Siyasət

Milli Məclisin növbəti plenar iclası keçirilib

19-02-2019 | 16:49        

  

Milli Məclis “Əmanətlərin tam sığortalanması haqqında”, eləcə də “Əmək pensiyaları haqqında” qanunlara dəyişikliklər edib. Dəyişikliyə əsasən, əmanətlərin tam sığortalanması müddəti daha bir il uzadılır. Minimum əmək pensiyasının məbləği isə artırılır. Milli Məclis Dövlət gerbinin və himnin istifadəsi haqqında yeni qanun layihəsləri də qəbul edib.

İclasın gündəliyinə 27 məsələ salınmışdı. Qəbul edilən mühüm sənədlərdən biri “Əmanətlərin tam sığortalanması haqqında” qanuna dəyişikliklər edilməsi barədə idi. Sənədə əsasən, vətəndaşların banklarda saxlanılan əmanətlərinin tam sığortalanması müddəti daha bir il - 2020-ci il martın 4-dək uzadılır.

Bu, əhalinin yaşayış tərzinin yaxşılaşdırılması, banklara olan inamı, pul  siyasəti, eləcə də ölkənin makro-iqtisadiyyatı üçün atılan mühüm qərar kimi xarakterizə olundu. 

Qeyd olundu ki, dövlət başçısının əmək pensiyasının minimum məbləğinin əhəmiyyətli şəkildə artırılmasına dair irəli sürülən yeni təşəbbüsü əhalinin sosial müdafiəsinin gücləndirilməsinə, rifahının daha da yaxşılaşdırılmasına, gəlirlərinin artmasına hesablanıb.

Gələn il isə bu məqsəd üçün 49 milyon manat əlavə vəsait yönəldiləcək. Minimum pensiya məbləğinin artırılması əlilliyə görə pensiya alan 140 min şəxsi əhatə edəcək. Onlardan 9 min nəfərin pensiyasında 93 faiz - yəni 75 manat, 26 min nəfərin pensiyasında 30 faiz- 37 manat, 74 min nəfərin pensiyasında 16 faiz - 27 manat artım gözlənilir.

Milli Məclis dövlət gerbinin və himninin istifadəsi haqqında yeni qanun layihələri qəbul etdi. Qanun layihələrində dövlət gerbi və himni ilə bağlı dövlətin vəzifələri, gerbin qabarıq rəngli təsvirinin vurulduğu yerlər, himnin ifa edildiyi hallar, himnin ifa edilməsinə, oxunmasına və dinlənməsinə, gerbin isə rəngli təsvirinə dair tələblər, məhdudiyyətlər əksini tapır. Gənclər siyasətinin həyata keçirilməsi sahəsində isə dövlətin vəzifələri artırılır. “Gənclər siyasəti haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərin sosial, mənzil, təhsil problemlərinin həlli və asudə vaxtlarının səmərəli keçirilməsinə yönəlmiş tədbirlər həyata keçiriləcək. Yeni əlavəyə əsasən, gənclərin inkişafı, yeni biliklərə yiyələnməsi məqsədilə informasya texnologiyaları, sosial şəbəkə və multimedia vasitələrindən istifadə sahəsində imkanların artırılması, bu sahədə qanunvericiliyin tələblərinə riayət edilməsinə, insanların şərəf və ləyaqətinin, şəxsi həyatın toxunulmazlığı hüququnun qorunmasına nəzarət təmin ediləcək. Layihəyə əsasən, Azərbaycanda gənclər təşkilatlarının təsisçilərinə yaş məhdudiyyəti tətbiq olunacaq. Azərbaycanda yeni medal da təsis edilir. “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna edilən dəyişikliyə əsasən, “Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi medalı təsis edilir. Yubiley medalı ilə Azərbaycanın diplomatik xidmət orqanlarında vəzifələrini nümunəvi yerinə yetirən, diplomatik xidmətdə yüksək nəticələr əldə edən diplomatik xidmət əməkdaşları, diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslər, diplomatik xidmət orqanlarının veteranları, habelə Azərbaycanın beynəlxalq əlaqələrinin inkişafında fəal iştirak edən və diplomatik xidmət orqanlarının inkişafında xüsusi xidmətləri olan digər şəxslər təltif ediləcəklər. Azərbaycanda telekommunikasiya şəbəkəsinə qoşulmaqla, qanunsuz beynəlxalq telekommunikasiya xidmətlərini təşkil edənlər isə cəzalanacaqlar. Bununla bağlı Cinayət Məcəlləsinə yeni – 233-4-cü - Telekommunikasiya şəbəkəsinə qoşulmaqla qanunsuz beynəlxalq telekommunikasiya xidmətlərinin təşkili maddəsi əlavə olunur. Son illərdə aparılan təhlillər nəticəsində müəyyənləşdirilib ki, ölkədə olan ümumi telekommunikasiya şəbəkəsinə, xüsusilə mobil şəbəkəyə “Simboks” adlanan avadanlıqlar vasitəsilə qoşulmaqla qanunsuz beynəlxalq telekommunikasiya xidmətlərinin təşkili halları artmaqdadır. Belə qanunsuz beynəlxalq telekommunikasiya kanallarının yaradılması fiziki və hüquqi şəxslərə əhəmiyyətli ziyan vurulmasına səbəb olur. Eyni zamanda qeyd edilən əməlləri həyata keçirən şəxslər beynəlxalq danışıqlar təşkil etməklə qeyri-qanuni qazanc əldə edirlər. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə də dəyişiklik edilir. Gündəlikədki sonuncu məsələ “Ümumi təhsil haqqında” yeni qanun layihəninin ikinci oxunuşda müzakirəsi idi. 5 fəsil, 33 maddədən ibarət qanun layihəsi Azərbaycanda ümumi təhsilin təmin olunması sahəsində dövlət siyasətinin əsas prinsiplərini, ümumi təhsilin təşkilati-hüquqi və iqtisadi əsaslarını müəyyənləşdirəcək. Qanun layihəsinin 12-ci maddəsində qeyd olunur ki, ümumi təhsil müəssisəsində təhsilalanlar üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşmiş geyim formaları tətbiq ediləcək. Qanunun 13-cü -Ümumi təhsilin təşkili maddəsinə əsasən isə  ümumi təhsilin tam orta təhsil səviyyəsində təhsil təmayüllər üzrə təşkil olunur. Təmayül sinifləri şagirdlərinin sayı ən azı 15 nəfər olmaqla komplektləşdiriləcək. Müzakirələrdən sonra sənəd ikinci oxunuşda səsvermə ilə qəbul olundu.