Siyasət

Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfrans öz işini davam etdirir

15-04-2019 | 16:02        

  

“Azərbaycanın Ermənistanın işğalı altındakı ərazilərindən narkotik vasitələrin istehsalı və tranziti üçün istifadə edilməsi narkobiznesin və beynəlxalq terrorizmin genişlənməsinə münbit şərait yaradır”. Bakıda keçirilən Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransda bu məsələ gündəmə gətirilib. 

“Qlobal tərəfdaşlıqların səfərbər edilməsi” mövzusuna həsr olunan Bakı konfransının məqsədi narkotiklərin qanunsuz dövriyyəsinə qarşı qlobal mübarizəyə cəlb edilən yüksək vəzifəli rəsmiləri bir araya gətirmək, bu bəşəri problemin həlli yollarını müzakirə etmək, fikir və qabaqcıl təcrübə mübadiləsi aparmaqdır. Dünyanın 150-dən çox ölkəsindən 500-ə yaxın  nümayəndənin iştirak etdiyi beynəlxalq konfrans narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı mövcud olan müasir mübarizə üsullarından mütəxəssislərin bəhrələnməsinə şərait yaradır. Əvvəlcə fəxri qarovul dəstəsi Amerika Birləşmiş Ştatlarının və Azərbaycan Respublikasının dövlət bayraqlarını salona gətirdi. Sonra narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə həlak olan şəxslərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra ABŞ-ın və Azərbaycanın dövlət himnləri səsləndirildi. Baş nazir Novruz  Məmmədov bu konfransın narkotiklərin qanunsuz dövriyyəsi və çirkli pulların yuyulması ilə mübarizədə beynəlxalq təcrübənin öyrənilməsinə, müvafiq sahədə əməkdaşlığın daha da güclənməsinə öz töhfəsini verəcəyinə əminliyini bildirdi. Qeyd etdi ki, beynəlxalq səviyyədə narkotiklərə qarşı mübarizə sahəsində ixtisaslaşan qurumları və ekspertləri bir araya gətirən qlobal əhəmiyyətli bu tədbirin Bakıda keçirilməsi Azərbaycanın narkotiklərə qarşı mübarizədə beynəlxalq əməkdaşlığına verilən qiymətdir. Bildirildi ki, Prezident İlham Əliyevin ötən il imzaladığı sərəncamla bu konfransın Bakıda keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb. Novruz Məmmədov dövlət başçısının rəhbərliyi ilə Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirilən işlərdən danışdı. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsnə toxunan baş nazir qeyd etdi ki, işğal altındakı ərazilərimizdən narkotik vasitələrin istehsalı və tranziti üçün istifadə olunur.

Baş nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov isə bildirdi ki, beynəlxalq əməkdaşlığın gücləndirilməsi, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə dair mühüm məsələlərin müzakirəsi, təcrübə və məlumat mübadiləsi baxımından Konfransın mühüm əhəmiyyəti var. Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev isə narkotik vasitələrin qanunsuz dövriyyəsinin milli, regional və beynəlxalq səviyyələrdə cinayət növü kimi qəbul olunmasının əhəmiyyətinə toxundu, bu problemin həllinin beynəlxalq əməkdaşlıq tələb edən ümumi məsuliyyətə çevrildiyini dedi. Prezident İlham Əliyevə tədbirin yüksək səviyyədə təşkilinə və göstərilən dəstəyə görə minnətdarlığını bildirən ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqer konfransın vacibliyini vurğuladı. Qeyd etdi ki, Azərbaycan bu istiqamətdə beynəlxalq əməkdaşlığa mühüm töhfə verir. Səfir ölkəmizin ABŞ-ın etibarlı tərəfdaşı olduğunu vurğuladı. Diqqqətə çatdırdı ki, mühüm geosiyasi məkanda yerləşən Azərbaycanda nəqliyyat infrastrukturunun müasirləşdirilməsi ölkədə digər sahələrlə yanaşı, iqtisadiyyatın və ticarətin inkişafına da mühüm töhfə verib. Diplomat konfransın narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə əməkdaşlığın gücləndirilməsi, yeni tərəfdaşlıqların qurulması baxımından əhəmiyyətinə toxundu. Aprelin 17-dək davam edəcək Bakı konfransında Azərbaycan paytaxtından dünyaya yeni mesajlar veriləcək.

KİV nümayəndələri üçün keçirilən mətbuat konfransında bildirildi ki, tədbirdə dünya təcrübəsini bölüşmək, informasiya mübadiləsi aparmaq, bu mübarizədə istifadə olunan qabaqcıl texnologiyalarla tanışlıq imkanı yaradılır.

Konfrans ayın 17-dək davam edəcək.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (20.04.2019) :
Azbuludlu Gecə : +5+7 | Gündüz: +9+11
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0249 | Satış: 0.026

Avro:
Alış: 1.8926 | Satış: 1.9489
AzTV TƏQDİM EDİR