Siyasət

AŞPA-nın qış sessiyasındakı sərbəst debatlarda Azərbaycanın inkişafından danışılıb

22-01-2019 | 10:39        

  

“Azərbaycan dövləti kənar iradəyə tabe olmadan müstəqil siyasət aparır”. AŞPA-nın qış sessiyasındakı sərbəst debatlarda bu fikir səsləndirilib. Bildirilib ki, Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan etibarlı tərəfdaşdır.

Müstəqil dövlət olmağın ən vacib şərtlərindən biri müstəqil siyasət apara bilməkdir. Azərbaycan dövləti məhz kənar iradəyə və idarəyə tabe olmadan müstəqil siyasət aparır və daim inkişafdadır. Bu fikirləri AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov qurumun qış sessiyasında sərbəst debatlar zamanı deyib. Bildirib ki, son illər Azərbaycanda olanlar bu tərəqqiyə bilavasitə şahidlik ediblər. Azərbaycanda olmayıb elə uzaqdan ölkə ilə maraqlananlar isə statistik göstəricilər əsasında, rəqəmləri dünya ilə müqayisə edərək bu inkişafın necə intensiv getdiyini görə bilərlər. Azərbaycanın yerləşdiyi son dərəcə mürəkkəb geosiyasi vəziyyəti, regionla bağlı maraqların toqquşmasını nəzərə alsaq, bunun nə qədər ağır bir iş olduğunu təsəvvür etmək çətin deyil.  Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan etibarlı tərəfdaşdır. Avropa üçün enerji təhlükəsizliyi məsələsi, eyni zamanda, onun bir sıra siyasi təhdidlərdən xilas olması deməkdir.

Sessiyada sərbəst debatlarda gender bərabərliyinin vacibliyindən də danışılıb. Bildirilib ki, iqlim dəyişikliyi, ifrat yoxsulluq, urbanizasiya, maliyyə böhranı, ərzaq və enerji çatışmazlığı, miqrasiya kimi yeni qlobal çağırışlarla mübarizə parlamentariləri bir yerə toplayır. Ailə siyasəti dövlət siyasətinin əsas istiqamətlərindəndir. Ailənin sosial sabitlik, iqtisadi tərəqqi, sülh və davamlı inkişaf üçün son dərəcə vacib amil olduğu vurğulanıb.