Analitika

Azərbaycan Avropanın enerji təhülükəsizliyindəki rolunu artırır

21-02-2019 | 12:00        

  

Avropanın enerji təhlükəsizliyində neft ehtiyyatları ilə əhəmiyyətli rol oynayan Azərbaycan artıq qaz ixracatçısı kimi də mövqelərini möhkəmləndirir. Qaz ixrac kanallarının divesifikasiyası, böyük iqtisadi dividentlərlə yanaşı, şübhəsiz ki, siyasi üstünlüklər də qazandırır. Azərbaycanla əməkdaşlıq etmək, bu enerji resurslarına çıxış əldə etmək istəyən ölkələr diplomatik münasibətlərin istiləşməsinə də xüsusi önəm verir.

Azərbaycan qazının Avropa bazarlarına çatdırılmasında Cənub Qaz Dəhlizi əsas kanal kimi çıxış edəcək. Layihə Azərbaycan qədər Avropa üçün də əhəmiyyətlidir. Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan Cənub Qaz Dəhlizinin seqmentlərini “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG), Trans-Anadolu (TANAP) və “Trans-Adriatik” (TAP) layihələri təşkil edir. Bu boru xətti Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya çatdıracaq. Uzunluğu 3 min 500 kilometr olan Cənub Qaz Dəhlizi vasitəsilə ilkin mərhələdə Türkiyəyə 6 milyard kubmetr, Avropaya 10 milyard kubmetr qaz nəqli planlaşdırılır.

Ötən ilin may ayında Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi olub və bununla da Azərbaycan təbii qazı Cənub Qaz Dəhlizi sisteminə vurulub. İyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəməri istifadəyə verilib. Türkiyəyə ilk qaz həcmlərinin nəqli planlaşdırıldığı kimi iyunun 30-da başlayıb. Azərbaycan təbii qazının 2020-ci ilədək Avropaya çatdırılması nəzərdə tutulur. Boru kəmərləri sisteminin nəqletmə gücü sonralar ildə 31 milyard kubmetrə qədər artırılacaq ki, bu, artıq Azərbaycanın dünyanın mühüm qaz ixracatçılarından biri olması demək olacaq.
Azərbaycanın təşəbbüsü ilə başlanan layihə təkcə alıcı və satıcı üçün yox, bütün region üçün faydalı olacaq. Layihənin tərəfdaşlarına, investorlarına, miqyasına baxdıqda demək olar ki, bu, həm də Azərbaycana göstərilən etimadın ifadəsidir və hər kəs ölkəmizi etibarlı partnyor kimi qəbul edir.

