Siyasət

Cenevrədə insan hüquqları və 2030-cu il dayanıqlı inkişaf gündəliyi üzrə dialoq və əməkdaşlıq görüşü keçirilib

17-01-2019 | 10:25        

  

Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının “2030: Dayanıqlı İnkişaf Gündəliyi və İnsan hüquqları üzrə dialoq və əməkdaşlıq” mövzusunda xüsusi görüşü keçirilib.

“İnsan hüquqları və 2030-cu il Dayanıqlı İnkişaf Gündəliyinin yerinə yetirilməsi üzrə dostlar qrupu”na üzv olan Azərbaycan, Braziliya, Çili, Danimarka, Ekvador, Fici, Kanada, Lüksemburq, Portuqaliya, Ruanda, Syerra Leon, Tailand və Uruqvayın daimi nümayəndəlikləri və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının birgə təşkilatçılığı ilə baş tutan tədbirdə münaqişələrin dayanıqlı inkişafa maneə yaratmasından bəhs edilib. Bildirib ki, münaqişələr insanların doğulduqları yerlərdə həyatlarını, ümidlərini və layiqli yaşayışlarını məhv edir. Hər gün minlərlə insan evindən qaçmaq məcburiyyətində qalır. Qeyd olunub ki, insan hüquqları ilə Dayanıqlı İnkişaf Məqsədlərinin qarşılıqlı asılılıq əlaqələri mühüm əhəmiyyətə malikdir. Tədbirə BMT-nin üzv dövlətləri, beynəlxalq təşkilatları, milli insan hüquqları institutlarını və QHT-ləri təmsil edən ümumilikdə 250-dən çox iştirakçı qatılıb. Qurumun İnsan Hüquqları üzrə Ali Komissarlığı tərəfindən hazırlanacaq hesabat İnsan Hüquqları Şurasına və Nyu-Yorkda hər il keçirilən Dayanıqlı İnkişaf Məqsədlərinin icrası üzrə Yüksək Səviyyəli Siyasi Foruma təqdim ediləcək.