Xarici xəbərlər

Dünyada baş verən ən son hadisələr

17-01-2019 | 10:28        

  

Baş nazir Tereza Mey etimad səsverməsini qazanıb

Böyük Britaniyanın Baş naziri Tereza Mey parlamentin İcmalar Palatasında keçirilən etimad səsverməsini qazanıb. Parlamentin 325 üzvü hökumət başçısını dəstəkləyib, 306 üzvü onun əleyhinə səs verib. Etimad səsverməsinin keçirilməsi təşəbbüsü ilə Leyboristlər partiyasının lideri Ceremi Korbin parlament “Breksit” razılaşmasının əleyhinə səs verəndən sonra çıxış edib. Baş nazir “Breksit”lə bağlı alternativ planı 3 gün ərzində təqdim etməlidir. Yeni planın yanvarın 21-də açıqlanacağı gözlənilir. Xatırladaq ki, yanvarın 15-də keçirilmiş səsvermədə Britaniya parlamentinin İcmalar Palatası ölkənin Avropa İttifaqından çıxmasına dair razılaşmanı qəbul etməyib. Həlledici səsvermə zamanı parlamentin 432 üzvü sənədin əleyhinə, 202 üzvü lehinə səs verib. Bu, son 100 ildə Britaniya hökumətinin parlamentdə üzləşdiyi ən ağır məğlubiyyət hesab olunur.

Ümumxalq müzakirələri birmənalı qarşılanmır

Fransa prezidentinin ümumxalq müzakirələrinə başlaması birmənalı qarşılanmayıb. Parlamentdəki “Təslim Olmayan Fransa” fraksiyasının rəhbəri Jan Lük Melanşon bu müzakirələri gözə kül üfürmə adlandırıb.  Deputatın fikrincə debatların əsas mövzusu ekologiya, maliyyə və dövlət institutları olub ki, bunların da barəsində uzun-uzadı danışmağa lüzum yoxdur. Melanşonun fikrincə dövlət başçısı davranış tərzinə görə daha çox monarxa bənzəyir. Bu arada, Yelisey sarayının keçmiş əməkdaşı Aleksandr Benalla ilə bağlı yeni fakt ortaya çıxıb. Fransa prezidentinin administrasiyası bildirib ki, keçmiş əməkdaş diplomatik və xidməti pasportları əldə etmək üçün saxta sənədlər təqdim edib. Administrasiya həmçinin Benallanın bu pasportlarla ötən ilin ikinci yarısında 20 dəfə ölkədən çıxdığını da qeyd edib. Məsələnin yaxın günlərdə parlamentin müzakirəsinə çıxarılaxcağı gözlənilir. Paris məhkəməsi isə etiraz aksiyalarında polisləri yumruqlayan keçmiş boksçu və bələdiyyə mıəmuru Kristof Detingerin həbs müddətinin davam etməsinə qərar verib.

Baş nazir Aleksis Tsipras etimad səsverməsini qazanıb

Yunanıstanın Baş naziri Aleksis Tsipras parlamentdə keçirilən etimad səsverməsini qazanıb. Səsvermənin nəticələrinə əsasən parlamentin 151 üzvü hökumət başçısının lehinə, 148 üzvü əleyhinə səs verib. Baş nazir Aleksis Tsipras etimad səsverməsinin keçirilməsi məsələsini yanvarın 13-də müdafiə naziri Panos Kamenos istefa verəndən və onun rəhbərlik etdiyi “Müstəqil yunanlar” partiyası koalisiya hökumətinin tərkibindən çıxandan sonra qaldırmışdı. Xatırladaq ki, istefaya Makedoniyanın adının dəyişdirilməsi ilə bağlı fikir ayrılığı səbəb olmuşdu. Makedoniya ilə Yunanıstan arasında ad üstündə mübahisə 1991-ci ildən davam edir. Yunanıstanda Makedoniya adlı əyalət olduğundan rəsmi Afina bu əyalətə qarşı ərazi iddialarının qaldırılmasından ehtiyat edir. 2018-ci ilin iyununda rəsmi Afina ilə Skopye arasında Makedoniyanın adının dəyişdirilməsi ilə bağlı saziş imzalanıb. Makedoniya parlamentinin təsdiq etdiyi müvafiq razılaşma Yunanıstan parlamenti tərəfindən də ratifikasiya olunmalıdır.

Ağ Evə və digər dövlət qurumlarına hücum planlaşdırmaqda şübhəli bilinən şəxs həbs olunub

ABŞ-da Ağ Evə və digər dövlət qurumlarına hücum planlaşdırmaqda şübhəli bilinən şəxs həbs olunub. Hüquq mühafizə orqanlarının verdiyi məlumata görə saxlanılan 21 yaşlı Haşer Cəlal Taheb bu hücumu təkbaşına planlaşdırıb. Saxlanılan zaman onun üzərində silah və  partlayıcı maddə aşkar olunmayıb.

Güclü qar avtomobillərin hərəkətində ciddi problemlər yaranıb

ABŞ-ın Kaliforniya ştatına güclü qar yağıb. Əlverişsiz hava şəraiti nəqliyyatın hərəkətində ciddi problemlər yaradıb. Görmə məsafəsinin azalması və yolların buz bağlaması avtomobillərin hərəkətini çətinləşdirib. Meteorologiya xidməti sürücüləri ehtiyatlı olmağa çağırıb. Çox sayda minik avtomobili qalın qar örtüyünün altında qalıb. Fəlakət zonasına qarın təmizlənməsi üçün xilasetmə briqadaları və ağır texnika cəlb edilib.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (20.04.2019) :
Azbuludlu Gecə : +5+7 | Gündüz: +9+11
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0249 | Satış: 0.026

Avro:
Alış: 1.8926 | Satış: 1.9489
AzTV TƏQDİM EDİR