Xarici xəbərlər

Dünyada baş verən ən son hadisələr

11-01-2019 | 11:07        

  

“Sarı gödəkçəlilər” hərəkatı növbəti etiraz aksiyalarına hazırlaşır

“Sarı gödəkçəlilər” hərəkatı həftə sonu Fransanın böyük şəhərlərində növbəti etiraz aksiyalarına hazırlaşır. Son 2 həftədə nisbətən zəifləyən etirazların bu həftə yenidən güclənəcəyi şübhə doğurmur. Bu dəfə ən böyük aksiyaların Parislə yanaşı paytaxtdan 250 km məsafədə yerləşən Burj şəhərində keçirilməsi planlaşdırılır.  Öz növbəsində güc strukturları da cavab tədbirlərinə hazırlaşır. Ötən həftədən fərqli olaraq bu dəfə polis tam qüvvə ilə səfərbər ediləcək. Jandarm, xüsusi təyinatlılar və digər xidmətlər də daxil olmaqla 89 min nəfər səfərbər olunacaq.  Zirehli avtomobillər və səyyar istintaq qrupları fəaliyyətdə olacaq. Həbs edilənlərin çox olacağını nəzərə alaraq polis bölmələrində əlavə kameralar təşkil edilib. Bu arada, internetdə polislərin xeyrinə ianə toplama kampaniyası ölkədə ciddi narazılıq doğurub. Cəmi 1 sutka ərzində fondda 1.3 milyon avro vəsait toplanması ciddi şübhə yaradıb. İKT mütəxəssisləri bunun manipulyasiya xarakterli proqram təminatı olduğunu iddia edirlər.

Afinaya rəsmi səfər edən Angela Merkel ilə Aleksis Tsipras arasında görüş keçirilib

Almaniya kansleri Angela Merkel Afinaya iki günlük rəsmi səfər edib. Səfər çərçivəsində  o,  Yunanıstanın baş naziri Aleksis Tsipras ilə görüşüb. Tərəflər arasında əsas müzakirə mövzuları Yunanıstandakı iqtisadi vəziyyət  və Makedoniya Respublikasının adının dəyişdirilməsinə dair Afina ilə Skopye arasında imzalanmış saziş olub . “Bu qərar  Yunanıstan və Makedoniya ilə yanaşı bütün Avropa üçün faydalı olacaq”-deyə Almaniya kansleri görüşdən sonra keçirilən birgə mətbuat konfransında  bildirib.  Angela Merkelin Yunanıstana gəlişi etirazlarla müşayiət edilib. Afinanın mərkəzinə toplaşan solçu fəallar Avropa İttifaqı, Beynəlxalq Valyuta Fondu və NATO əleyhinə şüarlar səsləndiriblər. Onlar Yunanıstan parlamenti və Avropa İttifaqının yerli nümayəndəliyinin binasına daxil olmağa cəhd ediblər. Polis narazı kütləni dağıtmaq üçün dəyənək və gözyaşardıcı qazdan istifadə edib.

Yaponiyanın Baş naziri “Breksit” razılaşmasını tam dəstəkləyir

Bütün dünya Böyük Britaniyanın Avropa İttifaqından razılaşmasız çıxmasının qarşısının alınmasını istəyir. Bu sözləri Yaponiyanın Baş naziri Sindzo Abe Londonda Britaniyanın Baş naziri Tereza Meylə görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib. Yaponiyanın Baş naziri rəsmi Londonla Brüssel arasında “Breksit”ə dair əldə olunmuş razılaşmanı tam dəstəklədiyini bildirib. Görüş zamanı tərəflər Yaponiya ilə Böyük Britaniya arasında iqtisadi əlaqələrin inkişafı məsələlərini də müzakirə ediblər.

Öz növbəsində, Böyük Britaniyanın Baş naziri Tereza Mey parlamentin İcmalar Palatasının üzvlərini Avropa İttifaqı ilə əldə olunmuş razılaşmanı dəstəkləməyə səsləyib.

Qeyd edək ki, Yaponiya Baş nazirinin Britaniyaya səfəri “Breksit”in şərtləri ilə bağlı İcmalar Palatasında keçirilən debatlar fonunda baş tutub. Yanvarın 15-də parlamentdə bununla bağlı səsvermə keçiriləcək.

Prezident Donald Tramp Meksika ilə sərhəddə səddin inşasını maliyyələşdirmək üçün fövqəladə vəziyyət elan edə bilər

ABŞ Prezidenti Donald Tramp Konqresin razılığı olmadan Meksika ilə sərhəddə səddin inşasını maliyyələşdirmək üçün ölkədə fövqəladə vəziyyət elan edə biləcəyini deyib. ABŞ-Meksika sərhədinə baş çəkən Donald Tramp belə bir qərar qəbul etməyə tam haqqının çatdığını bildirib. Dövlət başçısı qeyd edib ki, səddin tikinti xərclərini dolayı yolla Meksika ödəyəcək. Xatırladaq ki, Meksika ilə sərhəddə səddin inşasına maliyyə vəsaitinin ayrılması ilə bağlı Konqresdə respublikaçılarla demokratların razılığa gələ bilməməsi bir sıra dövlət qurumlarının fəaliyyətinin dayandırılması ilə nəticələnib. Yüz minlərlə dövlət qulluqçusu ödənişsiz məzuniyyətə göndərilib. Bu vəziyyət dekabrın 22-dən davam edir. Səddin tikintisi üçün 5,7 milyard dollar vəsaitin ayrılması büdcə layihəsinə daxil edilməsə, Prezident Donald Tramp dövlət qurumlarının maliyyələşməsi və fəaliyyətini bərpa etməsi üçün sənədi imzalamaq niyyətində deyil.

Bavariyada güclü qar nəqliyyatın hərəkətini iflic edib

Almaniyanın cənubunda qarlı hava şəraiti davam edir. Bavariya vilayətinin Berxtesqaden kommunası tamamilə qarın altında qalıb. Məktəblər artıq bir neçə gündür bağlıdır. Relslərdə əmələ gələn qalın qar örtüyünə görə dəmiryol nəqliyyatının hərəkəti iflic olub. Yollar və avtomobillər də qarın altında qalıb. Fəlakət zonalarına qarın təmizlənməsi üçün xilasedicilərlə yanaşı  hərbçilər və ağır texnika da cəlb edilib. Meteoroloqlar qar uçqunu təhlükəsi ilə bağlı xəbərdarlıq ediblər. Əlverişsiz hava şəraitinin hələ bir neçə gün davam edəcəyi proqnozlaşdırılır.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (17.01.2019) :
Sulu qar Gecə : +2+4 | Gündüz: +4+6
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0251 | Satış: 0.0262

Avro:
Alış: 1.9277 | Satış: 1.9562
AzTV TƏQDİM EDİR