Bölgələr

Səyahət həvəskarlarının, təbiət vurğunlarının çox xoşladıqları məkan - QUBA

14-01-2019 | 11:39        

  

Ölkəmiz gözəl təbiəti, tarixi abadələri, zəngin mətbəxi, qonaqpərvər insanları ilə böyük turizm potensialına malikdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər Azərbaycanda turizm infrastrukturunun müasirləşdirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Regionların sosial-iqtisadi inkişafı dövlət proqramı çərçivəsində reallaşan layihələr hesabına müasir infrastruktur yaradılmaqla bu potensial artıq səmərəli şəkildə istifadə olunur. Ölkənin əsas turizm məkanlarından olan Quba daim turistlərin diqqətindədir. Qış fəsli olmasına baxmayaraq hər gün həm yerli, həm də əcnəbi turistlər dağların qoynunda yerləşən bu gözəl məkana səyahət edir.

İlin bütün fəsilləri Quba qonaqlı-qaralı olur. Gözəl təbiəti, təmiz havası, geniş turizm imkanları, qədim tarixi abidələri. Qubanı Azərbaycanın ən çox qonaq qəbul edən məkanlarından birinə çevirən də məhz bu amillərdir. Təbiətin bəxş etdiyi nemətlərdən yararlanmaq istəyənlərin əsl ünvanıdır Quba. Ona görə də bura gələnlər arasında əcnəbilərlə yanaşı yerli turistlər də kifayət qədərdir. Quba həm də qədim tarix-mədəniyyət abidələri, sənətkarlıq nümunələri ilə də məşhurdur. Xalçaçılıq, misgərlik və digər qədim peşələrin qorunub saxlandığı Quba rayonu səyahət həvəskarlarının, təbiət vurğunlarının çox xoşladıqları məkanlardandır.

Son illər ölkədə turizmin inkişafı ilə bağlı həyata keçirilən layihələr, rayonun turizm imkanlarının inkişaf etdirilməsi də turistlərin sayının artmasının əsas səbəblərdəndir. Ona görə də bura bir dəfə gələn hər bir qonaq Qubaya yenidən gəlmək istəyir.

Qubada aparılan abadlıq- quruculuq işləri də rayona turistlərin cəlb edilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Turistlər əsasən rayonun simvolu olan Şahdağ, ucu-bucağı görünməyən sıx meşələr, şəlalələr, Qubanın qədim tarixi, nağıllar aləmini xatırladan Xınalıqla daha çox maraqlanırlar. Bir sözlə təbiətin bəxş etdiyi bütün gözəlliklərin canlı şahidinə çevrilmək istəyənlərin ünvanıdır Quba.

Hazırda şimal bölgəmizdə turizmin kənd, müalicə-sağlamlıq, ekoloji, mədəni, idman və digər növləri inkişaf etdirilir. Ona görə də ildən ilər turistlərin sayı da artır.

Mütəmadi olaraq Quba-Xınalıq, Quba-Nügədi-Təngəaltı və Quba-Qəçrəş istiqamətində turist səfərləri təşkil olunur. Məhz bu istiqamətdə əlaqədar təşkilatların əsas vəzifəsi səfalı guşələrdə, əsrarəngiz təbiətin qoynunda istirahətin və xidmətin təşkilinin müasir tələblər səviyyəsində qurulmasına nail olmaqdan ibarətdir. Görülən işlərin nəticəsidir ki, keçən il ölkəmizə 2 milyon 850 min xarici vətəndaş gəlib. Bu, 6 faiz artım deməkdir. Turizmin inkişafı ilə bağlı aparılan siyasət, görülən işlər eyni zamanda, ölkəmizin təbliğinə geniş imkanlar yaradır.