Rəsmi xronika

Birinci vitse-prezident Mehriban Əliyeva Böyük Britaniyanın Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi ilə görüşüb

22-02-2019 | 13:52        

  

Bu gün Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolsonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva artıq 3-cü dəfədir ki, Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson ilə görüşdüyünü bildirərək, ölkəmizlə Böyük Britaniya arasında münasibətlərin daha da inkişaf etdirilməsində Baronessa Emma Nikolsonun töhfəsini qeyd etdi. Görüşdə Azərbaycanla Böyük Britaniya arasında səhiyyə, ekologiya və mədəniyyət sahələrində əməkdaşlıq məsələləri müzakirə edildi. Birinci vitse-prezident ölkəmizdə aparılan islahatlardan, ekologiyaya dair Azərbaycanda icra edilən dövlət proqramlarından danışdı, səhiyyə sahəsinin daha da təkmilləşdirilməsi ilə bağlı təşəbbüsləri dəstəkləməyə hazır olduğunu bildirdi. Baronessa Emma Nikolson dünyanın qədim xalqlarının musiqilərinin notlara köçürülməsi ilə bağlı Heydər Əliyev Fonduna müraciətini səsləndirdi. Fondun prezidenti Mehriban Əliyeva bu müraciəti məmnuniyyətlə həyata keçirməyə hazır olduqlarını vurğuladı.