Rəsmi xronika

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib

11-01-2019 | 13:20        

  

Bu gün Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və bu il qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. Dövlət başçısı 2019-cu ili 650 illiyi qeyd olunan böyük Azərbaycan şairi “İmadəddin Nəsimi ili” elan edib.

Prezident İlham Əliyev 2018-ci ilin ölkəmiz üçün uğurlu olduğunu, dünyada və bölgədə gedən proseslərə baxmayaraq, Azərbaycanın hərtərəfli və dinamik inkişaf etdiyini bildirdi. Ötən il regionların sosial-iqtisadi inkişafı ilə bağlı üçüncü 5 illik prorqamın başa çatdığını, bu il dördüncü proqramın qəbul olunacağını, ötən il bölgələrə 24 dəfə səfər etdiyini deyən dövlət başçısı ölkəmizdə ictimai-siyasi vəziyyətin sabit olduğunu, xarici siyasət sahəsində də bir sıra uğurların əldə edildiyini, bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin sayının artdığını bildirdi, Ermənistan istisna olmaqla qonşu ölkələrlə əlaqələrin yüksək səviyyədə olduğunu vurğuladı. Dövlət başçısı Avropa İttifaqı ilə Azərbaycan arasında  imzalanan  tərədaşlıq prioritetləri sənədinin əhəmiyyətini vurğladı, Azərbaycanın bu ildən Qoşulmama Hərəkatına sədrlik etdiyini dedi, Xəzər dənizinin hüquqi statusu ilə bağlı imzalanan konvensiyada ölkəmizin mövqeyinin əksini tapdığını bildirdi. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışarkən dövlət başçısı vurğuladı ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq. Prezident İlham Əliyev onu da qeyd etdi ki, 2018-ci ildə hərbi sahədə böyük naliyyətlər qazanılıb, uğurlu Naxçıvan əməliyyatı nəticəsində 11 min hektar torpağa tam nəzarət olunur. Prezident İlham Əliyev xüsusi vurğuladı ki, 2018-ci ildə üçüncü peykimiz orbitə buraxılıb, Cənub Qaz Dəhlizinin rəsmi açılışı olub, TANAP layihəsi işə düşüb, Ələt beynəlxalq ticarət limanı fəaliyyətə başlayıb. 2018-ci ili həm də dərin islahatlar dövrü kimi xarakterizə edən dövlət başçısı əsas iqtisadi göstəricilərdən danışarkən bildirdi ki, ötən il ÜDM 1,4 faiz olub. Qeyri-neft sektoru 1,8, sənaye istehsalı 1,5, kənd təsərrüfatı isə 4,6 faiz artıb. Valyuta ehtiyatları 45 milyard dollara çatıb, ölkədə 118 min daimi iş yeri yaradılıb.

Sonra maliyyə naziri Samir Şərifov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev 2018-ci ildə görülən işlər və qarşıda duran vəzifələr haqqında məruzə etdilər.

Yekun çıxışında 2019-ci ildə qarşıya qoyulan vəzifələrin icra ediləcəyinə əminliyini ifadə edən Prezident İlham Əliyev bildirdi ki, vergi və gömrük sahəsində aparılan islahatlar çox böyük əhəmiyyət daşıyır. Dövlət başçısı qeyd olunan sahələrdə şəffaflığın, dürustluğun təmin edildiyini, korrupsiyaya qarşı güclü mübarizənin aparıldığını, sağlamlaşdırma prosesinin getdiyini və artıq gözəl nəticələrin əldə edildiyini vurğuladı. Bu il də infrastruktur layihələrinin icra ediləcəyini deyən Prezident İlham Əliyev qazlaşdırma, içməli su təminatı, kənd və magistral yolların salınmasının, meliorativ tədbirlərin görülməsinin, məcburi köçkünlərin, şəhid ailələri və Qarabağ əlillərinin, həmçinin həbçilərin sosial şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlərin həyata keçiriləcəyini vurğuladı. Bu il yeni məktəblərin, tibb müəssisələrinin, olimpiya-idman komplekslərinin, ASAN xidmət mərkəzlərinin, xalça fabriklərinin tikiləcəyini deyən Prezident İlham Əliyev sahibkarlığın inkişafına dair əlavə addımların atılacağını, xaricdə yeni ticarət evlərinin açılacağını qeyd etdi, ölkədə yeni sənaye parklarının və məhəllələrinin yaradılmasının əhəmiyyətinə toxundu, kənd təsərrüfatında, həmçinin turizm sahəsində islahatların nəticə verəcəyinə əmin olduğunu bildirdi. Sonda Prezident İlham Əliyev 2019-cu ili 650 illiyi qeyd olunan böyük Azərbaycan şairi “İmadəddin Nəsimi ili” elan etdi.