Bölgələr

Lənkəranda limon yığımı davam edir

29-01-2019 | 16:12        

  

Lənkəranda limon yığımı davam edir. Limon o meyvələrdəndir ki, ağacın üstündə qışın sonua qədər qala bilir. Sadəcə, şaxtadan qorumaq lazımdır. Bu il bağlarda limon ötən illərdəkindən çoxdur. Meyvə yığımı ilə yanaşı, hazırda ağaclara qulluq da edilir.

Lənkəran respublikanın ən iri subtropik meyvəçilik rayonlarından biridir. Rayonun iqlim şəraiti burada çay plantasiyaları salmağa, subtropik və sitrus meyvələri yetişdirməyə imkan verir. Lənkəran limonu rayonun və ölkəmizin hüdudlarından kənarda da yaxşı tanınır və qiymətləndirilir. Vilvan kənd sakini Ayıq Rzayev də 20 ildən artıqdır ki, sitrusçuluqla məşgul olur. Fermer həyətyanı sahəsində 100-dən çox limon ağacı əkib. Deyir ki, əsas məsələlərdən biri limon ağaclarına düzgün aqrotexniki qulluq göstərməkdir. Ağacları yayda su ilə təmin etmək, qışda isə şaxtadan qorumaq əsas şərtdir. Bölgədə müşahidə olunan soyuq hava şəraitini nəzərə alaraq qışda ağaclar istixana altına salınır. Bu halda limon fevral və mart aylarına qədər qala bilir. Müsahibimiz deyir ki, bu qiymət sarıdan da sərfəlidir. Yayda limonun biri 20 qəpiyə satıldığı halda, qışda azı 2 dəfə bahalaşa bilir.

Limon çox faydalı meyvədir-əsasən də C vitamininin qaynağıdır. Elə bu xüsusiyyətinə görə də limondan ilin hər fəslində istifadə edilir, amma qışda, başqa meyvələrin az olduğu vaxtda limon orqanizmi C vitamini ilə təmin edib immuniteti gücləndirir, virus infeksiyaları ilə mübarizə aparır, turşuluğu tarazlayır, kofein ehtiyacı ödəyir və insanın daha enerjili özünü hiss etməsinə köməklik göstərir. Qışın şaxtalı günlərində bir stəkan limonlu çay içmək nəyə desən dəyər. Həm də gərək diqqət yetirəsən ki, aldığın limon yerli məhsul olsun. Çünki başqa ölkələrdən gətirilən limonla cənub bölgəsində yetişdirlən limon bir deyil.

Yaxşı qulluq isə ağacların dibinin bellənməsindən başlyıb, üzvi gübrələrin verilməsinə, zərərvericilərə qarşı mübarizə aparılmasına, suvarmaya və xaxtadan qorumağa qədər uzun bir prosesidir. Hətta limon ağaclarının əkildiyi yerə də diqqət yetirilməlidir. Əgər ağaclar çökək ərzidə əkilərsə, bu zaman inkişaf etməz və məhsuldar olmaz. Kökü suda qaldığından yanaraq yarasız vəziyyətə düşər. Yalnız yaxşı qulluğun hesabına bol məhsul eldə etmək mümkündür. Bir limonun çəkisi isə bəzən 400-450 qram da ola bilir.

Yeri gəlmişkən, bir neçə gündür Lənkəranın sitrus bağlarında hallabonq yığımına da başlanılıb. Orta hesabla bir hektar sahədən 35-40 ton məhsul əldə etmək mümkündür. Hallabonq digər sitrus meyvələri ilə müqayisədə daha məhsuldardır. Hazırda Lənkəran rayonunun Sütəmirdov, Siyavar, Şürük, Tükəvilə kəndlərində hallabonq bağları salınıb. Gələcəkdə isə digər ərazilərdə də bu yeni sitrus bağlarının salınması nəzərdə tutulub. Bu sitrus meyvəsinə qənnadı, kosmetika, ətriyyat, şirə və şərabçılıq sahələrində də tələbat var. Qeyd edək ki, hallabonq dünyada ilk dəfə ötən əsrin 70-ci illərində təbii seleksiya yolu ilə Yaponiyada yetişdirilib. Lənkəranda isə hallabonq bağları 2015-ci ildən salınıb. 3 ildə hallabonq bağlarının sahəsi 100 hektaradək genişləndirilib.