Mədəniyyət

Bəstəkarlar İttifaqında Süleyman Ələsgərovun 95 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib

19-02-2019 | 15:44        

  

Fevralın 19-da Azərbaycan Bəstəkarlar İttifaqında Xalq artisti, Dövlət mükafatı laureatı Süleyman Ələsgərovun anadan olmasının 95 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib.

Konfransı Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə açaraq görkəmli bəstəkarın həyatı və zəngin yaradıcılığından söhbət açıb. Bildirib ki, tanınmış və sevilən bəstəkar olan Süleyman Ələsgərov müasir dövrdə Üzeyir Hacıbəylinin ənənələrini davam etdirən sənətkar olub. Hər bir sahədə Üzeyirin gözəl irsini inkişaf etdirib, təşviq edib. Çalışıb ki, xalq mahnılarımız qorunsun, yeni nəsillərə ötürülsün.

Qeyd edib ki, Süleyman Ələsgərovun zəngin yaradıcılığı Azərbaycan professional musiqisinin bir çox janrlarını əhatə edir. Bəstəkar 2 operanın, 12 musiqili komediyanın, 2 simfoniyanın, “Bayatı-Şiraz” simfonik muğamının, simfonik orkestr üçün “Uvertüralar”ın, 2 simfonik poemanın, 6 kantatanın, xor və xalq çalğı alətləri orkestri üçün bəstələnmiş müxtəlif janrlı əsərlərin və 200-ə qədər mahnı və romansın müəllifidir. S.Ələsgərovun musiqisi yüksək professionallığı, kamil forması, gözəl melodiyası, rəngarəng ritm çalarları ilə fərqlənir. Bu mahnılar müxtəlif korifey müğənnilər tərəfindən sevə-sevə ifa edilib. Onun “Ulduz” musiqili komediyası təkcə Musiqili Teatrın səhnəsində tamaşaya qoyulmayıb, həmçinin ekranlaşdırılıb.

Bildirib ki, S.Ələsgərov bacarıqlı pedaqoq kimi də səmərəli fəaliyyət göstərib. O həmçinin ömrünün sonunadək Bəstəkarlar İttifaqının Qarabağ filialının rəhbəri olub.

Sonra Bəstəkarlar İttifaqının katibi Əməkdar incəsənət xadimi Zemfira Qafarova, Əməkdar incəsənət xadimi Akif Quliyev, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı və musiqişünas Aysel Kərimova görkəmli bəstəkarın həyat və yaradıcılığı ilə bağlı mühazirələri dinlənilib.

Konfrans çərçivəsində bəstəkarın “Tar ilə simfonik orkestr üçün konsert”dən bir hissə və “Vətənimdir” romansı səsləndirilib.

Həmçinin, Şuşa musiqi məktəbinin şagirdləri bəstəkarın əsərlərini ifa ediblər.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (23.03.2019) :
Azbuludlu Gecə : +6+8 | Gündüz: +14+16
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0249 | Satış: 0.026

Avro:
Alış: 1.8926 | Satış: 1.9489
AzTV TƏQDİM EDİR