Xarici xəbərlər

Manvel Qriqoryan yenidən saxlanılıb

23-01-2019 | 10:39        

  

Ermənistanda quldur kimi ad çıxaran sabiq deputat, general Manvel Qriqoryan yenidən saxlanılaraq “İrəvan-Kentron” təcridxanasına salınıb. İşğalçı ölkənin polis rəisi Valeri Osipyanın da işdən azad edilərək cinayət məsuliyyətinə cəlb edilməsi gözlənilir. Ermənistan ombudsman aparatı isə dövlət qurumlarının fəaliyyətindən narazıdır. Vətəndaşların dövlət qurumlarına şikayətlərinin cavabsız qalması hallarının iki dəfə artdığı bildirilir.

Ermənistanda sabiq deputat, general Manvel Qriqoryan yenidən saxlanılaraq “İrəvan-Kentron” təcridxanasına salınıb. Appelyasiya məhkəməsi Baş Prokuroluğun şikayətini təmin edib. Xüsusi vacib işlərin araşdırılması bölməsinin rəisi Vaaqan Muradyan məhkəmənin qərarını qanuni hesab edir. Manvel Qriqoryanın vəkili isə generalın 50 min dollar girov müqabilində zaminə buraxıldığını, onun yenidən həbsinin düzgün olmadığını iddia edir. Nikol Paşinyan isə yaxın günlərdə Ermənistan Polisinin rəisi, polis polkovniki Valeri Osipyanı tutduğu vəzifədən kənarlaşdırmaq niyyətindədir. Bu barədə Ermənistanın “Jamanak” qəzeti yazır. Bildirilir ki, baş nazir Osipyanın işindən, hüquq mühafizə orqanlarında struktur və məzmun islahatları prosesinin gedişindən narazıdır. Artıq Paşinyan polis rəisini əvəzləyəcək adam da tapıb. O, 2018-ci ilin avqustundan mütəşəkkil cinayətkarlıqla mübarizə Baş İdarəsinin rəisi olan Arsen Ayvazyadır. Valeri Osipyan istefaya göndərilən Serj Sarkisyan cinayətkar rejiminin başlıca sütunlarından biri idi. Buna baxmayaraq, Paşinyanın göstərişi ilə o, ötən ilin “məxməri inqilab”ından dərhal sonra – 10 mayda Ermənistan Polisinin rəisi vəzifəsinə təyin olundu. Məmurların və oliqarxların cinayətlərinə göz yuman Osipyanın bu posta təyinatı narazılıqla qarşılandı. Məlumata görə, indi Paşinyanın Osipyanı hakimiyyətdən uzaqlaşdırmaq niyyəti onun 2008-ci ilin 1 mart hadisələri ilə bağlı istintaq prosesinə cəlb edilməsi məqsədini daşıyır. Çünki 2008-ci ilin prezident seçkiləri zamanı Paşinyanın “qəyyumu” olan Levon Ter-Petrosyanın evi və ofisi qarşısında hakimiyyətə işləyən adamların saxta etiraz aksiyalarını məhz Osipyan koordinasiya edib. “Dövlət qurumları vətəndaşların şikayətlərini cavabsız qoyur”. Bu açıqlama ilə isə Ermənistan ombudsmanının mətbuat xidməti çıxış edib. Bildirilir ki, vətəndaşların dövlət qurumlarına şikayətlərinin cavabsız qalması halları iki dəfə artıb. Əgər 2016-cı ildə bununla bağlı bağlı 38 hal qeydə alınıbsa, 2017-ci ildə bu göstərici 46, 2018-ci ildə isə 109-a çatıb. Şikayətlərin əsas hissəsi Müdafiə, Ədliyyə və Səhiyyə nazirlikləri, hökumət aparatı, İstintaq Komitəsi, polis, prokurorluq və İrəvan meriyasına ünvanlanıb.