İqtisadiyyat

TANAP-ın Əskişəhərdən Yunanıstan sərhədinə qədər hissəsinin qazla doldurulmasına başlanılıb

17-04-2019 | 07:52        

  

TANAP təbii qaz boru kəmərinin Əskişəhərdən Yunanıstan sərhədinə qədər olan hissəsinin qazla doldurulmasına başlanılıb.

TANAP-ın Avropaya qaz nəqlini nəzərdə tutan ikinci fazası üzrə tikinti işlərinin 99,5 faizi başa çatıb. Boru kəmərinin Əskişəhərə qədər olan hissəsinin istismarı, Yunanıstan sərhədinə qədər olan hissəsinin isə inşası üzrə aparılan işlər qrafiki qabaqlayaraq irəliləməkdədir. Tikintinin qurudakı hissəsi tamamlanıb və həmin hissədə yekun sazlama işləri aparılır. Boru kəməri bu il “Trans-Adriatik” (TAP) qaz boru kəmərinə birləşmək üçün hazır olacaq. Bu barədə məlumat verən Cənub Qaz Dəhlizi QSC-nin Baş direktorunun müavini Rəşad Mustafayev bildirir ki, ötən gün yoxlama məqsədi ilə sistemə texniki qaz vurulub. 

TANAP Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyəyə və Avropaya nəql edəcək Cənub Qaz Dəhlizi layihəsinin üçüncü seqmentidir. Xatırladaq ki, keçən il iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəməri istifadəyə verilib. Türkiyəyə ilk qaz həcmlərinin nəqli isə planlaşdırıldığı kimi iyunun 30-da başlayıb. Ötən il iyunun 30-dan bu il fevralın 28-dək TANAP-la ümumilikdə 1 milyard 250 milyon kubmetr təbii qaz Türkiyəyə çatdırılıb. İyunun sonunadək bu həcm 2 milyard kubmetr, 2019-cu ilin axırına kimi isə 4 milyard kubmetrə çatacaq. Kəmərin mövcud ötürücülük qabiliyyəti hazırda 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması nəzərdə tutulur.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (25.05.2019) :
Azbuludlu Gecə : +16+18 | Gündüz: +25+27
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.702

Rubl:
Alış: 0.0245 | Satış: 0.0264

Avro:
Alış: 1.8492 | Satış: 1.9099
AzTV TƏQDİM EDİR