Analitika

Paşinyanın “format oyunu” baş tutmadı

11-03-2019 | 12:11        

  

Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağın Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı aparılan danışıqlara tərəf kimi daxil etməsi cəhdi uğursuzluqla nəticələnib. Bununla bağlı Paşinyanın  Brüsseldə Avropa İttifaqının (Aİ) genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Yohannes Xanla birgə mətbuat konfransı zamanı səsləndirdiyi “Biz hesab edirik ki, Daglıq Qarabag münaqişəsinin nizamlanması üçün səmərəli format tapmaq, ilk növbədə Daglıq Qarabağın bu məsələdə iştirakını təmin etmək lazımdır” bəyanatı beynəlxalq təşkilatlar tərəfindən əks reaksiya doğurub.

Fiaskoya uğramış siyasi gediş baş naziri daxili auditoriya qarşısında da çətin vəziyyətdə qoyub.

Avropa İttifaqının (Aİ) genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Yohannes Xanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində mövcud formatın saxlanmasının vacibliyini vurğulaması erməni cəmiyyətində məyusluq yaradıb.
Prezident İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə bu məsələyə toxunub və Azərbaycanın mövqeyinin dəyişməz olduğunu və beynəlxlaq hüquqa söykəndiyini bir daha xatırladıb. Dövlətimziin başçısı Avropa İttifaqı Komissiyasının rəhbərliyi və bir sıra komissarlarının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq əsasında həll edilməsi, mövcud status-kvonun qeyri-dayanıqlı olması, danışıqların mövcud format əsasında davam etdirilməsi və danışıqlara qeyd-şərt qoyulmasının qəbuledilməzliyi barədə ictimai açıqlamalarının məmnunluq doğurduğunu və Azərbaycanın bunu dəstəklədiyini bildirdi.  Azərbaycan prezidenti qeyd etdi ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn norma və prinsipləri əsasında, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir və danışıqların formatı dəyişdirilə bilməz. Azərbaycanın münaqişənin tezliklə ədalətli həllində ən maraqlı tərəf olduğunu deyən Prezident İlham Əliyev işğal olunmuş ərazilərin azad edilməsinin danışıqlar prosesinin həmişə vacib komponenti olduğunu vurğuladı. Dövlətimizin başçısı Ermənistan tərəfindən verilən ziddiyyətli rəsmi açıqlamaların qəbuledilməz olduğunu və danışıqlar prosesinə əngəl yaratdığını qeyd edərək beynəlxalq ictimaiyyətin bunu ciddi şəkildə nəzərə almasının və Ermənistana ünvanlı bəyanatların çatdırılmasının vacibliyini qeyd etdi. bəyanatı isə Azərbaycanın qarşı tərəfin destruktiv açıqlamasına reaksiyasıdır. Dövlətimizin başçısı birmənalı şəkildə bildirib ki, münaqişənin həllində irəliləyişlərin əldə olunması və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının təmin edilməsi üçün beynəlxalq birlik tərəfindən Ermənistana ciddi təzyiqlərin göstərilməsi vacibdir.

Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər və Avropa naziri Miroslav Layçakla görüşündə də münaqişənin həlli ilə bağlı aparılan danışıqlara diqqət ayırıb. Dövlətimizin başçısı Azərbaycanın bu münaqişənin tezliklə sülh yolu ilə həllində ən maraqlı tərəf olduğunu bildirdi. Danışıqlar prosesində müəyyən dinamikanın müşahidə olunduğunu, xarici işlər nazirləri səviyyəsində dörd dəfə görüşün keçirildiyini və Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında üç dəfə söhbətin aparıldığını qeyd edən dövlətimizin başçısı Ermənistan tərəfindən substantiv danışıqların aparılması üçün hər hansı ciddi niyyətin olmadığını və Ermənistanın danışıqlar prosesini pozmağa çalışdığını bildirdi. Prezident İlham Əliyev münaqişənin həllində irəliləyişlərin əldə olunması və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının təmin edilməsi üçün beynəlxalq birlik tərəfindən Ermənistana ciddi təzyiqlərin göstərilməsinin vacibliyini qeyd etdi.

