Cəmiyyət

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

18-11-2011 | 12:36        

  

Mərkəzi Seçki Komissiyasında qarşıdan gələn bələdiyyə seçkiləri ilə bağlı növbəti iclas keçirilib.  İclasda toplantının gündəliyi müəyyənləşib və MSK-nın 25 oktyabr tarixli iclasının protokolları təsdiqlənib.Bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərlə əlaqədar qeydiyyatdan keçən müşahidəçilərin sayı 5 min 401-ə çatıb. Bu barədə MSK sədri Məzahir Pənahov məlumat verib. Komissiya sədri  qeydiyyata alınan namizədlərin sayının min 551 nəfər olduğunu bildirib. Məzahir Pənahov qeyd edib ki, bülleten və protokolların çap edilməsi üçün qanunvericiliyin tələblərinə uyğun olaraq zəruri işlər görülür. İclasda komissiyanın reqlamenti və məntəqə seçki komissiyalarının fəaliyyətində “Seçki günü üçün yaddaş” kitabçasının tətbiqinə dair izah haqqında məsələlər müzakirə olunub.  MSK katibi Arifə Muxtarova və komissiya üzvü Fuad Cavadov bəzi dairə seçki komissiyalarının tərkibinə dəyişiklik edilməsi  barədə də məlumat xarakterli çıxış ediblər.  Sonra cari məsələlərə baxılıb. Qeyd edək ki, noyabrın 30-na təyin olunan seçkilər 86 seçki dairəsi və 330 bələdiyyə üzrə 464 yerə keçiriləcək.