Rəsmi xronika

Birinci vitse-prezident Mehriban Əliyevanın Fransaya səfəri ölkələrimiz arasında münasibətlərin yeni mərhələyə keçməsinə ciddi təsir göstərəcək

22-03-2019 | 12:38        

  

Azərbaycanın beynəlxalq müstəvidə həyata keçirdiyi uğurlu siyasət onun dünya dövlətləri ilə əlaqələrinin inkişafında önəmli rol oynayır. Bu sırada Avropa ölkələri mühüm yer tutur. Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın ötən həftə Fransaya səfəri ölkələrimiz arasında münasibətlərin yeni keyfiyyət mərhələsinə keçməsinə ciddi təsir göstərəcək. Siyasi müşahidəçilər bu fikirdədirlər.

Müstəqil xarici siyasət, sürətli iqtisadi inkişaf, ortaq mənafelər və xalqların rifahına xidmət edən transmilli layihələr ölkəmizə olan marağı durmadan artırsa da, bəzən beynəlxalq münasibətlər sistemində ciddi problemə çevrilən ikili standartlar bu istiqamətdə də müəyyən süni əngəllərlə müşayət olunur. Məhz, iİkili standartları öz üzərində daha çox hiss edən respublikalardan biri olaraq Azərbaycanın xarici siyasət doktrinasında  üçtərəfli, dörtərəfli, regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqla yanaşı, bir çox ölkələrlə birbaşa, ikitərəfli təmaslar önəmli yer tutur. Bu mənada ötən həftə Birinci vitse-prezident Mehriban Əliyevanın Fransa səfəri Azərbaycanla Avropanın siyasi mərkəzi sayılan bu ölkə arasında əlaqələrin inkişafında mühüm məqamlarla yadda qaldı. Nəzərə alsaq ki, Fransa həmçinin, ATƏT-in Minsk qrupunun üç həmsədrindən biridir onda səfərin əhəmiyyəti ilə bağlı geniş təsəvvür yaranır. Digər tərəfdən iki ölkə arasında iqtisadi əlaqələr üçün də real potensial var. Yeri gəlmişkən, ikitərəfli münasibətlərin inkişafının əsas prioritetləri Mehriban Əliyevanın Fransanın baş naziri Eduard Filiplə görüşündə əsas müzakirə predmeti oldu. Birinci vitse-prezidentin Fransa Senatının sədri Jerar Larşe, Fransa Respublikasının sabiq Prezidenti Nikola Sarkozi, Fransa Milli Assambleyasının sədri Rişar Ferran, Fransanın birinci xanımı Brijit Makron, iqtisadiyyat və maliyyə naziri Brüno Lömer, habelə, “Rothschild Global Financial Advisory” şirkətinin rəhbəri David dö Rotşild ilə görüşləri də Azərbaycan-Fransa əlaqələrinin gələcək hədəflərini müəyyənləşdirmək  baxımından xüsusi önəm daşıdı.

Beynəlxalq ekspertlər və dünya mediasının Birinci vitse-prezident Mehriban Əliyevanın Fransa səfəri və keçirdiyi görüşlərə xüsusi diqqət ayırması da aparılan müzakirələrin effektiv, səmərəli və qarşılıqlı etimad mühitində baş tutmasından irəli gəlirdi. Məsələn, Fransa Milli Assambleyasının rəsmi saytında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın assambleyanın sədri Rişar Ferranla görüşü barədə məlumat yerləşdirilib. Məqalədə qeyd olunur ki, səfər zamanı Fransa rəsmiləri ilə keçirilən görüşlər, aparılan danışıqlar siyasi, iqtisadi, mədəni və elmi sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsi, yeni istiqamətlərin müəyyənləşdirilməsi və konkret layihələrin həyata keçirilməsi ilə bağlı geniş perspektivlər açıb. Mehriban Əliyevanın səfəri Fransanın Azərbaycanla münasibətlərə böyük önəm verdiyini, ölkəmizlə əməkdaşlıqda maraqlı olduğunu bir daha təsdiqləyir.

Rusiyanın TASS İnformasiya Agentliyi də Azərbaycanın Birinci vitse-prezidentinin Fransa səfərinin yekunlarına dair geniş informasiya təqdim edib. Yazıda vurğulanır ki, Mehriban Əliyevanın Parisə səfəri xüsusi diqqət mərkəzində olub. Birinci vitse-prezidentin Fransanın birinci xanımı Brijit Makronla görüşünə istinad edın agentlik yazır ki, tərəflər Azərbaycan-Fransa əlaqələrinin inkişafından məmnunluq ifadə ediblər. Məlumatda Mehriban Əliyevanın rəhbərliyi ilə müxtəlif dövrlərdə Fransada keçirilən mədəniyyət tədbirlərinin əhəmiyyətinə də xüsusi toxunulur.

Yerli və beynəlxalq ekspertlər də media orqanlarında gedən informasiyaları təsdiq edərək Azərbaycanın Birinci vitse-prezidentinin dövlətlərarası münasibətlərdə ciddi rol oynadığını etiraf edirlər.

Mütəxəssislər bütün bunlarla yanaşı Fransa timsalında rəsmi Bakının Avropa İttifaqı ilə əlaqələri dərinləşdirmək istiqamətində əsaslı addımlar atdığını bildirirlər. Hazırda İttifaq ölkəmizin ən etibarlı və ciddi ticarət partnyorlarından biri hesab edilir. Avropa bazarı isə Azərbaycan üçün cəlbedici məkandır. Digər tərəfdən, adıçəkilən təşkilat ölkəmizdə humanizm, demokratiya və tolerantlıq istiqamətində görülən işlərə də xüsusi həssaslıq nümayiş etdirir. Birinci vitse-prezident Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti İttifaq üzvü olan ölkələrlə yüksək səviyyəli əməkdaşlığa böyük töhfə verir. Şərq və Qərb dünyaları arasında özünəməxsus mədəniyyət körpüsü rolunu oynayan Azərbaycan məhz Mehriban Əliyevanın şəxsində xristian dünyası üçün ciddi əhəmiyyət daşıyan tarixi və mədəni abidələrin bərpası istiqamətində mühüm layihələr həyata keçirir. Vatikanda Müqəddəs Sebastian, Müqəddəs Marçellinio və Pietro katakombalarının məhz ölkəmiz tərəfindən bərpa edilməsi dinlər, mədəniyyətlərarası dialoqa verilən dəyər kimi xarakterizə olunur. Bundan başqa, Mehriban Əliyevanın Azərbaycan musiqisi, qeyri-maddi irsi və mədəni incilərinin dünyada tanıdılması istiqamətində gördüyü işlər də beynəlxalq miqyasda yüksək dəyərləndirilir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirak etdiyi novruz şənlikləri milli adət-ənənələrə hörmətin ən ali nümunəsi sayıla bilər.

Bəli, Azərbaycanın birinci xanımının humanizmi, səmimiyyəti, yüksək mədəniyyəti tək beynəlxalq əməkdaşlıq hədəflərinə çatmaq üçün önəm daşımır, Mehriban Əliyevanın ölkə vətəndaşına nümayiş etdirdiyi doğmalıq, əhali ilə birbaşa təmas və onların problemlərinə həssas yanaşması insanları müstəqil dövlətimizin inkişafı naminə seçdiyi liderlər ətrafında daha sıx birləşməyə istiqamətləndirir.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (19.04.2019) :
Azbuludlu Gecə : +6+8 | Gündüz: +9+11
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0249 | Satış: 0.026

Avro:
Alış: 1.8926 | Satış: 1.9489
AzTV TƏQDİM EDİR