İqtisadiyyat

Ölkəmizdə yol infrastrukturunun yenidən qurulması işləri davam etdirilir

19-02-2019 | 13:24        

  

Ölkəmizdə yol infrastrukturunun yenidən qurulması işləri davam etdirilir. Paytaxtın Neapol və Səməd bəy Mehmandarov küçələrində yenidənqurma işlərinə başlanılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidənqurma işləri aparılan Neapol küçəsində köhnə asfalt beton örtüyünün üst qatı götürülərək kənara daşınıb, zəruri yerlərdə əsasın deformasiyaya uğrayan hissələri qazılaraq kənarlaşdırılıb. Mövcud yağış-kanaliasiya sistemi də yenidən bərpa olunur. Bundan başqa, küçəboyu sakinlərin rahat gediş-gəlişi üçün piyada səkiləri yenidən qurulur. Artıq yolun asfaltlanması işlərinə də başlanılıb.

Anar Nəcəfli – Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi:

- Neapol küçəsi boyu istiqaməti ayırmaq məqsədi ilə 1metr enində ayrıcı zolaq inşa olunub, kənarlarına səki daşları, üzərinə isə tamet daşları düzülüb. Ayrıcı zolaq boyu yolun işıqladırılması üçün yeni işıq dirəkləri quraşdırılacaq. Təmir-bərpa işləri Neapol küçəsinin 14 metr enə malik köməkçi yollarını da əhatə edir. Anoloji işlər Səməd bəy Mehmandarov küçəsində də aparılır. Küçənin uzunluğu 3.2 km metr, eni isə 20 metr təşkil edir.

Burada asfalt beton örtüyünün üst qatı kənara daşınacaq, yararlı materialdan kipləşdirmə işləri aparılacaq. Növbəti mərhələdə isə yeni asfalt-beton örtüyü döşənəcək. Yolda ayrıcı zolaq inşa olunur, kənarlarına isə səki daşları düzülür. Yeni piyada səkiləri inşa edilir.  Daha sonra ayrıcı zolaq boyu işıqlandırma sistemi qurulacaq. Son mərhələdə zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, hərəkətin normal təşkili üçün üfiqi nişanlanma xətləri çəkiləcək.

Paytaxtla yanaşı  regionlarda da yol tikintisi layihələri uğurla icra edilir.  Ağdam rayonunda cari ildə 4 cəbhəyanı kəndi birləşdirən yolların əsaslı şəkildə bərpası nəzərdə tutulub. Bu IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulan və ümumi uzunluğu 5,6 km olan yerli əhəmiyyətli Kolqışlaq-Mirəşelli və Əhmədağalı-Çıraxlı avtomobil yollarıdır. Avtomobil yollarının müxtəlif hissələrində yerləşən suötürücü borular istismar üçün yararsız vəziyyətə düşdüyündən müxtəlif diametrlərə malik boruların sökülərək çıxarılması, əvəzinə yeni metal və dəmir-beton boruların quraşdırılması nəzərdə tutulur. Layihənin sonuncu mərhələsində zəruri olan yerlərdə avtobus dayanacaqları, hərəkətin normal təşkilı üçün isə yol nişanlarının, siqnal dirəklərinin quraşdırılması planlaşdırılıb.