Cəmiyyət

Argentinanın “Ambito Financiero” adlı qəzetində azərbaycan iqtisadiyyatından yazılıb

29-01-2011 | 14:30        

  

 

Argentinanın “Ambito Financiero” adlı aparıcı iqtisadiyyat-biznes qəzetində “Azərbaycan-iqtisadi inkişaf və sosial çiçəklənmə modeli” adlı məqalə nəşr olunub. Məqalənin nəşri Azərbaycanın yüksək iqtisadi nailiyyətləri barədə Argentina ictimaiyyətini məlumatlandırmaq, habelə Argentina işgüzar dairələrini Azərbaycanla əməkdaşlığa cəlb etmək məqsədi daşıyır.

Məqalə müəllifi, Azərbaycanın Argentinadakı fövqəladə və səlahiyyətli səfiri Məmməd Əhmədzadə dünya iqtisadiyyatını ağır tənəzzülə məruz qoyan böhranın Azərbaycana heç bir mənfi təsir göstərmədiyini yazır. Böhran illərində Azərbaycanda real artımın orta hesabla illik 8%-dən yuxarı olduğu, makroiqtisadi və maliyyə sabitliyinin təmin olunduğu, ölkənin valyuta ehtiyatlarının 29 milyard ABŞ dollarına yüksəldiyi qeyd olunur. Bildirilir ki, ÜDM-nın 60%-dən çox olduğu Azərbaycan Cənubi Qafqaz iqtisadiyyatının 75%-nə nəzarət edir. Məqalədə Azərbaycan iqtisadiyyatının 2010-cu ilin yekunları üzrə vəziyyəti təhlil olunur, iqtisadiyyatın müxtəlif sektorlarında əldə edilən nailiyyətlər, iqtisadiyyata yatırılan sərmayələrin həcmi və istiqamətlənməsi, xarici ticarət dövriyyəsində müşahidə olunan artım, Azərbaycan şirkətlərinin nəinki ölkə daxilində habelə, xaricdə də artımı və güclənməsi, müasir texnologiyaların tətbiqi ilə müxtəlif sahələrdə yeni istehsal və xidmət müəssisələrinin fəaliyyətə başlaması barədə məlumat verilir. Müəllif Dağlıq Qarabağ münaqişəsinə də toxunub. Yazıda Ermənistanın işğalçılıq siyasəti nəticəsində Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayonun zəbt olunduğunu və 1 milyon azərbaycanlının öz evlərindən didərgin düşərək qaçqın və məcburi köçkünə çevrildiyini yazır.

Məqalədə həmçinin beynəlxalq institutların, o cümlədən Dünya İqtisadi Forumunun, BMT-nin İnkişaf Proqramınin, “Standard and Poor's” və “Fitch” kimi beynəlxalq reytinq agentliklərinin Azərbaycanın iqtisadi nailiyyətlərinə verdiyi qiymət də öz əksini tapıb. Məqalədə Azərbaycanla Argentina arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanlarına da diqqət yönəldilib.