Analitika

VII Qlobal Bakı Forumu: Azərbaycan üçün əhəmiyyətli platfoma

15-03-2019 | 15:13        

  

Dünən VII Qlobal Bakı Forumu işinə başlayıb. Ölkəmizin paytaxtı dünya, onun gələcək inkişaf üçün əhəmiyyətli olacaq olduqca vacib tədbirə evsahibliyi edir.

Bundan əvvəl keçirilən forumlar beynəlxalq əməkdaşlıqla bağlı mühüm müzakirələrin aparıldığı platforma kimi diqqət çəkib. Budəfəki Forumun əhəmiyyəti də onun iştirakçılarının və müzakirə olunacaq məsələlərin aktuallığından aydın görünür.

Martın 16-dək davam edəcək VII Qlobal Bakı Forumunun işində 55 ölkədən 500-dən çox nümayəndə iştirak edir. “Dünyanın yeni xarici siyasəti” mövzusunda keçirilən Foruma hazırda fəaliyyətdə olan 5 prezident, 1 baş nazir, 2 baş nazirin müavini, 42 sabiq dövlət başçısı və baş nazirlər, çoxsaylı analitiklər, jurnalistlər, gənc liderlər toplaşıblar.

Forumda 10 müxtəlif sessiya zamanı iştirakçılar tərəfindən qlobal və regional əhəmiyyət daşıyan məsələlər müzakirə ediləcək. Dünyada mühüm beynəlxalq platformaya çevrilən Qlobal Bakı Forumu çərçivəsində beynəlxalq əhəmiyyət daşıyan məsələlər ətrafında fikir mübadiləsi aparılacaq. Bu mövzular arasında “Qlobal siyasətin dəyişməsində böyük güclərin rolu”, “Davamlı inkişaf çağırışları”, “Təhlükəsizlik naminə orta Şərq əməkdaşlığı”, “Müasir qərarların qəbul edilməsində elm və mədəniyyətin rolu” və digərləri var. Forumun əsas panel iclaslarından biri də gənc liderlərin qlobal siyasətdə roluna həsr olunacaq.

“Bu gün bu zalda böyük intellektual potensial var, bu da, əslində, Forumun əhəmiyyətini əks etdirir. Qlobal gündəlikdə çox sayda beynəlxalq tədbir, konfrans var. Lakin keyfiyyət iştirakçıların siyahısına, onların təcrübəsinə və intellektual potensialına görə ölçülür. Bu səbəbdən, mən düşünürəm ki, Qlobal Bakı Forumunun dünya xəritəsində nadir yeri var. Əminəm ki, qarşıdakı günlərdə müzakirə olunacaq məsələlər beynəlxalq münasibətlərin gələcəyi, dünyanın gələcəyi ilə bağlı qərar verənlərin diqqətini cəlb edəcək”.
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Forumun açılışındakı çıxışı zamanı tədbirin əhəmiyyətini şərh edərkən deyib.
Dövlətimizin başçısı qeyd edib ki, Qlobal Bakı Forumu qlobal gündəlikdə duran aktual məsələlərlə məşğul olan ən mühüm beynəlxalq platformalardan biridir.
Şübhəsiz, bu səviyyədə beynəlxalq tədbirin ölkəmizdə keçirilməsi Azərbaycanın beynəlxalq əhəmiyyətini, ona göstərilən etimadı ifadə edir. Bu gün beynəlxalq münasibətlərdə, əməkdaşlıq əlaqələrində, eləcə də regionun inkişaf ilə bağlı məsələlərdə Azərbaycanın mövqeyi həlledici rol oynayır. Hətta böyük güclər belə regionda həyata keçiriləcək layihələrdə Bakı ilə hesablaşır.
Eyni zamanda bu tədbir beynəlxalq diqqəti Azərbaycana, Azərbaycan həqiqətlərinə və ölkəmizin inkişafına yönəltmək üçün növbəti fürsətdir. Dövlətimizin başçısı bu tribunadan növbəti dəfə uğurla istifadə edərək Azərbaycanın müxtəlif sahələrdə əldə etdiyi nailiyyətlər, əməkdaşlıq perspektivləri, ölkəmizdəki sabitlik, eləcə də Azərbaycanın regiondakı sabitləşdirici və inkişafa istiqamət verən rolu barədə məlumat verdi. Və ən əsası Prezident İlham Əliyev diqqəti Dağlıq Qarabağ münaqişəsinə, münaqişənin sülh yolu ilə həlli üçün aparılan danışıqlar prosesinə yönəltdi.  Dövlət başçısı Azərbaycanın beynəlxalq hüquqa söykənən mövqeyini xatırladaraq bu münaqişənin yalnız bir həlli yolu olduğunu diqqətə çatdırdı: Azərbaycanın ərazi bütövlüyünün təmin olunması!
Prezident eyni zamanda Ermənistan tərəfinin danışıqlarının formatının dəyişdirilməsi cəhdlərinin də destruktiv yanaşma olduğunu vurğulayıb. Sitat: “Bu, tamamilə qəbuledilməz və qeyri-effektivdir. Biz bunu danışıqlar prosesini əngəlləmək cəhdi hesab edirik. Bu cür düşünən tək biz deyilik. Şadıq ki, beynəlxalq təşkilatlar bu fikri paylaşır. Bir qədər əvvəl ATƏT-in Minsk qrupunun həmsədrləri bəyanat yaydılar və faktiki olaraq Ermənistana açıq mesaj göndərdilər ki, onların danışıqlar formatını dəyişdirmək cəhdləri qəbuledilməzdir. Ondan bir neçə gün əvvəl Avropa İttifaqının yüksək rütbəli rəsmiləri eyni bəyanatla çıxış etdilər. Danışıqlar formatı uzun illər ərzində işlənib hazırlanıb və onu dəyişmək üçün birtərəfli qaydada edilən istənilən cəhd danışıqlar prosesini əngəlləmək cəhdi kimi qiymətləndirilir və bütün məsuliyyət bunu etməyə çalışan tərəfin üzərinə düşür. Bu səbəbdən, birincisi, danışıqlar formatı dəyişdirilə bilməz və ikincisi, danışıqlar nəticəyönümlü olmalıdır, sadəcə, danışıqlar xatirinə olmamalıdır. Azərbaycan bu prosesi davam etdirməyə hazırdır və danışıqların nəticəsi olaraq bizim ərazi bütövlüyümüz bərpa edilməlidir. Ərazi bütövlüyü beynəlxalq hüququn fundamental prinsipidir. Ərazi bütövlüyü ilə öz müqəddəratını təyinetmə arasındakı balans BMT-nin Nizamnaməsində, Helsinki Yekun Aktında çox aydın şəkildə izah olunub. Öz müqəddəratını təyinetmə ölkələrin ərazi bütövlüyünü pozmamalıdır. Ona görə də, münaqişə beynəlxalq hüququn normalarına, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əsasən və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir”.

 

Vüsal Məmmədov

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (19.04.2019) :
Azbuludlu Gecə : +6+8 | Gündüz: +9+11
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0249 | Satış: 0.026

Avro:
Alış: 1.8926 | Satış: 1.9489
AzTV TƏQDİM EDİR