Analitika

İnkişafın yeni mərhələsi

12-04-2019 | 16:10        

  

Ölkəmizdə son prezident seçkilərindən 1 il ötür. Tarixi əhəmiyyət kəsb edən seçkilərdə Azərbaycan xalqı ölkəmizin dinamik inkişafını təmin edən, onu nəinki regionun lider dövlətinə çevirən, beynəxalq miqyasda söz sahibi edən, öz inkişaf templərinə görə dünya liderləri sırasına çıxaran İlham Əliyevə etimad göstərdi.

Ötən bir il də təsdiqlədi ki, seçim tamamilə məntiqlidir, Azərbaycan xalqı tərəqqiyə, parlaq gələcəyə səs verib.

2018-ci ilin iqtisadi göstəriciləri bu dövr ərzində hansı nailiyyətlərin əldə edilməsi barədə hər şeyi deyir: ümumi daxili məhsul 1,4 faiz olub, qeyri-neft sektoru 1,8 faiz inkişaf edib. Sənaye istehsalı 1,5 faiz, qeyri-neft sektorunda isə sənaye istehsalı 9,1 faiz artıb. İnflyasiya cəmi 2,3 faiz təşkil edib. Kənd təsərrüfatı 4,6 faiz, əhalinin pul gəlirləri 9,2 faiz artıb. Ölkə iqtisadiyyatına 17,2 milyard manat sərmayə qoyulub. Bu sərmayənin 11 milyard manatdan çoxu qeyri-neft sektoruna yatırılıb. İxrac 36 faiz artaraq 19 milyard dollara çatıb. Xarici ticarət balansında müsbət saldo 8,6 milyard dollar təşkil edib. Valyuta ehtiyatlarımız 3 milyard dollar artaraq 45 milyard dollara bərabər olub. Xarici borc ümumi daxili məhsulun 19 faizini təşkil edir. Valyuta ehtiyatlarımız xarici borcumuzu 4-5 dəfə üstələyir. Bu il ərzində 118 min daimi iş yeri yaradılıb.

Məsələ təkcə, bu iqtisadi statistikadan ibarət deyil. Bu dövr ərzində Azərbaycan beynəlxalq miqyasda əlaqələrini şaxələndirib, eyni zamanda,beynəlxalq tranzit şəbəkəsində mühüm həlqəyə çevrilib. Azərbaycan dünya enerji bazarında mühüm iştirakçıdır və ölkəmizin öz gücü hesabına qurduğu nəqliyyat infrastrukturu ilə beynəlxalq birliyin diqqətini cəlb edir. Bu isə həm də siyasi dividentlər deməkdir.

Eyni zamanda,Azərbaycan idxalçı ölkədən ixracatçı ölkəyə çevrilir, Azərbaycanın ixrac xəritəsi həm məhsulların çeşidi, həm də ölkələrin coğrafiyası baxımından genişlənir.

Geridə qalan bir il sosialyönümlü siyasətin uğurla davam etdirilməsi və bir qədər də genişləndirilməsi ilə yadda qaldı. Dövlət başçısı bir neçə dəfə yeni islahat paketinin tətbiq olunacağını anons etmiş və həyata keçirilən bütün tədbirlərin yalnız vətəndaşın rifahının yaxşılaşdırılmasına xidmət edəcəyinə, sosialyönümlü məsələlərin prioritet olaraq qalacağını bəyan etmişdi. Xüsusilə son iki ayda islahatların, həyata keçirilən tədbirlərin sosial əhəmiyyəti diqqəti çəkir.

 

• Bu il martın 1-dən minimum əməkhaqqı 38,5 faiz (50 manat) artırılaraq 130 manatdan 180 manata yüksəldi. Bu da dövlət büdcəsindən maliyyələşən təşkilatlarda və özəl sektorda işləyən 600 min işçinin əməkhaqqının artması deməkdir. Onlardan dövlət sektorunda işləyən 450 min nəfərin əməkhaqqında 30 faiz, özəl sektorda işləyən 150 min nəfərin əməkhaqqında isə 25 faiz artım oldu.

• Ötən aydan tələbələr, magistrlar və doktorantlara verilən təqaüdlərdə də ciddi artım edilib. Belə ki, əlaçı tələbələr martın 1-dən 210 manat təqaüd alır. Xatırladaq ki, əvvəl bu kateqoriyadan olan tələbələrin təqaüdü 185 manat idi. "Ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” sənədə əsasən isə,ali təhsil müəssisələrində müvəffəqiyyət göstəriciləri əsasında dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayı martın 1-dən 16 min vahid artırıldı. Həmçinin təqaüd alan tələbələrin sayının tələbələrin ümumi sayına olan nisbətinin hazırkı 31 faizdən 2019/2020-ci tədris ilində 45 faizə, 2020/2021-ci tədris ilindən başlayaraq 50 faizdən az olmayaraq müəyyənləşdirilib. Digər sərəncama əsasən isə,doktorantura pilləsi, yəni elmlər doktoru hazırlığı üzrə doktorantlara 300 manat, fəlsəfə doktoru hazırlığı üzrə doktorantlara 180 manat, ali təhsil müəssisələrində və Milli Elmlər Akademiyasında adlı təqaüd alan tələbələrə 170 manat ödənilir. Həmçinin magistratura, bakalavriat və orta ixtisas səviyyəsi üzrə akademik göstəriciləri olanların, peşə təhsili müəssisələrinin tələbələrinin də təqaüdü yüksəldi.

