Analitika

Ölkəmizdəki demoqrafik artım dünya mediasında davamlı inkişafın göstəricisi kimi şərh olunur

19-04-2019 | 16:13        

  

Azərbaycan əhalisinin artımına, artıq 10 milyonuncu vətəndaşımızın dünyaya gəlməsinə dünyanın müxtəlif ölkələrinin KİV-lərində diqqət ayrılıb. Media orqanları demoqrafik artımı ölkəmizin iqtisadi inkişafının, sosial məsələlərin uğurla həll edilməsinin və sabitliyin göstəricisi kimi şərh edirlər.  

Beləliklə, həftə ərzində müxtəlif media orqanlarında bu məzmunda yerləşdirilmiş materilların xülasəsini nəzərdən keçirək.

“The Diplomat in Spain”: 

“Qız uşağının doğulması ilə Azərbaycan əhalisinin sayı 10 milyona çatdı”

“The Diplomat in Spain” jurnalının elektron versiyasında “Qız uşağının doğulması ilə Azərbaycan əhalisinin sayı 10 milyona çatdı” adlı məqalə yayılıb.
Məqalədə ölkənin paytaxtı Bakıda aprelin 6-da qız uşağının dünyaya gəlməsi ilə Azərbaycan əhalisinin 10 milyon nəfərə çatması qeyd olunur.
Jurnalda diqqətə çatdırılır ki, Azərbaycanda son illərdə əhalinin daimi artımı müdrik və uzaqgörən lider İlham Əliyev tərəfindən ölkədə iqtisadi inkişafın, sabitliyin möhkəmləndirilməsi və sosial təminatın gücləndirilməsi istiqamətində aparılan böyük işlərin nəticəsidir. Prezident İlham Əliyev tərəfindən xüsusən bu ilin ilk aylarında həyata keçirilən sosial islahatlar dayanıqlı inkişaf kontekstində müsbət demoqrafik şərait yaradıb və Azərbaycan əhalisinin artım tempinin dəstəklənməsini təmin edib.
2000-ci ildə Azərbaycanın əhalisi 7,7 milyon nəfər olub. Bu göstərici 2009-cu ildə 9 milyon nəfəri keçib, bununla yanaşı, əhalinin artım tempi 0,8 faiz təşkil edib.

 “The Jakarta Post”: 

“Həftənin söhbəti: Azərbaycan 10 milyon klubuna daxil oldu”

İndoneziyanın ingilis dilində nəşr edilən nüfuzlu “The Jakarta Post” qəzeti Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi barədə xüsusi məqalə dərc edib.
Qəzetin internet versiyasında yerləşdirilən məqalə “Həftənin söhbəti: Azərbaycan 10 milyon klubuna daxil oldu” adlanır. Bildirilir ki, aprelin 6-da Bakıdakı xəstəxanada dünyaya gələn Mehriban Həsənova Azərbaycanın 10 milyonuncu vətəndaşı olub.
Məqalədə bu xəbərin ölkə əhalisi tərəfindən böyük sevinclə qarşılandığı və Azərbaycanın 10 milyon əhalisi olan ölkələr klubuna daxil olması ilə əlaqədar hər yerdə bayram tədbirlərinin keçirildiyi vurğulanır.
Ölkəmizin İndoneziyadakı müvəqqəti işlər vəkili Ruslan Nəsibovun sözlərini sitat gətirən qəzet yazır: “Aprelin 6-da Bakıda Mehriban Həsənovanın dünyaya gəlməsi ilə biz 10 milyon əhalisi olan ölkəyə çevrildik. Bununla biz əhalisinin sayına görə dünyanın 90-cı ölkəsi olduq”.
Vurğulanır ki, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycan xalqını və yeni doğulan Mehribanın valideynlərini təbrik ediblər. Prezident İlham Əliyev şəxsən körpənin valideynləri ilə görüşüb.
Məqalədə ölkəmiz haqqında verilən əlavə məlumatda Azərbaycanın Cənubi Qafqaz regionunun ən böyük dövləti olduğu, İndoneziya ilə sıx dostluq münasibətləri saxladığı və burada,əsasən,müsəlmanların yaşadığı qeyd edilib. Bildirilib ki, həm Azərbaycan, həm də İndoneziya Qoşulmama Hərəkatının və İslam Əməkdaşlıq Təşkilatının üzvləridir, həmçinin müxtəlif  beynəlxalq forumlarda sıx əməkdaşlıq edirlər.

