Siyasət

Ötən il ölkəmizə gələn əcnəbilərin sayı 6 faiz artıb

11-01-2019 | 15:57        

  

2018-ci il ərzində Azərbaycanda 3 milyona yaxın əcnəbi və vətəndaşlığı olmayan şəxs daxil olub. Bu da 2017-ci illə müqayisədə 6% çoxdur.

2018-ci il ərzində ölkəyə 2 milyon 845 min 697 əcnəbi və vətəndaşlığı olmayan şəxs daxil olub. 740 min 841 nəfər əcnəbi və vətəndaşlığı olmayan şəxs olduğu yer üzrə qeydiyyata alınıb. İl ərzində xidmətə həmçinin əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması, vətəndaşlığa qəbul, bərpa, vətəndaşlıqdan çıxma, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin alınması və mövcud iş icazələrinin müddətlərinin uzadılması ilə bağlı 82 min 953 müraciət daxil olub. 41 min 30 nəfərə müvəqqəti, 3 min 220 nəfərə daimi yaşama, 6 min 162 nəfərə iş icazəsi verilib. Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov ötən ilin yekunlarına həsr edilən mətbuat konfransında bu barədə məlumat verdi. Bildirdi ki,  keçən il miqrasiya qanunvericiliyinin tələblərinin pozulması ilə bağlı 19 min 210  qərar qəbul edilib. Bu da ötən dövrlə müqayisədə 11 % azalma deməkdir. Əcnəbilərin elektron xidmətlərə çıxışının asanlaşdırılması, edilən müraciətlərə, həm də olduğu yer üzrə qeydiyyata sərf ediləcək vaxtın minimuma endirilməsi məqsədilə  Xidmətin yeni mobil tətbiqi – MİGAZ ictimaiyyətə təqdim olunub. Bundan başqa ötən il 800-ə yaxın sahibkarın iştirakı ilə 7 görüş keçirilib.

2018-ci ildə Xidmətin fəaliyyət imkanları genişləndirilərək, “Samur”, “Astara”, “Şıxlı” dövlət sərhədindən buraxılış məntəqələrində 24 saat xidmət göstərən miqrasiya bölmələri yaradılıb. Yaxın vaxtlarda Xidmətin Bakı Regional Bölməsinin yeni qəbul şöbəsi fəaliyyətə başlayacaq.