Bölgələr

Səfirliklərin və beynəlxalq təşkilatların nümayəndələri Sumqayıt şəhərinə səfər ediblər

31-01-2019 | 07:52        

  

Bu il 70 yaşını qeyd etməyə hazırlaşan Sumqayıt ölkəmizin sənaye mərkəzlərindən biridir. Azərbaycanın müasir sosial-iqtisadi inkişafı Sumqayıtda da aydın görünür. Son illərdə şəhərdə geniş tikinti-abadlıq işləri aparılıb, sosial və infrastruktur layihələr həyata keçirilib. Şəhərin   inkişafı ilə yaxından tanış olmaq üçün ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun 60-dan çox nümayəndəsinin Sumqayıta səfəri təşkil olunub.

Bu gün respublika iqtisadiyyatında xüsusi çəkiyə malik olan Sumqayıt Azərbaycanın günbəgün yeniləşən simasını özündə əks etdirməklə yanaşı, sosial-iqtisadi sahədə qazanılan nailiyyətlərinin miqyasını daha da genişləndirir. Son illər sənayeləşmə və qeyri-neft sənayesinin inkişafı istiqamətində Sumqayıtda icra olunan çox mühüm tədbirlər sırasında təkcə Sumqayıt Kimya Sənaye Parkının adını çəkmək kifayətdir. Prezident İlham Əliyevin sərəncamı ilə yaradılan bu müəssisə həm də ölkəmizin ilk sənaye parkıdır. Kimya Sənaye Parkında 9 müəssisə fəaliyyət göstərir. Onların istehsal etdikləri məhsullar daxili bazarın tələbatını ödəməklə yanaşı, “Made in Azerbaijan” brendi ilə xarici bazarlara da ixrac edilir. Bu isə şübhəsiz ki, ölkə iqtisadiyyatının ümumi inkişafına da töhfəsini verir. Ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun 60-dan çox nümayəndəsi Sumqayıta səfər çərçivəsində Kimya Sənaye Parkında Karbamid və Polipropilen zavodları ilə tanış oldular. Onlara bu müəssisələrin fəaliyəti, istehsal və ixrac imkanları barədə məlunat verildi. Bildirildi ki, burada istehsal olunan məhsulların böyük hissəsi dünyanın müxtəlif ölkələrinə ixrac ediləcək.

İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov ölkə başçısının təşəbbüsü ilə post-neft dövrünü əhatə edən ölkədə, konkret olaraq Sumqayıtda həyata keçirilən islahatlar barədə məlumat verdi. Bildirildi ki, yeni tikilən sənaye müəssisələrinin hesabına Sumqayıtda isizlik problemi artıq aradan qaldırılıb. Burada çalışan mühəndis və fəhlələrin 90%-i Sumqayıtlılardır. Diplomatlara bildirildi ki, hazırda Simqayıtın əhalisinin sayı 500 minə çatıb.  Şəhər 100 faiz qaz, işıq, su ilə tam təmin edilib.  Diplomatik korpus nümayəndələri, səfirlər Lüdviqsafen Parkında, həmçinin Kimyaçı Mədəniyyət Sarayında, Heydər Əliyev Mərkəzində, eləcə də Sumqayıt Bulvarı və Bayraq Muzeyində oldular. Qeyd edək ki, Xəzərin sahilində salınan bulvar kompleksi şəhərin simasının daha da gözəlləşdirilməsi baxımından əhəmiyyətlidir. Bulvar artıq dünyanın nüfüzlu təşkilatlarının mükafatına layiq görülüb.

Ölkəmizdə akkreditə olunan səfirliklərin və beynəlxalq təşkilatların nümayəndələri Azərbaycan Respublikasının Xarici İşlər, İqtisadiyyat nazirliklərinin və Prezident Administrasiyasının Sumqayıta təşkil etdikləri səfərdən zəngin təssüratla qayıtdılar.