Analitika

Bakı yenidən idman paytaxtına çevrilir

17-04-2019 | 17:25        

  

Mötəbər beynəlxalq idman tədbirlərinin təşkilatçılığı baxımından artıq xeyli təcrübə qazanmış Azərbaycan bir neçə gün sonra daha bir idman yarışına evsahibliyi edəcək.

Üç il öncə dünyada 500 milyondan çox azarkeşi olan “Formula-1” Qran-prisinə qapı açan Bakı artıq bu yarışların təşkilində də əhəmiyyətli təcrübəyə malikdir. Həyata keçirilən hazırlıq işləri demək olar ki, yekunlaşmaq üzrədir.

Arayış:
“Formula-1” dairəvi və sürətli avtoyürüş üzrə dünya çempionatıdır. 1950-ci ildən başlayaraq hər il keçirilən bu yarışın müxtəlif şəhərlərdə Qran-pri mərhələləri təşkil olunur. Bu mərhələlərdə toplanan xallara əsasən pilotlar və komandalar ilin sonunda çempionluq titulu qazanırlar. Onu da qeyd edək ki, bolid adlandırılan müasir “Formula-1” avtomobilləri bir sıra özəllikləri ilə fərqlənir. Onlar təkadamlıq olur, üstəlik, sürücü yeri və təkərləri açıqdadır. Komandalar avtomobilləri özləri istehsal etsələr də, hər biri tanınmış avtomobil markalarının motorlarını, yağını və ya istehsal etdiyi digər detalları istifadə edirlər.

Bakı treki hazırdır

Bakı trekini əhatə edən tribunaların quraşdırılmasına, asfalt örtüyün yarışa hazır vəziyyətə gətirilməsi məqsədilə təmir-bərpa işləri demək olar ki, sona çatıb. Trek ətrafındakı tribunaların sayının 9 olması nəzərdə tutulub. Ümumi tamaşaçı tutumu (ayaqüstü zonalar daxil olmaqla) 30 minə yaxındır. Trekin ən geniş yeri 13 metrdir, ən dar hissəsi isə 7,6 metrdir. Bu hissə trekin Qoşa qala divarlarının yanından keçən qismində yerləşir. Həm start xətti, həm də finiş xətti Azadlıq meydanının Abşeron tribunasının qarşısına düşən hissəsindədir. Trekdə 20 döngə var.

Beynəlxalq diqqət ölkəmizə yönəlir

İlk öncə qeyd edək ki, yarışın 5 il ərzində ölkəmizdə keçirilməsi ilə bağlı qərar beynəlxalq miqyasda Azərbaycana olan etimadın ifadəsidir. Artıq hər kəs üçün aydındır ki, ölkəmiz bu cür tədbirlərin təşkilində böyük təcrübəyə, səriştəyə malikdir.
Azərbaycan Qran-prisi ardıcıl olaraq 2 il beynəlxalq media və "Formula-1” azarkeşləri tərəfindən "İlin ən yaxşı Qran-prisi” adına layiq görülüb.
Yarışların ölkəmizdə keçirilməsi beynəlxalq diqqətin Azərbaycana yönəlməsi, ölkəmiz barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından olduqca mühüm əhəmiyyət kəsb edir. Yarış maşınları üçün hərəkət marşrutu elə qurulub ki, yollar paytaxtın tarixi hissələrindən keçir. Bu isə dünyanın ən nüfuzlu KİV-ləri vasitəsilə paytaxtımızın gözəlliklərinin dünyaya çatdırılması deməkdir.
Sürət festivalı "Formula One Management” (FOM) təşkilatının rəsmi yayım tərəfdaşlarının vasitəçiliyi ilə 200-dən çox ölkədə yayımlanacaq. Azərbaycanda isə "F1” yarışlarının canlı yayımını "İdman Azərbaycan” telekanalı təmin edəcək.
Yarışları izləmək üçün ölkəmizə gələn media nümayəndələri buradan yalnız yarışlar barədə informasiya və reportajlar yox, paytaxtımızdan böyük təəssürat və məlumatlar aparırlar. Bu təəssürat şübhəsiz ki, sonralar onların yazılarına, materiallarına sirayət edir. Bütün bunlar isə ölkəmizin beynəlxalq miqyasda imicinə təsir edən amillərdir.

Turist axını kapital axını deməkdir

İqtisadiyyatın diversifikasiyasını, qeyri-neft sektorunun inkişafını prioritet elan edən Azərbaycan üçün turizm sektoru strateji sahədir. Bu sahədəki potensialın tam realizəsi, dünyaya çatdırılması, ölkəmizin cəlbedici turist marşrutuna çevrilməsini təmin etmək məqsədilə aparılan işlərə, şübhəsiz ki, bu cür tədbirlər də əhəmiyyətli dərəcədə təsir göstərir.
Birinci və ikinci Qran-prinin ölkəmizə gətirdiyi birbaşa və dolayı faydaları yoxlamaq məqsədilə "PwC” şirkəti tərəfindən aparılan hesablamalar nəticəsində məlum olub ki, 2016-cı və 2017-ci il Qran-prilərindən ölkəmizə gələn ümumi gəlirlərin məbləği 277 milyon dollar təşkil edib.
2018-ci il mövsümündə "Formula-1” avtomobil yarışlarının Azərbaycan mərhələsini izləyənlərin sayında 31,6 faiz artım müşahidə olunmuşdu. Bu statistika ölkəmizə və burada keçirilən yarışa artan marağın göstəricisidir.

Vüsal Məmmədov

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (25.05.2019) :
Azbuludlu Gecə : +16+18 | Gündüz: +25+27
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.702

Rubl:
Alış: 0.0245 | Satış: 0.0264

Avro:
Alış: 1.8492 | Satış: 1.9099
AzTV TƏQDİM EDİR