Siyasət

Sərhəd zonalarında və təmas xətti boyu yaşayan insanların hüquqlarının qorunması mühüm əhəmiyyət daşıyır

22-02-2019 | 10:54        

  

ATƏT Parlament Assambleyasının qış sessiyası çərçivəsində keçirilən İnsan haqları və humanitar məsələlər komitəsinin iclasında Ermənistanın işğalçılıq siyasətindən danışılıb. Qurumun İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit komitəsinin iclasında isə Azərbaycanın ASAN xidmət modelinin üstünlüklərindən bəhs edilib.

Vyanada ATƏT Parlament Assambleyasının 18-ci qış sessiyası çərçivəsində İnsan haqları və humanitar məsələlər komitəsinin iclasında “Fövqəladə vəziyyətlərdə insan hüquqlarının qanuni məhdudlaşdırılmasının təsir sahələri” mövzusunda müzakirələr aparıldı. Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclis sədrinin müavini Bahar Muradova bildirdi ki, 2008-ci il Helsinki sənədində də göstərildiyi kimi insan hüquqları qanunun aliliyi və demokratiya ilə əlaqəlidir. Sərhəd zonalarında və təmas xətti boyu yaşayan insanların hüquqlarının qorunması mühüm əhəmiyyət kəsb edir. Bahar Muradova Ermənistanın işğalçılıq siyasəti nəticəsində ölkəmizin üzləşdiyi qaçqın və məcburi köçkün problemindən də danışıb. Azərbaycan nümayəndə heyətinin üzvü Tahir Mirkişili dedi ki, dövlətlər onların ərazisində yaşayan bütün insanların hüquqlarını, xüsusilə də onların yaşama hüququnu terrorçu aktlara qarşı qorumaq üçün lazım olan bütün tədbirləri görməlidirlər. Xarici müdaxilələrin, qonşu ölkəyə qarşı təcavüz və işğalçılıq siyasəti də insanların yaşamaq hüququnu məhdudlaşdırır. Azərbaycanda 1 milyondan çox qaçqın və məcburi köçkünün həyatında bu müşahidə edilir. Qurumun İnsan haqları və humanitar məsələlər komitəsinin sədri Margert Kiner Nellen Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinin vacibliyini vurğuladı.

Assambleyanın İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit komitəsinin iclasında isə Azərbaycan nümayəndə heyətinin üzvü Ülviyyə Ağayeva effektiv idarəetmə, şəffaflığın təbliği, korrupsiyaya qarşı mübarizənin Azərbaycan hökumətinin prioritetləri sırasında olduğunu dedi. İctimai xidmət sektorunda müasir informasiya texnologiyalarından istifadəyə dair Azərbaycanın təcrübəsindən danışıldı. Qeyd edildi ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə “ASAN xidmət” yaradılıb. Bu gün “ASAN xidmət“ modeli dünya miqyasında tanınmış Azərbaycan brendidir. Bu sistem hal-hazırda bir çox ölkələr tərəfindən öyrənilir və tətbiq olunur. Ümumiyyətlə, “ASAN xidmət“ modeli 7 il ərzində bir daha sübüt edib ki, korrupsiyanın qarşısını almaq və bu sahədə institusional islahatların effektivliyini artırmaq mümkündür.