi saytında qondarma Dağlıq Qarabağ respublikasının hesabatının  yerləşdirilməsinə etirazlarını bildirdilər. Qeyd edildi ki, Ermənistanın növbəti təxribatı törədərək qondarma Dağlıq Qarabağ respublikasının hesabatını BMT-nin rəsmi saytında yerləşdirməsi qurumun nizamnaməsinin kobud şəkildə pozulmasıdır. BMT-nin İnsan Haqları Şurası bununla öz mandatından kənara çıxıb. Bununla əlaqədar müvafiq qurumların məsələyə münasibət bildirməsi vacib sayıldı. İclasın gündəliyinə 19 məsələ salınmışdı. Əvvəlcə İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına yeni üzvlərin seçilməsi məsələsinə baxıldı. Milli Məclisə daxil olan müraciətdə Yayım Şurasına idman federasiyaları, dini konfessiyalar və yaradıcı təşkilatlar tərəfindən irəli sürülən və üzv seçilmiş şəxslərin səlahiyyət müddətinin 19 aprel 2019-cu ildə başa çatması ilə əlaqədar beş nəfər yeni namizəd irəli sürülmüşdü. Müzakirələrdən sonra Yayım Şurasına səsvermə ilə idman federasiyalarından Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının prorektoru Yusif Babanlı, dini konfessiyalardan Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Salman Musayev, yaradıcılıq təşkilatları tərəfindən Azərbaycan Bəstəkarlar İttifaqının katibi Zemfira Qafarova seçildi. İclasda “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti”, “Əmək pensiyaları” haqqında qanunlara və daha bir neçə sənədə təklif edilən dəyişikliklərə baxıldı və məqbul sayıldı. Kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin pensiya təminatının yaxşılaşdırılması məqsədi ilə təklif edilən dəyişikliyə əsasən kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin hərbi qulluqçuları sərəncamdan tərxis olunarkən onların pensiyası sərəncama götürüldüyü günə aldıqları pul təminatından hesablanacaq. İclasda “Standartlaşdırma haqqında” yeni qanun layihəsi də ikinci oxunuşda qəbul edildi.

5 fəsil və 26 maddədən ibarət qanun standartlaşdırmanın məqsəd və prinsiplərini, standartlaşdırma sahəsində normativ sənədlərin hazırlanması, qəbulu və tətbiqini, bu sahədə fəaliyyətin maliyyələşdirilməsi mənbələri və digər məsələləri müəyyənləşdirəcək.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (25.05.2019) :
Azbuludlu Gecə : +16+18 | Gündüz: +25+27
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.702

Rubl:
Alış: 0.0245 | Satış: 0.0264

Avro:
Alış: 1.8492 | Satış: 1.9099
AzTV TƏQDİM EDİR