Dünən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısı keçirilib. Toplantıda iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev layihənin tarixi və bugünkü əhəmiyyəti ilə bağlı maraqlı məqamlara toxunub. “Biz 2015-ci ildə bu mühüm prosesə start verdik və Azərbaycan belə bir əməkdaşlıq formatının təşəbbüskarı oldu. Bu təşəbbüs Avropa Komissiyası tərəfindən də dəstəkləndi və beləliklə, bu proses başlandı. Biz belə toplantıların və bu nəhəng layihənin irəli aparılması ilə bağlı görülməli işlərə dair geniş müzakirələrin faydasını görürük” deyən dövlətimizin başçısı qeyd edib ki, Cənub Qaz Dəhlizi ümumi marağımızı əks etdirən və qarşılıqlı surətdə əhəmiyyətli layihədir. Bu, Azərbaycanın 1994-cü ildə təməli qoyulmuş enerji strategiyasının tərkib hissəsidir: “O zaman Azərbaycan nəhəng “Azəri-Çıraq-Günəşli” neft yatağı ilə bağlı beynəlxalq neft şirkətlərindən ibarət konsorsiumla müqavilə imzaladı. Bu, bizim beynəlxalq enerji şirkətləri ilə əməkdaşlığımızın başlanğıcı idi. O vaxt Azərbaycan öz təbii resurslarını beynəlxalq əməkdaşlıq üçün əlçatan etdi. İlk dəfə beynəlxalq sərmayələr Xəzər dənizinə yatırıldı və 1994-cü il, əslində, Azərbaycanın inkişafı baxımından da dönüş nöqtəsi oldu. Azərbaycan o zaman yalnız üç il idi ki, gənc müstəqil dövlət idi və iqtisadi vəziyyət çox çətin idi. Ölkəni xarici sərmayə üçün açaraq biz milyardlarla dollarlıq sərmayə cəlb edə bildik. On minlərlə yeni iş yerləri açdıq, Azərbaycanın münbit sərmayə mühitinə malik dövlət olduğunu nümayiş etdirdik. Bunun nəticəsində neftdən gələn gəlirləri iqtisadiyyatın şaxələndirilməsi və müasir infrastrukturun yaradılmasına yönəltdik. Bu gün isə biz artıq qeyri-neft sektorunun inkişafına diqqət yetiririk. Bu, bizim üçün prioritetdir. Ancaq enerji sektoru bundan sonra da Azərbaycanın iqtisadiyyatının aparıcı sahəsi və regional əməkdaşlığın mühüm komponentlərindən biri olacaq”.
Dövlətimizin başçısı əmin olduğunu bildirib ki, Şahdəniz” Cənub Qaz Dəhlizi üçün yeganə resurs mənbəyi olmayacaq. Sitat: “Azərbaycanın qaz ehtiyatlarına gəldikdə, təsdiq edilmiş ehtiyatlarımız 2,6 trilyon kubmetrdir. Əlbəttə ki, “Şahdəniz” Azərbaycanın əsas qaz yatağıdır. Lakin, eyni zamanda, hazırda istismar prosesində olan digər yataqlar da var və düşünürəm ki, tezliklə biz “Abşeron” yatağından yaxşı nəticələr əldə edəcəyik. Əminəm ki, ən yaxın gələcəkdə biz oradan qaz hasil etməyə başlayacağıq. Böyük qaz ehtiyatına malik “Ümid”, “Babək” yataqları və digər yataqlar da çox ümidvericidir. Ona görə də mən əminəm ki, “Şahdəniz” Cənub Qaz Dəhlizi üçün yeganə resurs mənbəyi olmayacaq və yataqlarımızdan nə qədər çox qaz hasil edilsə, tərəfdaşlarımızı təchiz etmək və haqqında danışdığımız təchizat şəbəkəsini şaxələndirmək üçün daha çox potensial olacaq”.
Nəhayət, Prezident İlham Əliyevin çıxışının daha bir mühüm məqamı Azərbaycanın etibarlı tərəfdaş kimi tanınması, qarşılıqlı etimad mühitinin formalaşması və bu mühitin əlaqələrin şaxələndirilməsində mühüm əhəmiyyət kəsb etməsi ilə bağlı idi. Sitat: “Əlbəttə ki, Azərbaycanın uğurlu enerji inkişafı bizə özümüzü dünyaya etibarlı ölkə, etibarlı tərəfdaş, xarici investisiyaları 100 faiz qoruyan ölkə kimi təqdim etməyə imkan verib. Bizim enerji şirkətləri ilə bütün müqavilələrimiz parlament tərəfindən ratifikasiya olunur və qüvvəyə minir. Bu səbəbdən də investorlar 100 faiz əmin olurlar ki, bu müqavilələrdə bir söz belə dəyişdirilməyəcək. Bu, etimad yaradır. Bu, həmçinin bizə digər sektorlara milyardlarla investisiya cəlb etməyə imkan verib.

Azərbaycana yatırılmış investisiyaların ümumi həcmi 250 milyard dollara yaxındır. Bunun yarısı xarici investisiyalardır. Bu, bizə iqtisadiyyatımızı şaxələndirməyə, islahatları uğurla həyata keçirməyə, yaxşı biznes mühiti yaratmağa imkan verib. Dünya Bankının sonuncu “Doing Business” hesabatına əsasən Azərbaycan 25-ci yerdədir. Beləliklə, biz möhtəşəm uğur qazanmışıq və biznes mühiti nöqteyi-nəzərindən 10 ən islahatçı ölkədən biriyik”.
Şübhəsiz ki, Azərbaycanın enerji resurlarından məharətlə istifadə etməsi, enerji ötürücü kanalların diversifikasiyası, yeni bazarlara çıxması ölkəmizə böyük gəlirlər gətirir ki, bu da xalqımızın yaşayış səviyyəsinin, rifah halının yaxşılaşdırılması üçün dövlətə əlavə imkanlar qazandırır.

Vüsal Məmmədov