İqtisadiyyat

2018-ci ildə isə qeyri-neft ixracı 10 faizdən çox artıb

19-02-2019 | 08:40        

  

Prezident İlham Əliyevin rəhbərliyi ilə 2016-cı ildə başlanılan qeyri-neft  məhsulları ixracının dəstəklənməsində yeni mərhələ hazırda tam ixrac səfərbərliyi ilə uğurla davam edir. Bu sahəni dəstəkləmək üçün iqtisadi bloka aid bütün dövlət qurumları, sahibkarlar, sahibkar birlik və assosiasiyaları, vətəndaş cəmiyyətləri aktiv cəlb olunublar. Nəticədə qeyri-neft məhsullarının ixracı 2017-ci ildə 24 faizdən, 2018-ci ildə isə 10 faizdən çox artıb. Beləliklə, son iki ildə qeyri-neft ixracı hər 10 manata qarşı 4 manat çoxdur.

Yerli qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı sahibkarlara ixrac təşviqinin ödənilməsi, ölkə başçısının “Qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında”  1 mart 2016-cı il tarixli fərmanında öz əksini tapıb. Fərmanın icrasını təmin etmək məqsədilə Nazirlər Kabineti “İxrac təşviqi şamil olunacaq qeyri-neft məhsullarının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə Siyahı”nı təsdiq edib. Hazırda həmin siyahıya uyğun olaraq 30 qrupa aid müxtəlif mal mövqeləri üzrə ixrac təşviq məbləğləri təqdim edilir.Təşviq məbləğlərinin alınmasını rəqəmsal ticarət qovşağı üzərindən onlayn da həyata keçirmək mümkündür. Bundan əlavə dövlət hesabına sərgi və yarmarkalarda iştirak, beynəlxalq sertifikatların alınması, bazar araşdırmalarının aparılması və bir sıra digər təşviqlər nəzərdə tutulur. Xaricdə Ticarət evləri və ticarət nümayəndəliklərinin açılması, həmçinin “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin fəaliyyətə başlaması qeyri-neft ixracının dəstəklənməsində mühüm rol oynayır. “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi dövlətin adından tələb olunan sənədləri bir məkanda və qısa müddətdə ixracatçılara təqdim edir.  İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən idarə olunan Azexport.az, Azərbaycan mənşəli mallar haqqında məlumat bazası,onların daxili və xarici bazarlarda satışını təmin edən əlverişli və unikal platformadır. Portal beynəlxalq səviyyədə 10-dan artıq elektron ticarət platformalarında məhsul yerləşdirir.Ötən il ixrac sifarişlərinin dəyəri 514 milyon ABŞ dolları təşkil edib. Sifarişlər dünyanın 111 ölkəsindən daxil olub. Dünyada ilk dəfə olaraq Vahid İxrac Ərizəsi işə salınan yeni elektron xidmət sahibkarların ixrac etdikləri məhsulları onlayn vahid ərizə əsasında müraciət etməklə ixrac üçün tələb olunan bütün icazə sənədlərinin əldə edilməsi, o cümlədən elektron gömrük bəyannaməsinin doldurulması və ixrac təşviqi məbləğinin alınmasını özündə birləşdirir. Azərbaycan məhsullarının keyfiyyətinə zəmanətin təmin edilməsi ilə bağlı mütəmadi olaraq xarici tərəfdaşlar tərəfindən dünyada geniş yayılan  Sərbəst satış “Free sales” sertifikatları tələb edilir: Sertifikatın verilməsi proseduru heç bir əlavə laboratoriya və ya testlərin keçirilməsi ilə müşahidə olunmur. Dünya təcrübəsində sərbəst satış sertifikatı malların hər bir partiyasına verilir.Məhsul xarici ölkələrə göndərilirsə, sertifikat dövlət dili ilə yanaşı ingilis dilində də verilir. MDB ölkələri arasında bu cür sertifikatları hazırda yalnız Ukrayna və Rusiya təklif edir. Qida Təhlükəsizliyi Agentliyinin yaradılması ixrac prosedurlarında şəffaflığın artırılması və sadələşməsinə xidmət edən bir islahat tədbiridir. Cari ilin fevral ayından Yaşıl dəhliz mexanizminin işə salınması qeyri-neft ixracına sərf olunan günlərin və prosedurların sayını kəskin azaldaraq, maliyyə yükünü azaldıb. Azexport və “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin xətti ilə indiyədək 3 mindən artıq sahibkara təlimlər keçirilib. Ümumi məlumatlandırma ilə yanaşı 500-dən artıq e-ixrac, e-ödənişlər və e-ticarət sahəsində mütəxəssislər hazırlanaraq onlara sertifikat verilib.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (19.04.2019) :
Azbuludlu Gecə : +6+8 | Gündüz: +9+11
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0249 | Satış: 0.026

Avro:
Alış: 1.8926 | Satış: 1.9489
AzTV TƏQDİM EDİR