Siyasət

Xalqının böyük rəğbət və sevgisi ilə ucalan Azərbaycanın Birinci vitse-prezidenti

21-02-2019 | 17:49        

  

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva çoxşaxəli fəaliyyəti ilə ölkəmizin həyatında böyük xidmətlərə imza atıb. Onun dünyada təbliği işinə misilsiz töhfələr verir. Öz xalqının böyük rəğbət və sevgisini qazanan Mehriban Əliyeva beynəlxalq aləmdə də böyük nüfuz sahibidir.

“Həyatda hər bir kəsin yerini və taleyini tarix müəyyən edir, odur ki, nə böyük, nə də kiçik rollar olmur. Öz həyat kitabını yazmağa ancaq sənin şəxsi, dərk edilmiş məsuliyyətin imkan verir...” Bu, onun fikridir, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın... Elə bu amalla, bu məramla da özünün ömür kitabını yazır. Hər ötən il isə bu kitabı daha parlaq, daha şərəfli, daha məsuliyyətli səhifələrlə zənginləşdirir. 2004-cü ilin mayından Heydər Əliyev Fonduna rəhbərlik edən Mehriban Əliyevanın təəssübkeşliyi, xeyir-duası, dəstəyi ilə həyata keçirilən çoxsaylı və irimiqyaslı layihələr böyük rezonansa səbəb oldu. Təhsil, səhiyyə, mədəniyyət sahəsində müxtəlif  layihələrin reallaşdırılması bu sahələrin inkişafına misilsiz töhfələr verdi, onun dəstəyi ilə yüzlərlə məktəb, xəstəxana tikildi. Saysız-hesabsız xeyriyyəçilik tədbirləri isə Fondu əsl şəfqət və mərhəmət ünvanına çevirdi. Fondun mədəniyyətimiz, incəsənətimizlə bağlı layihələri isə mənəvi, tarixi, mədəni irsimizin qorunması işində müstəsna xidmətə malikdir. Mehriban Əliyevanın dəstəyi nəticəsində 56-cı “Avroviziya” mahnı müsabiqəsində ölkəmizi təmsil edən gənclər qələbə qazandılar. Bu qələbə mötəbər yarışmanın 2012-ci ildə Azərbaycanda keçirilməsinə səbəb oldu. Fondun dəstəyi ilə təşkil olunan “Muğam televiziya müsabiqələri” isə muğam sənətini yaşatmağa xidmət edir. Azərbaycanın Birinci xanımının ölkəmizdəki qədim tarixi abidə və ziyarətgahların, məscid və ibadətgahların, dini abidələrimizin bərpası və yenidən qurulması, abadlaşdırılması istiqamətində xidməti də misilsizdir.

 Müstəqillik tariximizin əlamətdar hadisələrinin - ölkəmizin böyük uğurla evsahiblyi etdiyi 1-ci Avropa Oyunları, eləcə də IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitələrinin sədri kimi fədakar fəaliyyəti Mehriban Əliyevanı xalqının gözündə bir daha ucaltdı.

Məhz göstərdiyi çoxşaxəli vətənpərvər fəaliyyəti ilə xalqa və dövlətə şərəflə xidmət edən Mehriban Əliyeva dövlət başçısının Sərəncamı ilə 2017-ci ildə Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyin olundu. Birinci vitse-prezident kimi ilk müşavirəsini cəmiyyətin ən həssas təbəqəsindən olan qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə həsr etdi, qəzalı vəziyyətdə olan binalarda məskunlaşmış məcburi köçkün ailələrinin yeni mənzillərlə təmin olunması layihəsinin icrası çərçivəsində Masazırda məcburi köçkün ailələrinə yeni mənzillər verilməsi mərasimində iştirak etdi, 2016-cı il aprel döyüşləri zamanı Azərbaycan Ordusunun yaralanmış bir qrup əsgər və zabitləri ilə görüşdü,onların yüksəktexnologiyalı protezlərlə təmin edilməsini tapşırdı. Bu da təsadüfi deyildi. Çünki onun vətənə xidmət fəlsəfəsinin təməlində, fəaliyyətinin kökündə mənsub olduğu xalqa, millətə sevgi dayanır. O, əzmkar fəaliyyəti ilə həm də sivil dünyada sülhü, sabitliyi, sivilizasiyalararası dialoqu, multikulturalizmi- bir sözlə ,insanlığın tərəqqisinə yonələn ali ideyaların reallaşdırılmasını, bu sahələrdə səylərin birləşdirilməsini hədəfə alıb. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın humanitar layihələri artıq ölkəmizin sərhədlərini çoxdan aşıb, xeyriyyəçilik tədbirləri bir sıra ölkələri də əhatə edir, müxtəlif qitələrdə əks-səda doğurur. Pakistanda qızlar üçün yeni məktəbin tikintisi, İslamabadda, eləcə də Pakistanın digər əyalətlərində silsilə humanitar aksiyalar bu sıradandır. Versal sarayının bir hissəsinin və Strasburqda orta əsrlərə aid kilsənin, Luvr muzeyi qalereyalarından birinin, Roma katakombalarının bərpası, Həştərxanda Azərbaycan-Rusiya dostluq körpüsünün tikilməsi, Müqəddəs Mələksima Knyaz Vladimirə Rusiyada ilk abidə ucaldılması və digər layihələr Heydər Əliyev Fondunun xeyriyyəçilik işlərinin bitməyən sırasıdr. Fond uzun illərdir ki, Azərbaycanın humanitar və mədəni diplomatiyasının səlahiyyətli nümayəndəsinə çevrilib. Və bu fəaliyyət, hər şeydən əvvəl,dünyada Azərbaycanın təqdimatı, Azərbaycanın təbliğidir.

Mehriban Əliyevanın humanistliyini, qlobal layihələrini təkcə öz xalqı yox, dünya qiymətləndirir. UNESKO və İSESKO-nun Xoşməramlı səfiri seçilməsi təsadüfi deyil. Bu, beynəlxalq ictimaiyyət tərəfindən göstərilən nadir etimaddır.

İndi beynəlxalq aləmdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı Cənubi Qafqazın ən nüfuzlu xanımı kimi səciyyələndirir, onun “Şərq ölkələrində siyasətin yalnız kişi işi olması barədə stereotipi uğurla təkzib” etdiyini etiraf edirlər.Təltif olunduğu çox sayda nüfuzlu beynəlxalq mükafatlar da onun dünyadakı nüfuzunun göstəricisidir. Fransanın “Şərəf Legionu” ordeni, UNESCO-nun Qızıl “Motsart medalı”, Rusiyanın “Yüzilliyin mesenatları” Beynəlxalq Xeyriyyə Fondunun “Yaqut Xaç” ordeni, II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordeni... Bu təltiflərin hər birinin arxasında bilik, ağıl və iradə, peşəkarlıq və təcrübə, prinsipiallıq və xeyirxahlıq, ən əsası, xalqına, dövlətinə, insanlığa, bəşəriyyətə sevgi dayanır.

Onun bir böyük mükafatı da var: AZƏRBAYCAN XALQININ BÖYÜK RƏĞBƏTİ VƏ SEVGİSİ...

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva siyasi karyerası və ictimai fəaliyyəti dövründə başladığı bütün işlərin öhdəsindən böyük məharət və ustalıqla gəlir. Və hər kəs inanır ki, o, bundan sonra da ölkəmizin çiçəklənməsi naminə şərəflə xidmət edəcək.