“Məhde təməddon”:

“Azərbaycan Respublikasının 10 milyonuncu vətəndaşı ölkənin uğur yolunun göstəricisi”

İranda nəşr olunan “Məhde təməddon” (Mədəniyyət beşiyi) qəzetində də “Azərbaycan Respublikasının 10 milyonuncu vətəndaşı ölkənin uğur yolunun göstəricisi” sərlövhəli məqalə dərc olunub.
Məqalədə qeyd edilir ki, 10 milyonuncu sakinin dünyaya gəlişi hər bir Azərbaycan vətəndaşı tərəfindən böyük sevinc və iftixar hissi ilə qarşılanıb. Azərbaycan əhalisinin demoqrafik inkişafı Prezident İlham Əliyev tərəfindən həyata keçirilən sosial siyasətin, aparılan yenidənqurma işlərinin, xalqın rifahı naminə mövcud resurslardan və bütün innovativ imkanlardan istifadə olunaraq yeni növ xidmətlərin göstərilməsindən əhəmiyyətli dərəcədə asılı olub.
Humanitar siyasətin məqsədəuyğun şəkildə aparılması, səhiyyə ocaqlarının müasir tələblərə cavab verməsi, ailə-məişət qayğılarının həllində, təhsil və digər sahələrdə dövlət dəstəyinin göstərilməsi nəticəsində gənc ailələrin gələcəyə inamı daha da artır.
Nəzərə çatdırılıb ki, Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci il mayın 28-də elan olunanda əhalinin sayı 1,9 milyon, 1991-ci ildə müstəqillik bərpa olunanda isə 7,2 milyon nəfər olub. 2019-cu ildə əhalinin sayının 10 milyona çatması beynəlxalq və regional müstəvidə qüdrətli duruşa sahib olan, günü-gündən inkişaf edən Azərbaycan Respublikasının uğurlar silsiləsinin bir parçasıdır.

"The Seoul Times":

“İşsizlik və yoxsulluq səviyyəsi xeyli aşağı salınıb, iqtisadiyyat 3 dəfə artıb”

Cənubi Koreyada ingilis dilində nəşr olunan "The Seoul Times" qəzeti də Azərbaycan əhalisinin sayının 10 milyona çatması barədə geniş məqalə təqdim edib.
Qəzet Azərbaycanda əhalinin sayının çoxalmasını ölkədə davamlı sosial-iqtisadi inkişaf və əhalinin rifahının yaxşılaşması ilə əlaqələndirib. Ölkədə həyata keçirilən hərtərəfli islahatlar əhalinin güzəranının yaxşılaşmasına müsbət təsir göstərib. Son 15 ildə ölkədə görülmüş işlər nəticəsində işsizlik və yoxsulluq səviyyəsi xeyli aşağı salınıb, iqtisadiyyat 3 dəfə artıb.
Qeyd olunub ki, Azərbaycanda həyata keçirilən islahatlar beynəlxalq maliyyə təşkilatları, o cümlədən Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf  Bankı tərəfindən yüksək qiymətləndirilib. Dünya İqtisadi Forumunun hesablamalarına əsasən,Azərbaycan iqtisadi rəqabətliliyə görə dünyada 35-ci yerdədir.

“www.zeitung.ch” portalı:

“Hökumətin düzgün demoqrafik siyasətinin və ölkənin davamlı iqtisadi inkişafının nəticəsi”
İsveçrənin “www.zeitung.ch” portalında “Azərbaycan sakinlərinin sayı 10 milyon nəfərə çatıb” sərlövhəli məqalə verilib. Qeyd edilib ki, 1897-ci ildə Azərbaycanda əhalinin sayı 1,807 milyon nəfər, Birinci Dünya Müharibəsindən əvvəl isə (1913-cü il) 2,339 milyon nəfər olub. Dünya müharibəsi, azərbaycanlılara qarşı soyqırımı, xarici müdaxilələr ölkə əhalisinin sayına mənfi təsir göstərib və 1920-ci ildə əhalinin sayı 1,952 milyon nəfərə düşüb. Məqalədə, həmçinin 1948-1953-cü illərdə Ermənistandan 150 min azərbaycanlının Azərbaycana deportasiyası, Ermənistanın Azərbaycana hərbi müdaxiləsi, həmçinin 1988-ci ildə bu ölkədəki azərbaycanlıların son nəfərədək qaçqına çevrilməsi nəticəsində Azərbaycanda demoqrafik mənzərənin dəyişdiyi diqqətə çatdırılıb.
Xüsusilə qeyd edilir ki, 1999-cu ildə Azərbaycan Prezidentinin Sərəncamı ilə “Azərbaycan Respublikasının Demoqrafik İnkişaf  Konsepsiyası”nın təsdiq edilməsi və 2004-cü ildə “Azərbaycan Respublikasında demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı”nın qəbulu ölkədə əhalinin artımına müsbət təsir göstərib. Bu addımlar nəticəsində ölkə əhalisinin sayı 2003-2018-ci illər ərzində 1,8 milyon nəfər artıb.
Sonda qeyd edilir ki, Azərbaycan əhalisinin sayının sürətli artımı hökumətin düzgün demoqrafik siyasətinin və ölkənin davamlı iqtisadi inkişafının nəticəsidir. Sosial və iqtisadi sahələrdəki geniş islahatlar əhalinin maddi rifah halının yüksəldilməsinə hədəflənib və bununla da,Azərbaycan  BMT-nin qlobal davamlı inkişaf konsepsiyasına öz töhfəsini verir.