Beləliklə, təqribən 100 minə yaxın tələbənin təqaüdü artırıldı.

• Sosial paket çərçivəsində imzalanan sərəncamlardan biri də məhz məcburi köçkünlərə şamil olunurdu. Fevralın 26-da imzalanmış sərəncamla bu kateqoriyadan olan əhalinin aylıq müavinətləri artırıldı. Sənədə əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləği 2019-cu il aprelin 1-dən 50 faiz artırılıb.

Dərhal xatırladaq ki, bu kateqoriyadan olan əhalinin yaşayış-məskunlaşma şəraitinin yaxşılaşdırılması üçün də ardıcıl tədbirlər həyata keçirilib və təkcə 2018-ci ildə 5903 məcburi köçkün ailəsi yeni mənzillərə köçürülüb. Həmin il şəhid ailələri və Qarabağ müharibəsi əlilləri 626 mənzillə təmin edilmiş, 2019-cu ildə isə onlara 800-ə yaxın mənzilin verilməsi nəzərdə tutulmuşdur.

• 1941-1945-ci illər Böyük Vətən Müharibəsi iştirakçılarına, İkinci Dünya Müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və "Leninqradın müdafiəsinə görə” medalı, "Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə (müharibə əlilləri istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləğinin 121 manatdan 150 manata çatdırılması barədə qərar qəbul edildi.

Sərəncam Prezident təqaüdü ilə təmin edilənlərin əhatə dairəsinin genişlənməsinə əsas yaratdı. Belə ki, sərəncamda,əsasən,I qrup əlillərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə qulluq üçün əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə I qrup əlilliyi olan şəxslərə qulluq edənlərə və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edənlərə 50 manat məbləğində Prezident təqaüdünün təsis edilməsi, müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət, habelə döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarının əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə 80 manat məbləğində təqaüdün təsis edilməsi də yer alıb. Sərəncam ümumilikdə 576,8 min nəfərə yönələn sosial müavinətlərin və Prezidentin aylıq təqaüdlərinin əhəmiyyətli dərəcədə artırılması, eləcə də həmin təqaüdlərin əhatə dairəsinin daha da genişləndirilməsi məqsədinə xidmət edir.

• Fevral ayının əvvəllərində dövlətimizin başçısı "Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” sərəncam imzalayaraq bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılmasının təmin edilməsi barədə göstəriş vermişdi. Fevralın sonunda isə pensiyaların artırılması ilə bağlı çox ciddi qərar qəbul edildi. Beləliklə, minimum pensiya 38,5 faiz artırılaraq 116 manatdan (bir sıra kateqoriyalar üzrə 80 manatdan) 160 manata çatdırıldı. Minimum pensiya məbləğinin artırılması ümumilikdə 233 min pensiyaçını, o cümlədən 140 min nəfər əlilliyə görə pensiya alan şəxsi əhatə edir. Bu artım nəticəsində pensiyası artan 233 min nəfərdən 9 min nəfərin pensiyası 93 faiz (75 manat), 26 min nəfərin pensiyası 30 faiz (37 manat), 74 min nəfərin pensiyası 16 faiz (27 manat), 80 min nəfərin pensiyası 7 faiz (15 manat) artır. Ümumilikdə 233 min nəfərin pensiyasında ümumi orta artım 40 faizədək təşkil edir.

• Fevralın 28-də "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzalandı. Fərmana əsasən, fiziki şəxslərin banklara 10 min ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi qiymətləndirilərək Mərkəzi Bankın elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödəniləcək. Maliyyə Bazarlarına Nəzarət Palatasının son açıqlamasında isə bildirilir ki, ödənişlərə aprelin sonundan gec olmayaraq başlanılacaq. Yəni öncə deyilən vaxtdan təxminən bir ay tez.

• Bundan əlavə, yaşa görə müavinət 73 manatdan 130 manata yüksəldi. I qrup əlilliyə görə müavinət 150 manat, II qrup əlilliyə görə 130 manat, III qrup əlilliyə görə isə 110 manata çatdırıldı. Eyni zamanda,sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün verilən 82 manat 150 manata, ailə başçısını itirməyə görə ailə üzvlərinin hər biri üçün 68 manat 80 manata, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumları (himayəçiləri) üçün verilən 61 manat 100 manata, müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqları üçün 68 manat 100 manata, beşdən çox uşağı olan qadınların hər uşağı üçün 33 manat 55 manata, uşağın anadan olmasına görə 109 manat 200 manata, dəfn üçün ödənilən 146 manat sosial müavinət 300 manata qaldırıldı.

İstər struktur və kadr islahatları, istər sosialyönümlü, əhalinin rifahının yaxşılaşdırılmasına yönəlmiş qərarlar, istərsə də iqtisadi sahədəki nailiyyətlər Azərbaycanın yeni inkişaf mərhələsinə çıxdığını söyləməyə əsas verir.

Vüsal Məmmədov

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (20.04.2019) :
Azbuludlu Gecə : +5+7 | Gündüz: +9+11
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0249 | Satış: 0.026

Avro:
Alış: 1.8926 | Satış: 1.9489
AzTV TƏQDİM EDİR