Ermənistanın baş nazirinin danışıqların format ilə bağlı qeyri-adekvat bəyanatı ATƏT tərəfindən də birmənalı qarşılanmayıb. Bəyanatdan görünür ki, həmsədrlər Paşinyanın Qarabağın tərəf kimi danışıqlar masasına qaytarılmasını tələb etməsini bildirməsinə, həmçinin Ermənistan təhlükəsizlik xidmətinin rəhbəri Artur Vanesyanın Azərbaycanın işğal edilmiş Cəbrayıl rayonunun ərazisinə gedərək "bir qarış torpaq qaytarmayacaqlarını, ərazilədi məskunlaşdıracaqlarını" bəyanatına diqqəti yönəldiblər.  
"Həmsədrlər tərəflərə yerlərdə vəziyyəti dəyişiməyi, qarşıdan gələn danışıqların nəticələri barədə əvvəlcədən danışmağı və ya bunun üçün şərait yaratmağı, digər tərəfin razılığı olmadan formatda birtərəfli dəyişikliklərin edilməsini tələb etməyi və ya hərbi əməliyyatları bərpa etməyə hazır olduqlarını göstərməyi nəzərdə tutan bəyanatlardan və hərəkətlərdən çəkinməyə çağırır",- deyə bəyanatda vurğulanır.

Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də Ermənistan rəsmilərinin vaxtaşırı belə bəyantlar verməsini danışıqlar prosesinə zərbə hesab edir. Sitat: “Biz hesab edirik ki, Daglıq Qarabag münaqişəsinin nizamlanması üçün səmərəli format tapmaq, ilk növbədə Daglıq Qarabağın bu məsələdə iştirakını təmin etmək lazımdır".
Hikmət Hacıyev deyib ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində danışıqlar formatının dəyişməzliyi, habelə status-kvonun qəbuledilməzliyi ilə bağlı Avropa İttifaqının fikirləri rəsmi Bakının mövqeyi ilə üst-üstə düşür. Bu, həm də beynəlxalq hüquq prinsiplərinin tələbidir.

“Ermənistan baş nazirinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə aparılan danışıqların formatını dəyişmək arzusu ATƏT-in Minsk Qrupunun, xüsusilə də onun Rusiya, ABŞ və Fransadan olan həmsədrlərinin fəaliyyətini məhv etmək kimi nəzərdən keçirilə bilər”.
Bunu isə Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva Ermənistan baş nazirinin Brüsselə səfəri çərçivəsində ölkəmizin işğal olunmuş ərazilərində yaradılmış separatçı rejimin danışıqlar prosesində iştirakı ilə bağlı səsləndirdiyi fikirlərə şərhində bildirib.
L.Abdullayeva deyib ki, danışıqların ATƏT-in 1992-ci il Helsinki Nazirlər Şurasının qərarı ilə təsdiq olunmuş formatını ATƏT üzv ölkələrinin konsensus qərarı olmadan dəyişmək qeyri-mümkündür: "Xatırladırıq ki, bu qərara əsasən Ermənistan və Azərbaycan münaqişənin tərəfləri, Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları isə maraqlı tərəflər qismində çıxış edirlər.
Yaxşı olardı ki, Ermənistan rəhbərliyi münaqişənin sülh yolu ilə həllinin yeni təfsirini axtarmaq üçün lüğət improvizasiyalarına vaxtını sərf etməsin. İllər ərzində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə daxil olan hər bir kəs münaqişənin həlli planının aydın şəkildə müəyyən olunduğunu bilir və bunu qəbul edir".

Vüsal Məmmədov

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (20.04.2019) :
Azbuludlu Gecə : +5+7 | Gündüz: +9+11
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0249 | Satış: 0.026

Avro:
Alış: 1.8926 | Satış: 1.9489
AzTV TƏQDİM EDİR