Mədəniyyət

Türk Dünyasında Nəsimi ilinin açılışı Ankarada silsilə tədbirlərlə qeyd edilib

07-03-2019 | 10:44        

  

TÜRKSOY Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının elan etdiyi İmadəddin Nəsimi ilinin açılışı Ankarada silsilə tədbirlərlə qeyd edildi. Azərbaycan, Türkiyə, digər Türkdilli ölkələrdən olan hökümət nümayəndələri, ədəbi dairələrin təmsilçiləri, ziyalılar əvvəlcə TÜRKSOY-un mənzil-qərargahında təşkil edilən kitab sərgisi ilə tanış oldular. Burada dahi şair və mütəfəkkirin əsərləri, əlyazmalarının surəti, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə nəfis şəkildə buraxılmış iki cildliyi, eləcə də Nəsimi haqqında yaradılan əsərlər nümayiş olunur.

Nəsimi ilinin açılışı ilə bağlı təşkil edilən toplantıda çıxış edən TÜRKSOY-un Baş katibi Düsen Kaseyinov Azərbaycanda 2019-cu ilin Prezident İlham Əliyev tərəfindən Nəsimi ili elan olunmasını ölkəmizdə mədəniyyətə, ədəbiyyata verilən yüksək qiymətin təzahürü kimi səciyyələndirdi.

Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayev qeyd etdi ki, hələ ötən əsrin 70-ci illərində, SSRİ dövründə ulu öndər Heydər Əliyevin səyləri nəticəsində Nəsiminin 600 illiyi UNESCO səviyyəsində qeyd edilib. Bu gün Nəsimi ilinin elan edilməsi o dövrdə görülən işlərin davamıdır.

Türkiyə Prezidentinin Baş müşaviri Yalçın Topçu, Türk Şurası Ağsaqqallar Məclisinin üzvü Mustafa İsen və digər natiqlər də Nəsimi irsinin gələcək nəsillərə çatdırılmasının əhəmiyyətini qeyd etdilər.

Konfransda məruzə ilə çıxış edən görkəmli ziyalılar Nəsiminin zəngin yaradıcılığını, fəlsəfi fikirlərini ətraflı təhlil etdilər.

Dahi Azərbaycan şairinin həyat və yaradıcılığı haqqında Azərbaycan Televiziyasının istehsalı olan sənədli film böyük maraqla izləndi. Nəsimi ilinin açılışı ilə bağlı tədbirlər Prezident Administrasiyası Simfonik Orkestrinin salonunda təşkil edilən konsertlə davam etdi. TRT-nin xoru görkəmli bəstəkar Firəngiz Əlizadənin əsərini səsləndirdi. Aşıqların ifası, xüsusi ilə də Azərbaycandan gələn muğam üçlüyünün çıxışı qüdrətli söz ustasının şeiriyyatının musiqidəki təcəssümü mahiyyətində idi. Tədbirdə Nəsiminin şeirləri səsləndi.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (20.04.2019) :
Azbuludlu Gecə : +5+7 | Gündüz: +9+11
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0249 | Satış: 0.026

Avro:
Alış: 1.8926 | Satış: 1.9489
AzTV TƏQDİM EDİR