Mədəniyyət

Azərbaycanın UNESCO üzrə Milli Komissiyası böyük uğurlara imza atıb

07-03-2019 | 09:02        

  

Martın 6-da Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyasının yaradılmasının 25 illiyi qeyd edilib.

Tədbirdən əvvəl Muğam Mərkəzinin foyesində xalq çalğı alətləri ansamblının çıxışı və gənc rəssamların Azərbaycan mədəniyyətinin UNESCO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilmiş nümunələrinə həsr edilən əsərlərindən ibarət sərgi təqdim olunub.

Tədbirin rəsmi hissəsində Azərbaycanın UNESCO üzrə Milli Komissiyasının fəaliyyətini əks etdirən qısametrajlı film göstərilib. Videoçarxda ötən 25 ildə Azərbaycan xalqının muğam (2008-ci il), aşıq sənəti (2009-cu il), Novruz bayramı (2009-cu il), xalçaçılıq sənəti (2010-cu il), tar ifaçılıq sənəti (2012-ci il), Qarabağ atları üzərində çövkən oyunu (2013-cü il), kəlağayı simvolizmi və ənənəvi sənəti (2014-cü il), Lahıc misgərlik sənəti (2015-ci il), lavaş çörəkbişirmə ənənəsi (2016-cı il, İran, Qazaxıstan, Qırğızıstan və Türkiyə ilə birgə), dolma milli yeməyi (2017-ci il), kamança simli musiqi alətinin hazırlanması və ifaçılığı sənəti (2017-ci il), yallı, Naxçıvanın ənənəvi qrup rəqsləri (2018-ci il), “Dədə Qorqud” eposu (2018-ci il, Türkiyə və Qazaxıstanla birgə) kimi mədəni irs nümunələrinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsi üzrə böyük işlər görülüb.

Qeyd olunub ki, Birinci vitse-prezident Mehriban Əliyevanın timsalında Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyi daim Azərbaycanın UNESCO üzrə Milli Komissiyasının fəaliyyətinə böyük dəstək veriblər.

Tədbir tanınmış xanəndələrin, folklor mahnı və rəqs ansambllarının iştirakında konsert proqramı ilə davam edib.

Tədbirdə dövlət və hökumət rəsmiləri, ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (20.04.2019) :
Azbuludlu Gecə : +5+7 | Gündüz: +9+11
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0249 | Satış: 0.026

Avro:
Alış: 1.8926 | Satış: 1.9489
AzTV TƏQDİM EDİR