Mədəniyyət

Vyanada “Azərbaycan - Şərqlə Qərbi birləşdirən körpü - Azərbaycan tarixinin alman səhifələri” adlı tədbir keçirilib

21-02-2019 | 16:53        

  

Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində “Azərbaycan - Şərqlə Qərbi birləşdirən körpü - Azərbaycan tarixinin alman səhifələri” adlı tədbir keçirilib. Tədbir Azərbaycanda alman məskənlərinin 200 illik yubileyinə həsr edilib.

“Azərbaycan tarixən müxtəlif xalqların və dinlərin nümayəndələrinin dinc və yanaşı yaşadığı bir məkandır. Bu tarixi ənənələrin kökündə isə ölkəmizindəki tolerant, multikultural mühit dayanır.” Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən “Azərbaycan - Şərqlə Qərbi birləşdirən körpü- Azərbaycan tarixinin alman səhifələri” adlı tədbirdə bu fikirlər səsləndirilib. Mərkəzin rəhbəri Leyla Qasımova bildirib ki, Azərbaycan tarixində iz buraxmış etnik qruplardan biri də almanlar olub və onlar Azərbaycanın ictimai-siyasi, xüsusən də iqtisadi həyatında mühüm rol oynayıblar. “Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında” dövlət başçısının imzaladığı sərəncamın əhəmiyyəti vurğulanıb. Şərqşünas və tədqiqatçı Fuad Axundov Azərbaycandakı alman icmasının tarixi barədə danışaraq Cənubi Qafqazda alman koloniyalarının yaranmasına aparan tarixi yol barədə məlumat verib.