İqtisadiyyat

Azərbaycana məxsus qida məhsulları Dubayda sərgilənir

18-02-2019 | 11:21        

  

Azərbaycan dünyanın ən böyük qida sərgisi hesab olunan “Dubay Gulf food”da təmsil olunur. 5 günlük beynəlxalq sərgidə ölkəmizə məxsus 21 şirkət məhsullarını dünya istehlakçılarına təqdim edir. İxracatçı şirkətlərimizin milli istehsal nümunələri “Made in Azərbaycan” vahid brendi altında sərgilənir.

Birləşmiş Ərəb Əmirliklərində keçirilən ənənəvi “Dubay Gulf food” qida sərgisi körfəz ölkələrinə məxsus iri investisiya şirkətləri və distribyutorların diqqət mərkəzindədir. Azərbaycan 3-cü ildir ki, bu beynəlxalq sərgidə iştirak edən 120 ölkədən biridir.

Milli stendin ümumi sahəsi 180 kv.metrdir. Burada 21 şirkət 600 çeşiddə öz istehsal nümunələrini tanıdır.

Azərbaycan Dubay sərgisində aqrar sahədə yüksək nəticələri olan ölkələrlə yarışır. Stendimiz istehlakçılara və distribyutor şirkətlərə meyvə şirələri, çərəz, bal, mineral sular və meyvə-tərəvəz çeşidləri təqdim edirlər.

Sərgi çərçivəsində keçirilən görüşlərdə qeyd olundu ki, son illər Yaxın Şərqin iqtisadi mərkəzi sayılan Dubayda, həmçinin Abu Dabi, Şarja, Ər-Riad, Doha, Əl Küveyt kimi iri şəhərlərdə Azərbaycan məhsullarının çeşidi və həcmi artmaqdadır.

Dubay Gulf Food qida sərgisi fevralın 21-dək davam edəcək.

Beynəlxalq qida sərgisində tanıdılan məhsulların dadı və istehsal keyfiyəti region ölkələri üçün son dərəcə önəmlidir. Çünki əksəriyətində çöl iqliminin hakim olduğu ərəb ölkələrinə kənd təsərüfatı məhsullarının 75%-i xaricdən idxal olunur. Bu baxımdan sərgidə milli məhsullarımızın da tanıdılması əhəmiyət daşıyır.