Siyasət

Fayez bin Abdulla Əl-Şəhri: “Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində Səudiyyə Ərəbistanının mövqeyi dəyişməzdir”

21-01-2019 | 13:58        

  

“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində Səudiyyə Ərəbistanının mövqeyi dəyişməzdir və birmənalıdır. Rəsmi Ər-Riyad bu problem həll olunanadək Azərbaycanın haqlı mövqeyini dəstəkləyəcək”. Ölkəmizdə səfərdə olan Səudiyyə Ərəbistanı-Azərbaycan Parlamentlərarası Dostluq Komitəsinin rəhbəri Fayez bin Abdulla Əl-Şəhri Milli Məclisdə keçirdiyi görüşdə belə bir bəyanat səsləndirib.

Azərbaycanla Səudiyyə Ərəbistanı arasında əlaqələr çox yüksək səviyyədədir və hər iki ölkə münasibətlərin inkişafında maraqlıdır. Bunu deyən Milli Məclisin sədri Oqtay Əsədov parlamentarilərimizin beynəlxalq qurumlardakı birgə əməkdaşlığından razılıq etdi. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsindən danışarakən Səudiyyə Ərəbistanın hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini və Ermənistanla heç bir dioplomatik əlaqə qurmadığını vurğulayaraq bunun ölkəmiz tərəfindən yüksək qiymətləndirildiyini bildirdi. Səudiyyə Ərəbistanı-Azərbaycan Parlamentlərarası dostluq komitəsinin rəhbəri Fayez bin Abdulla Əl-Şəhri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində ölkəsinin beynəlxalq hüququn prinsiplərini rəhbər tutaraq Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini dedi. Əlavə etdi ki, bu məsələdə ölkəsinin mövqeyi dəyişməz və birmənalıdır. Qonaq ölkəsinin Azərbaycanla bütün sahələrdə əlaqələrin inkişafında maraqlı olduğunu və səfərin də bu məqsədə xidmət etdiyini bildirdi. Nümayəndə heyətinin Azərbaycan-Səudiyyə Ərəbistanı parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvlər ilə görüşündə bu istiqamətdə fikir mübadiləsi aparıldı.