Xarici xəbərlər

Dünyada baş verən ən son hadisələr

11-02-2019 | 10:32        

  

Etiraz aksiyalarını işıqlandıran 3 jurnalist xəsarət alıb

Fransanın Nanter şəhər prokurorluğu həftə sonu penitensiar xidmətin avtomobilinə hücumla bağlı cinayət işi qaldırıb. Prokurorluğun yaydığı pres-relizdə bildirilir ki, xidməti tapşırıq üçün yola çıxan avtomobil etirazçıların hücumuna məruz qalıb. Daş parçası avtomobilin şüşəsini qırsa da sürücü hadisə yerindən uzaqlaşa bilib. Böyük şəhərlərin ticarətçilərini birləşdirən Frans Urban assosiasiyası da etiraz aksiyaları ilə bağlı bəyanat yayıb. Bəyanatda göstərilir ki, 13 həftədir aksiyalar zamanı mağaza və restoranlar ictimai əmlakı dağıdanların hədəfinə çevrilir. Ticarət və iaşə obyektlərinin həftə sonu bağlı olması gəlirin azalması və iş yerlərinin ixtisarı ilə nəticələnir. Dağıdılmış obyektlərin bərpası 2-3 gün vaxt aparır. Aksiyalardan ən çox Paris, Marsel, Lyon və Nanterdəki kiçik sahibkarlar əziyyət çəkirlər. Bu arada, polis qumbaraatanlarından istifadə nəticəsində Tuluz şəhərində etiraz aksiyalarını işıqlandıran 3 jurnalist xəsarət alıb. Frans presə müsahibəsində onlar xüsusi geyimdə olduqlarını və polisin qəsdən yaxın məsafədən atəş açdığını bildiriblər. Monpelyedə isə polis 13 yaşlı uşağı həbs edib. İlkin ifadəsində o, sapandla polis idarəsinin pəncərəsini sındığrdığını, eyni zamanda polis dronunu vurmaq istədiyini etiraf edib. Son 5 aksiyada iştirak etmiş yeniyetmə yaxın günlərdə yuvenal məhkəməyə çıxarılacaq. Fransa prezidentinin keçmiş müşaviri Aleksandr Benalla ilə bağlı da yeni fakt ortaya çıxıb. Mediapart saytının ötən həftə Benalla ilə bağlı səs yazısını yayması hakimiyyət dairələrində narahatlıq yaradıb. Daxili işlər naziri Kristof Kastaner isə bu məsələnin dövlətə aidiyyatı olmadığını iddia edib.

Hökumətin Kataloniya ilə bağlı siyasəti etirazlara səbəb olub

İspaniya hökumətinin Kataloniya ilə bağlı siyasəti etirazlara səbəb olub. Paytaxt Madriddə keçirilən nümayişdə on minlərlə adam iştirak edib. Rəsmi məlumatlara görə aksiya iştirakçılarının sayı 45 000-ə yaxın olub. Baş nazir Pedro Sançesin separatçılarla danışıqlar aparmaq və bu məqsədlə vasitəçi təyin etmək planı ilə razılaşmayan etirazçılar 2020-ci ilə təyin olunmuş seçkilərin daha tez keçirilməsini tələb ediblər. Aksiya iştirakçılarının sözlərinə görə hakim İspan Sosialist İşçi partiyasının separatçılara təklif etdiyi güzəştlər parlamentdə kataloniyalı deputatların dəstəyini qazanmaq məqsədi daşıyır. Etirazçılar hesab edirlər ki, hakim partiyanın parlamentdə əksəriyyətə sahib olmadığından, öz təşəbbüslərinin qəbul olunması üçün digər fraksiyaların səslərinə ehtiyacı var. 

“Pyu” Araşdırmalar Mərkəzi: “İqlim dəyişikliyi qlobal təhlükəsizliyə təhdid törədən əsas amildir”

İqlim dəyişikliyi hazırda qlobal təhlükəsizliyə təhdid törədən əsas amildir. Bu barədə Vaşinqtonda yerləşən "Pyu" Araşdırmalar Mərkəzinin 26 ölkədə apardığı rəy sorğuları əsasında hazırlanan hesabatında deyilir. Belə ki, 13 ölkədə respondentlərin əksəriyyəti qlobal istiləşmənin ölkələri və beynəlxalq ictimaiyyət üçün ciddi risk yaratdığını bildirib. Rusiya, Fransa, İndoneziya və Nigeriya da daxil olmaqla, 8 ölkədə rəyi soruşulanların əksəriyyəti İŞİD-i əsas təhdid kimi gördüklərini deyiblər. İsrail, İspaniya, ABŞ və Yaponiyada isə İŞİD-i təhdid olaraq hesab edənlərin sayı azalıb. Yaponiya və Birləşmiş Ştatlar əhalisinin əksəriyyəti əsas təhlükənin artmaqda olan kiber hücumlar olduğunu bildirib. Mərkəzin hazırlağı hesabata əsasən, Şimali Koreyanın nüvə proqramı və qlobal iqtisadiyyatın hazırki durumu da əsas narahatlıq doğuran amillər sırasındadır.

Güclü qar ciddi fəsad törədib

Çinin cənub-qərbi və şərqində güclü qar ciddi fəsadlar törədib. Təbiət hadisə nəticəsində nəqliyyatın hərəkəti iflic olub, yaşayış məntəqələrinə su və elektrik enerjisinin verilişində ciddi problemlər yaranıb. Yolların buz bağlaması çoxsaylı avtomobil qəzalarına səbəb olub. Ölkənin şərqindəki Anhoy əyalətində 20-dən çox avtomobil və yük maşının toqquşması nəticəsində 5 nəfər ölüb, 4 adam yaralanıb. Qeyd edək ki, fevralın 9-da Quyçjou əyalətində 100-dək nəqliyyat vasitəsinin toqquşduğu zəncirvari yol qəzasında isə 2 nəfər həlak olub, 50-dək adam yaralanıb.

Daşqın dağıntı və tələfata səbəb olub

Çilinin şimalında güclü daşqın dağıntı və tələfata səbəb olub. Təbii fəlakət nəticəsində 6 nəfər ölüb, onlarla sakin xəsarət alıb. Aramsız leysanın səbəb olduğu daşqın 1800-dən çox evə ziyan vurub. Onlardan 173-ü tamamamilə dağılıb, 120-dən çox mənzil yararsız vəziyyətə düşüb. Avtomobil yolları dağıldığından bir neçə kəndlə əlaqə kəsilib. Arika şəhərində minlərlə ev və müəssisə elektrik enerjisiz qalıb.  Daşqınla mübarizə aparan 4 regionda qırmızı təhlükə kodu elan edilib.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (20.04.2019) :
Azbuludlu Gecə : +5+7 | Gündüz: +9+11
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0249 | Satış: 0.026

Avro:
Alış: 1.8926 | Satış: 1.9489
AzTV TƏQDİM EDİR