Xarici xəbərlər

Dünyanın bir çox ölkələrində etirazlar ara vermir

18-11-2011 | 12:48        

  

Dünyanın bir çox ölkələrində etirazlar ara vermir. Yunanıstanda “Qara polkovniklər” hərbi xuntasının tələbələrə divan tutmasının 38-ci ildönümü qeyd edilib. Amerika Birləşmiş Ştatları, Böyük Britaniya və İspaniyada isə maliyyə islahatlarına və sosial ədalət tələbi ilə etirazlar keçirilib.

Yunanıstanın paytaxtı Afinada hökumətin “Qara polkovniklər” xuntasına qarşı etirazlarının 38-ci ildönümü nümayişlərlə qeyd olunub. Paytaxt Afina və Soloniki şəhərinin küçələrinə 50 mindən artıq insan çıxıb. 1973-cü ildə baş verən qanlı olaylarda hökumət qüvvələri tələbələrə divan tutub. Hadisələrin anım nümayişi son illərdə Yunanıstanda baş tutan ən izdihamlı etiraz aksiyası sayılır. Nümayişçilərlə onların qarşısını kəsməyə çalışan polislərlə qarşıdurma da baş verib. Polis izdihamı dağıtmaq üçün dəyənəklərdən və gözyaşardıcı qazdan istifadə etmək məcburiyyətində qalıb. Xəsarət alanların olduğu bildirilir. Amerika Birləşmiş Ştatlarında isə “Wall street-i zəbt et” hərəkatının başlanmasının ikinci ayı tamam olub. Bu gün münasibəti ilə bir çox şəhərlərdə aksiyalar                                                                                                                                         keçirilib. Sosial ədalət tələbi ilə küçələrə axışan nümayişçilərlə polis arasında qarşıdurmalar yaranıb. Ən çətin vəziyyət Nyu Yorkda qeydə alınıb. Belə ki, bu şəhərdə nümayişçilər bir çox yolları bağlayıblar. Los Ancelesdə də hərəkat iştirakçıları şəhər nəqliyyatılnın hərəkətini iflic ediblər. “Wall street-i zəbt et” hərəkatının üzvləri Nyu Yorkun fond birjasına yürüş ediblər. Onlar birjanın işini dayandırmaq istəyiblər. Asayiş keşikçiləri ilə qarşıdurmalarda yüzlərlə insanın həbs olunduğu bildirilir. Nümayişçilərin qarşısını almaq üçün polis dəyənəklərdən istifadə edib. Hərəkat iştirakçıları Nyu York metrosunun bir neçə stansıyasının girişini bağlayıb. Etirazçılar Nyu York şəhər meriyasına qarşı da şüarlar səsləndiriblər. İspaniyada isə orta məktəb müəllimləri və tələbələrin etiraz aksiyası keçirilib. Onlar hökumətin təhsilə ayırdığı maliyyə yardımını azaldılması niyyətinə etiraz edirlər. Nümayişlər dinc keçirilsə də bir qrup gənc İspaniya parlamentinin binasına hücum edib. Onlar konqresin pilləkanlarında etiraz aksiyalarını davam etdiriblər. Polis onları ərazidən uzaqlaşdırmaq istəyəndə qarşıdurma yaranıb. Aksiyanın 6 iştirakçısı həbs edilib. Britaniyanın paytaxtı Londonda da antikapitalistlərin etiraz aksiyası davam edir. Etirazçılar Londonun iş mərkəzi sayılan Sitidəki Müqəddəs Pavel kilsəsi qarşısında aksiya keçirirlər. Yerli hakimiyyət orqanları etirazçılardan qurduqları çadır düşərgəni sökülməsi ilə bağlı xəbərdarlıq ediblər. Lakin nümayişçilər aksiyalarını davam etdirəcəklərini bildiriblər. Siti rayonunun rəhbərliyi nümayişçilərin qurduqları çadır düşərgələrin köçürülməsi ilə bağlı məhkəməyə müraciət ediləcəyini bildiriblər. “Londonu zəbt et” hərəkatının üzvləri Müqəddəs Pavel kilsəsinin qarşısında 200-dək çadır qurublar. Onlar bank sahiblərinə qarşı şüarlar səslənidirirlər. Nümayişçilər hesab edir ki, dünyada hökm sürən maliyyə böhranına bank sahibləri günahkardırlar.