“AGERPRES”:
“Hökumətin məqsədi ölkənin sosial-iqtisadi inkişafı ilə əhalinin rifahını artırmaqdır”

Rumıniyanın “AGERPRES” xəbər agentliyi də Azərbaycanın on milyonuncu sakininin dünyaya gəlməsinə diqqət ayırıb və demoqrafik artımı uğurlu sosial siyasətin nəticəsi kimi şərh edib.
Saytın bununla bağlı yazısında vurğulanır ki, Azərbaycan hökumətinin əsas məqsədləri yoxsulluğun azaldılmasında və həyat səviyyəsinin yüksəldilməsində uğurlar qazanmaq, ölkənin sosial-iqtisadi inkişafı ilə əhalinin rifahını artırmaqdır.

“Huriya Media” və “Əl-Yəqin” qəzetləri:

“Azərbaycanda  fundamental islahatlar aparılır”

Ölkəmizdəki demoqrafik artıma Mavritaniya İslam Respublikasının “Huriya Media” və “Əl-Yəqin” qəzetlərində də diqqət ayrılıb. Qəzetlərdə Azərbaycanın Mərakeşdəki səfiri Oktay Qurbanovun müəllifliyi ilə “Azərbaycan 10 milyonuncu vətəndaşının anadan olmasını qeyd edir” sərlövhəli məqalə dərc edilib.

Yazıda diqqətə çatdırılır ki, 1991-ci ildə müstəqilliyini əldə etdikdə Azərbaycanın əhalisi 7,2 milyon nəfər təşkil edirdi. Müstəqilliyinin ilk illərində Azərbaycan xalqı çətin problemlərlə üzləşdi. Ermənistanın təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizi işğal edildi, etnik təmizləmə siyasəti nəticəsində isə bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. Həmçinin SSRİ-nin dağılması səbəbindən iqtisadi və ticarət əlaqələri pozulmuşdu. Yalnız 1993-cü ildə xalqımızın ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkə tədricən bu böhrandan çıxmağa başladı, ölkədə ictimai və siyasi sabitlik bərqərar olundu, milli birlik təmin edildi və ölkə həyatının bütün sahələrində yenidənqurma işlərinə başlanıldı.
Məqalədə vurğulanır ki, bu gün əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş strateji inkişaf və hərtərəfli islahatlar kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daxili inkişafın bir sıra əsas parametrlərini, o cümlədən makroiqtisadi sabitlik, sürətli iqtisadi inkişaf, müsbət demoqrafik vəziyyət və effektiv dövlət idarəçiliyini gücləndirib.
Azərbaycan xalqının həmişə öz liderinə güvəndiyini və ona ən güclü dayaq olduğunu vurğulayan müəllif yazıda Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər ərzində Azərbaycanda bütün sahələrdə aparılan fundamental islahatlardan da bəhs edib. Vurğulanır ki, 10 milyonuncu sakininin dünyaya gəlişi Azərbaycan dövlətinin insan kapitalını ölkənin əsas xəzinəsi kimi qiymətləndirməsinin göstəricisidir.
Qeyd olunur ki, Azərbaycana, Türkiyəyə və Gürcüstana qarşı əsassız ərazi iddiaları səbəbindən Ermənistan əsas geoiqtisadi layihələrin icrasının xaricində qalıb. Əhalinin sayının azalması fonunda özünü təcrid etmiş Ermənistan xalqını iqtisadi inkişafdan və tərəqqidən məhrum edir. Bununla yanaşı, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin Ermənistan tərəfindən işğalının davam etməsi Ermənistanı iqtisadi artım və regionda ticarət imkanlarından məhrum edir, eyni zamanda, bölgənin davamlı inkişafına mənfi təsir göstərir. Azərbaycan torpaqlarının hərbi işğalı heç vaxt Ermənistanın istədiyi siyasi nəticəni verməyəcək. Münaqişənin həlli yalnız beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində Azərbaycanın suverenliyi və ərazi bütövlüyü əsasında mümkündür.

Vüsal Məmmədov

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (23.05.2019) :
Azbuludlu Gecə : +16+18 | Gündüz: +25+27
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.702

Rubl:
Alış: 0.0245 | Satış: 0.0264

Avro:
Alış: 1.8492 | Satış: 1.9099
AzTV TƏQDİM EDİR