Xarici xəbərlər

Ağ Evə atəş açmaqda şübhəli bilinən şəxsə qarşı ittiham irəli sürülüb

18-11-2011 | 14:05        

  

Amerika Birləşmiş Ştatlarının Pitsburq şəhər məhkəməsində Ağ Evə atəş açmaqda şübhəli bilinən şəxsə qarşı ittiham irəli sürülüb. Noyabrın 17-də ölkənin xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən həbs olunan Oskar Orteqa-Hernandes Amerika prezidenti Barak Obamaya sui-qəsd cəhdində ittiham olunur. Orteqaya qarşı irəli sürülən ittiham öz təsdiqini taparsa onu ömürlük azadlıqdan məhrum etmə cəzası gözləyir. Aydaho ştatının sakini 21 yaşlı Oskar Orteqa-Hernandes noyabrın 11-də paytaxt Vaşinqtonda Ağ Evə atəş açmaqda şübhəli bilinərək Pensilvaniya ştatının İndiana şəhərində otellərin birində həbs olunub. Hazırda polis və ölkənin xüsusi xidmət orqanlarının əməkdaşları Hernandeslə birgə Ağ evə atəş açan digər şəxsin axtarışlarını davam etdirir.  Xatırladaq ki, silahlıların atəş açdığı vaxt Ağ Ev rəhbəri Barak Obama binada olmayıb. Obama Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq təşkilatının sammitinə qatılmaq üçün ailəsi ilə birgə Honoluluya səfər edib.