Analitika

Yeni nəqliyyat layihələri Azərbaycanı gücləndirir

23-01-2019 | 13:23        

  

Azərbaycanın bəzi layihələrdə təşəbbüskarı, bəzilərində isə fəal iştirakçısı olduğu beynəlxalq nəqliyyat layihələri ölkəmizi nəinki yerləşdiyi bölgənin, hətta dünyanın əsas tranzit qovşaqlarından birinə çevirib. Bu amil dövlətimizin geosiyasi və iqtisadi mövqeyini möhkəmləndirir, bir çox dividentlər qazandırır.

Söhbət xüsusilə ixrac potensialının realizə olunması, daşınmalardan gələn gəlirlər, bu nəqliyyat layihələri sayəsində yeni iş yerlərinin yaranmasından gedir.

"Yeni İpək Yolu" layihəsi Azərbaycanı həm də tranzit ölkə kimi önə çıxarır. Bakı-Tbilisi-Qars dəmiryolunun işə düşməsi, Azərbaycan üçün yalnız Gürcüstan və Türkiyəyə daşınmaları asanlaşdırmayacaq, bu nəqliyyat dəhlizi eyni zamanda Avropaya uzanan daha bir nəqliyyat xəttidir.

Şimal-Cənub nəqliyyat dəhlizi isə Azərbaycandan keçməklə Rusiya və Avropa üçün Asiyaya, cənub ölkələrinə doğru uzanan strateji xətt kimi əhəmiyyət kəsb edəcək.

"Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi" 2020-2025-ci illər və 2025-ci ildən sonrakı dövr üçün qısa, orta və uzunmüddətli perspektiv istiqamətləri müəyyən edir. Sənəddə logistika üzrə inkişaf perspektivini özündə əks etdirən strateji məqsəd və hədəflər ardıcıl və konkret ifadə olunur, prioritetlər də qeyd edilib.  

Prezident İlham Əliyevin dünən Davos iqtisadi Forumu çərçivəsində “Bir kəmər, bir yol” təşəbbüsünün inkişaf etdirilməsi: Çinin trilyon dollarlıq baxışı” mövzusunda sessiyada Azərbaycanın nəqliyyat layihələri barədə suallara cavab verərkən ölkəmizin bu sahədəki naliyyətlərini, qurulmuş infrastrukturun əhəmiyyətini şərh edib.

Prezident qeyd edib ki, Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin üzvü olan yeganə ölkədir: “Düşünürəm ki, biz coğrafi vəziyyətimizdən faydalanaraq əsasən infrastruktura, yəni, daxili infrastruktura və Azərbaycanın beynəlxalq hablardan birinə çevrilməsinə imkan verəcək infrastruktura sərmayə yatırmaqla doğru iş görmüşük. Biz yolların, magistralların, hava limanlarının tikintisi, qazlaşdırmanın aparılması, elektrik enerjisinin generasiyası üçün ölkə daxilində infrastruktura sərmayə yatırırıq. Biz, həmçinin nəqliyyat infrastrukturuna da sərmayə yatırmışıq. Bu da bizə yüklərin Şərqdən Qərbə, Şimaldan Cənuba və Cənubdan Şimala nəqlinə imkan verəcək.

Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizi təşəbbüsünün fəal üzvüdür. Biz əlbəttə ki, Çin hökumətinin “Bir kəmər, bir yol” təşəbbüsünü dəstəkləyirik. Azərbaycan özündən şimalda və cənubda yerləşən ölkələrə bu layihəyə qoşulmaq üçün imkanlar yaradır. Biz artıq bunu müşahidə edirik. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin üzvü olan yeganə ölkədir. Bunun üçün dəmir yolu sistemlərimizin müasirləşdirilməsi, Xəzərin sahilində 25 milyon tona qədər yük daşımaq gücündə olan ən böyük dəniz limanının tikintisi, Avropa və Asiya arasında çatışmayan bağlantının yaradılması ilə bizi Türkiyə və Avropa ilə birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolunun inşası yollarımızdan istifadə etmək istəyənlərə yaxşı şərait yaradır. Biz yaxşı tarif siyasətini yaratmaq üçün vəsait sərf edirik. Yükdaşımaların həcmi də artır. Yalnız Şimal-Cənub dəhlizi vasitəsilə keçən il ondan əvvəlki illə müqayisədə on dəfə çox yük daşınıb”.

Dövlətimizin başçısı Azərbaycanın nəqliyyat infrastrukturunu öz gücünə, dövlət büdcəsi hesabına möhkəmləndirdiyini diqqətə çatdırıb: “Hesab edirəm ki, infrastruktura investisiya qoymaq üçün neft və qaz satışından əldə etdiyimiz gəlirləri düzgün istiqamətə yönəltməyə müvəffəq olmuşuq və indi biz bununla fərəhlənə bilərik. Davos Dünya İqtisadi Forumunun qiymətləndirməsinə əsasən yolların keyfiyyətinə gəlincə, Azərbaycan dünyada 34-cü yerdə qərarlaşıb. Bunu biz neft və qaz satışlarından əldə etdiyimiz vəsaitlə etdik. Sonra əlbəttə ki, bu, biznes mühitinin yaradılmasına gətirib çıxardı. Çünki sizin müasir infrastrukturunuz, qazlaşdırmanız, elektrik enerjiniz, yaxşı yollarınız və magistrallarınız olduqda onda bizneslər üçün də investisiya yatırmaq daha asan olacaq. Biz bu istiqamət üzrə də işlər görmüşük. Dünya Bankının ən son “Doing Business” hesabatına əsasən Azərbaycan dünya üzrə 25-ci pillədədir və mövqeyimizi rekord göstərici olan 32 pillə yaxşılaşdırmışıq. Biz Dünya Bankının bu proqramında on ən çox islahatçı ölkələr arasındayıq”.

Vüsal Məmmədov