Digər

Ölkə ərazisinə Aralıq dənizi siklonlarının yaxınlaşması ilə əlaqədar hava şəraiti kəskin dəyişib

17-01-2019 | 10:55        

  

Ölkə ərazisinə Aralıq dənizi siklonlarının yaxınlaşması ilə əlaqədar hava şəraiti kəskin dəyişib. Temperatur xeyli enib. Küləyin maksimal sürətinin saniyədə 35-38 metrə çatması ehtimal olunur. Yanvarın 17-si və 18-i respublika ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində təlim-tərbiyə prosesi dayandırılır və tədrislə bağlı tədbirlər təxirə salınıb. Bakının əsas avtomagistrallarında sürət həddi endirilib. Bu gün səhər saatlarından bütün müntəzəm marşrut xətləri üzrə avtobusların reysə çıxarılması təmin edilib.

Ölkə ərazisinə soyuq atmosfer cəbhəsinin keçməsi ilə bağlı hava şəraiti kəskin dəyişilib. Aralıq dənizi rayonlarında yaranan aktiv siklon ölkə ərazisinə hərəkət edib. Yanvarın 16-dan 17-nə keçən gecədən başlayaraq hava şəraiti kəskin dəyişib. Əvvəlcədən proqnozlaşdırıldığı kimi Bakıda və Abşeron yarımadasında cənub-qərb küləyi saat 23:00-24:00 radələrindən başlayaraq, şimal-qərb küləyi ilə əvəz olunub. Hazırda şiddətli şimal-qərb küləyi əsir.

Küləyin maksimal sürətinin saniyədə 35-38 metrə çatması ehtimal olunur. Ekologiya və Təbii Sərvətlər Nazirliyində Qərərgah yaradılıb. Yanvarın 17-də saat 03:00-a olan məlumata görə, açıq dənizdə dalğanın hündürlüyü 3,5 metrə çatıb. Dalğanın hündürlüyü Günəşli yatağında 3,8 metrə bərabərdir.

Gözlənilən kəskin hidrometeoroloji hadisə ilə əlaqədar ölkə ərazisində fəaliyyət göstərən bütün körpələr evi-uşaq bağçaları, təhsil müəssisələrində yanvarın 17-si və 18-i təlim-tərbiyə prosesi dayandırılıb və tədrislə bağlı tədbirlər təxirə salınıb. Səhiyyə Nazirliyinin respublika əhəmiyyətli iri tibb müəssisələrinə də gücləndirilmiş iş rejiminə keçmələri barədə tapşırıq verilib. 

Hazırda paytaxtda müşahidə edilən hava şəraiti ilə əlaqədar şəhər nəqliyyatının normal fəaliyyətini təmin etmək və yarana biləcək problemlərin vaxtında aradan qaldırılması məqsədi ilə Bakı Nəqliyyat Agentliyi xüsusi rejimdə fəaliyyət göstərir. Bu gün səhər saatlarından bütün müntəzəm marşrut xətləri üzrə avtobusların reysə çıxarılması təmin edilib, fəaliyyətinə nəzarət artırılıb. Bu məqsədlə agentliyin mobil qrupları Nəqliyyat Mübadilə Mərkəzlərinin və şəhərin müxtəlif ərazilərində xidmət aparır. Hazırda müşahidə edilən yağışla əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh və Zığ dairəsi-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20-km/saat endirilib. Bakı Nəqliyyat Agentliyi sürüclərə hərəkətdə olarkən yollarda müəyyənləşdirilən sürət həddinə və yol nişanlarının tələblərinə riayət etməyi məsləhət görür. Sərnişinlərdən dayanacaqlarda avtobus gözləyərkən diqqətli olmaları xahiş edilir.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi də yağışlı hava şəraiti ilə əlaqədar piyadalara və sürücülərə müraciət edib.

Bakı Metropoliteni də gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Hava şəraiti Heydər Əliyev Beynəlxalq Aeroportunun fəaliyyətinə təsir göstərməyib. Azərbaycan Hava Yolları cədvəl üzrə bütün uçuşları yerinə yetirir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti gözlənilən ifrat təhlükəli hidrometeoroloji hadisə ilə əlaqədar işəgötürənlərə müraciət edərək, qeyd olunan vaxtlarda açıq havada işləyən işçilərin həyat və sağlamlığının qorunması üçün qanunvericiliyin tələblərinə əsasən müvafiq tədbirlərin görülməsi barədə məlumat verib. Bundan başqa nazirliyin sosial sığınacaqları da gücləndirilmiş iş rejimində işləyəcək.

Qərargahla əlaqə saxlamaq üçün (050) 669 33 66, (070) 669 33 66 nömrələrinə zəng etmək olar. Vətəndaşlardan gözlənilən təhlükəli hava şəraitində sosial sığınacağa ehtiyac duyan şəxslər, onların hazırda olduqları yer barədə qeyd olunan nömrələrə zəng vuraraq, habelə nazirliyin 142 – Çağrı mərkəzi ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş olunur. Sığınacaqlara yerləşdirilənlər burada yataq, yemək və ilkin tibbi yardımla təmin olunacaqlar.

Müvafiq xəbərdarlıqla əlaqədar Azərbaycan Ordusunun şəxsi heyətinin sağlamlığının, döyüş texnikası və hərbi obyektlərin qorunması məqsədilə bütün hərbi hissələrdə təxirəsalınmaz təhlükəsizlik tədbirləri həyata keçirilib.

SOCAR-dan verilən məlumata görə isə hava və dəniz nəqliyyatları vasitəsilə ümumilikdə 2500 nəfərə yaxın neftçinin sahilə çıxarılması üçün tədbirlər görülüb. Gözlənilən qasırğa ilə bağlı bütün sahələrdə maarifləndirmə işləri aparılıb, açıq hava şəraitində işlər maksimum dərəcədə məhdudlaşdırılıb, tikililərin və qurğuların təhlükəsiz vəziyyətə gətirilməsi haqqında bütün sahələrə göstərişlər verilib.

Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qəza-xilasetmə qurumları və regional mərkəzləri də yanvarın 17-18-də gücləndirilmiş iş rejimində çalışacaq.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (21.02.2019) :
Azbuludlu Gecə : +3+5 | Gündüz: +9+11
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0249 | Satış: 0.026

Avro:
Alış: 1.8926 | Satış: 1.9489
AzTV TƏQDİM EDİR