İqtisadiyyat

Gündəlik hasilat gücü 100 min barrel olan yeni platformanın 2023-cü ildə istifadəyə verilməsi planlaşdırlır

19-04-2019 | 14:55        

  

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən nəhəng Azəri-Çıraq-Günəşli yatağının işlənməsinin növbəti mərhələsi başlayır. Gündəlik hasilat gücü 100 min barrel olan yeni platformanın 2023-cü ildə istifadəyə verilməsi planlaşdırlır. “Əsrin müqaviləsi”nin 25-ci ildönümünə təsadüf edən yeni layihənin başlanması ilə 8 min yeni iş yerinin açılması nəzərdə tutulub. Bununla bağlı bu gün “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda inşası planlaşdırılan “Mərkəzi-Şərqi-Azəri” platformasının tikintisi üzrə tərəfdaşlar arasında yekun investisiya qərarı qəbul olunub.

“Azəri”, “Çıraq” yataqları və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi üzrə Rəhbər Komitə-SOCAR, BP, Chevron, INPEX, Equinor, ExxonMobil, TPAO, ITOCHU və ONGC Videsh Xəzər dənizinin Azərbaycan sektorunda yeni yatağın işlənməsinin növbəti mərhələsi olan “Mərkəzi-Şərqi Azəri” layihəsini təsdiqlədi.  6 milyard dollarlıq layihəyə yeni dəniz platformasının tikintisi və gündəlik 100 min barrel neft hasilatını təmin edəcək qurğuların inşası daxildir. Platformanın istismar müddəti ərzində 300 milyon barrel neftin hasil olunması proqnozlaşdırılır. İlk hasilatın 2023-cü ildən başlaması planlaşdırılır. Yeni müqavilənin “Əsrin Müqaviləsi”nin imzalanmasından 25 il sonraya təsadüf etdiyini xatırladan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bildirdi ki, ötən müddətdə Azəri-Çıraq-Günəşli sahəsinin işlənməsinə ümumilikdə  36 milyard dollardan çox  investisiya qoyulub. Bu gün isə ölkəmiz Azəri-Çıraq-Günəşli yataqlar blokunun inkişafının daha bir mühüm mərhələnin astanasındadır. Ötən onilliklərdə Azərbaycanın neft gəlirləri ölkədə yüksək ixtisaslı işçi qüvvəsinin və müasir sənaye obyektlərinin inkişafına yönləndilib. Azərbaycanda bu gün dünya standartlarına cavab verən peşəkar işçi qüvvəsi, zavodlar, istehsalat və quraşdırma kompleksləri, gəmilər var. Bu imkanlar yeni “Mərkəzi-Şərqi Azəri” platformasının məhz ölkə daxilində Azərbaycan mütəxəssisləri tərəfindən tikilməsi və quraşdırılması üçün şərait yaradıb.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Cons isə bildirdi ki, layihə çərçivəsində  3 milyard barreldən çox əlavə neftin hasil olunması gözlənilir. Bu strateji qərar Azərbaycanın enerji təchizatçısı kimi regional və dünya bazarlarında mövqelərinin daha da güclənməsinə təkan verəcək.

Yeni layihə üzrə tikinti işlərinə bu il başlanacaq və 2022-ci ilin ortalarına qədər davam edəcək, tikinti prosesində yerli işçi resurslarından istifadə olunacaq. Ekspertlər də hesab edir ki, ötən müddətdə neft-qaz sənayesinin inkişafında Azərbaycanda qurulan müasir infrastruktur, yerli şirkətlərin işçi payının artmasına da imkan yaradır.

Layihə çərçivəsində dənizin təxminən 140 metr dərinliyində, mövcud “Mərkəzi Azəri” və “Şərqi Azəri” platformalarının arasında yeni 48 şaxtalı hasilat, qazma və yaşayış platforması quraşdırılacaq. Platformadan əldə olunacaq neft və qaz məhsulunun Səngaçal terminalına qoşulan mövcud AÇG-2 ixrac kəmərinə ötürülməsi məqsədi ilə yeni yataqdaxili sualtı boru kəmərləri də inşa ediləcək.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (23.05.2019) :
Azbuludlu Gecə : +16+18 | Gündüz: +25+27
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.702

Rubl:
Alış: 0.0245 | Satış: 0.0264

Avro:
Alış: 1.8492 | Satış: 1.9099
AzTV TƏQDİM EDİR