Siyasət

ABŞ-ın Yuta ştatının rəsmi radio kanalında ABŞ-Azərbaycan tərəfdaşlığı müzakirə olunub

07-03-2019 | 11:01        

  

Yuta ştatında səfərdə olan Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov ştatın qubernatorunun ofisinin iqtisadi inkişaf departamentinin beynəlxalq ticarət və diplomatiya üzrə regional direktoru Frans Kolb ilə qubernatorun ofisinin radiosunun “Business Elevated” verilişinin növbəti yayımında çıxış edib. Qeyd etmək lazımdır ki, səfir E.Süleymanov sözügedən verilişdə çıxış edən ilk xarici ölkə səfiri olub.

Dəvətə görə minnətdarlığını bildirən səfir əsrarəngiz təbiəti, mehriban insanları ilə fərqlənən ştatın həm də müxtəlifliyinin, zəngin mədəniyyətinin və mətbəxinin diqqət çəkməsini vurğulayıb. Səfir çoxmillətli tələbə auditoriyasına malik Yuta Universitetində Ermənistan-Azərbaycan münaqişəsi, Xocalı faciəsi barəsində mühazirə ilə çıxış etdiyini bildirib, burada təhsil alan tələbələrin açıq fikirli olmasının məhz Yutanın yaratdığı şəraitdən qaynaqlanmasını qeyd edib.

F.Kolb Azərbaycanın ABŞ-ın vacib strateji tərəfdaş olmasına toxunaraq, hər iki ölkənin 1995-ci ildə “ən sərfəli rejim” statusuna dair qanun layihəsi imzalamasını qeyd edib. F.Kolbun Azərbaycanla ABŞ arasında cari siyasi və ticarət əlaqələrinin durumu barədə sualını cavablandıran səfir E.üleymanov ölkəmizin həqiqətən də sadiq strateji tərəfdaş olduğunu təsdiqləyərək, həmçinin regionda ABŞ-ın ən böyük ticarət tərəfdaşı olduğunu xatırladıb. Azərbaycan Dövlət Neft Fondunun ABŞ-da böyük həcmdə investisiya yatırdığını, həmçinin ABŞ-ın ölkəmizdə müxtəlif sahələrə, o cümlədən enerji, kənd təsərrüfatı sahələrinə yatırımlar etdiyini bildirib. Səfir aprel ayında İllinoys ştatında ABŞ-Azərbaycan Kənd Təsərrüfatı Forumunun keçiriləcəyini bildirib. Yuta ştatı ilə iqtisadi sahədə əməkdaşlığın nəzərdən keçiriləcəyini bildirən səfir ümumilikdə ölkəmizlə ABŞ-ın iqtisadi əlaqələrinin yüksək səviyyədə olduğunu, Azərbaycanın Boeing 787 Dearmliner təyyarələrinin alınması ilə bağlı bu şirkətlə mühüm layihələrə imza atdığını bildirib, iki ölkə arasında “Azərbaycan Hava Yolları” QSC-nin həyata keçirdiyi birbaşa uçuşun mövcudluğuna toxunub.

Həmçinin siyasi əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edən diplomat bu xüsusda Milli Təhlükəsizlik Müşaviri Con Boltonun regiona səfərinin bu münasibətlərə bariz nümunə olduğunu vurğulayıb. C.Bolton tərəfindən Azərbaycana göstərilən diqqət və ölkələrimiz arasında strateji münasibətlərin vurğulanmasını yüksək qiymətləndirən səfir, bu münasibətlərin daha da dərinləşəcəyinə ümid etdiyini bildirib. Yuta ştatı ilə ölkəmiz arasında yeni əməkdaşlıq kanalları üzərində iş getdiyini bildirən diplomat təhsil sahəsində əməkdaşlığın mövcudluğundan bəhs edib. Yuta ştatı ilə Azərbaycan arasında oxşarlıqlardan danışan E.Süleymanov, çoxmillətlilik, insanlara xoş münasibətin göstərilməsini xüsusi qeyd edib.

Sonda F.Kolb Yuta adından səfirə minnətdarlıq edib.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (20.04.2019) :
Azbuludlu Gecə : +5+7 | Gündüz: +9+11
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0249 | Satış: 0.026

Avro:
Alış: 1.8926 | Satış: 1.9489
AzTV TƏQDİM EDİR