Rəsmi xronika

Prezident İlham Əliyev Şəki rayonuna səfər edib

17-11-2011 | 22:30        

  

Noyabrın 17-də Prezident İlham Əliyev Şəki rayonuna səfərə gəlib.
Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Şəki şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoyub.
Prezident İlham Əliyevə abidənin ətrafında görülmüş abadlıq-quruculuq işləri barədə məlumat verilib. Bildirilib ki, ərazidə yaşıllıq zolağı daha da genişləndirilmişdir.

 

 ***

Prezident İlham Əliyev Şəki Olimpiya İdman Kompleksinin yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub.

Dövlətimizin başçısı kompleksin yenidənqurmadan əvvəlki və sonrakı vəziyyətini əks etdirən stendlərə baxıb.

Məlumat verilib ki, regionun ən böyük olimpiya idman komplekslərindən biri olan bu idman mərkəzi 2002-ci ilin noyabrında ulu öndər Heydər Əliyevin iştirakı ilə açılmışdı. O vaxtdan başlayaraq bu kompleksdə bir çox idman yarışları, təlim məşqləri və digər ictimai-sosial tədbirlər keçirilmişdir. Son dövrlərdə isə ərazisi bir qədər də genişləndirilmiş kompleks aparılan yenidənqurma işləri nəticəsində müasir standartlar səviyyəsinə çatdırılmışdır. Buradan aydın görünür ki, ölkəmizdə bütün idman qurumlarının bir yerdə fəaliyyət göstərməsi uğurlu nəticənin əldə olunmasının əsas səbəblərindən biridir. Bu sırada Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın idmançılara olan diqqəti də nəzərdən qaçmır. Azərbaycan Gimnastika Federasiyasının prezidenti kimi Mehriban xanım Əliyevanın səmərəli fəaliyyəti bu sahədə ölkəmizin ciddi uğurlar qazanması ilə müşayiət olunur. Bir sözlə, Azərbaycan dünya idman aləminə nəhəng mərkəzlərdən biri kimi daxil olmuşdur və nailiyyətin təməlində ölkəmizdə idmana olan yüksək münasibət dayanır.

Azərbaycan Prezidenti voleybol zalına və hovuza baxıb, ikinci mərtəbədəki konfrans zalında yaradılmış şəraitlə tanış olub.

Qeyd edilib ki, kompleksdə yenidənqurma işlərinə 2008-ci ildən başlanılmışdır. Sahəsi 8 min kvadratmetr olan kompleksdə 2,2 min kvadratmetrlik böyük idman zalı yaradılmışdır. Kiçik idman zalının sahəsi isə 1800 kvadratmetrdir. İdman zalları gələcəkdə burada irimiqyaslı beynəlxalq və yerli əhəmiyyətli yarışların keçirilməsinə tam imkan verir. İdman və sağlamlıq üçün bütün infrastrukturun yaradıldığı Olimpiya Kompleksində hər biri 800 kvadratmetr olmaqla hovuz və SPA mərkəzi, 240 kvadratmetr sahədə isə trenajor zalı yaradılmış və zəruri idman avadanlığı quraşdırılmışdır.

Yenidənqurma işləri nəticəsində kompleksin ərazisində 1400 kvadratmetr sahəni əhatə edən akvapark yaradılmışdır. Bütün əyləncə növlərinin olduğu bu kompleksdə restoran və boulinq zalı da fəaliyyət göstərəcəkdir. Konfrans zalının, internet klubun da yaradıldığı Şəki Olimpiya İdman Kompleksinin tərkibinə 1500 kvadratmetr sahəsi olan otel bölməsi də daxildir. Kompleksin ərazisində 8 min kvadratmetr sahəsi olan futbol meydançası da yaradılmışdır. Ərazidəki 27 kottecdə idmançıların istirahəti üçün bütün imkanlar vardır. Otel də daxil olmaqla bu kotteclər Şəkidə təşkil olunan yarışlarda iştirak etməyə gələn idmançıların qalması və istirahəti üçün nəzərdə tutulmuşdur. Kompleksdə uşaqların da idman növləri ilə məşğul olmaları üçün bütün şərait vardır. Burada balacalar üçün 380 kvadratmetrlik uşaq əyləncə binası da tikilmişdir. Kompleksdə yaradılan şərait bir daha təsdiqləyir ki, dünyada özünün sürətli iqtisadi inkişafı ilə fərqlənən Azərbaycan həm də nəhəng idman mərkəzinə çevrilməyi qarşıya məqsəd qoymuşdur. Bu məqsədə nail olmaq yolunda atılan addımlar isə öz bəhrəsini verir.

Dövlətimizin başçısı, həmçinin idmançıların, eləcə də xarici qonaqların qalması üçün burada yaradılan otaqlara, kotteclərə və uşaqlar üçün əyləncə və istirahət mərkəzinə baxıb.

Bildirildi ki, buradakı “Karvan” restoranında nümunəvi xidmət göstəriləcəkdir.

Prezident İlham Əliyev yenidənqurma işlərindən razılığını bildirib.

 

***

 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 17-də Şəkiyə səfəri çərçivəsində mərkəzi xəstəxananın açılışında iştirak edib.

 

***

                                 

 

Noyabrın 17-də Prezident İlham Əliyev Şəkiyə səfəri çərçivəsində “Green Hill İnn” mehmanxanasının açılışında iştirak edib.

Dövlətimizin başçısı mehmanxananın rəmzi açılışını bildirən lenti kəsib.

Məlumat verilib ki, beşmərtəbəli turizm kompleksinin ümumi ərazisi 1,2 hektardır. Kompleksə daxil olan otel və kotteclərin ümumi sahəsi isə 5 min kvadratmetrdən çoxdur. Ərazidə mehmanxana binası ilə yanaşı, yardımçı tikililər, böyük və kiçik hovuz yaradılmışdır. Mehmanxananın həyəti abadlaşdırılmış, geniş yenidənqurma işləri aparılmış, yaşıllıq zolağı salınmışdır.

Prezident İlham Əliyev mehmanxananın ərazisində görülməsi nəzərdə tutulan işləri əks etdirən stendə baxıb, ən yuxarı mərtəbədən şəhərin mənzərəsini seyr edib. Şəkidə həyata keçirilən geniş quruculuq-abadlıq işləri barədə dövlətimizin başçısına məlumat verilib.

Bildirilib ki, mehmanxananın 4 mərtəbəsi apartament nömrələrdir. Burada 4 birotaqlı, 12 ikiotaqlı, 8 üçotaqlı, 3 dördotaqlı nömrələr qonaqlara təklif olunur. Mehmanxana binasının beşinci mərtəbəsində isə 18 otaq yaradılmışdır. Nömrələrin hamısı ən son informasiya-kommunikasiya avadanlığı, o cümlədən internetlə təmin olunmuşdur. Binada sürətli liftlər quraşdırılmışdır.

Qeyd edilib ki, müasir havalandırma sistemləri ilə təchiz edilən mehmanxana kompleksinin ərazisində, həmçinin kottec tipli istirahət və əyləncə otağı, SPA, fitnes, yeməkxana və asudə vaxtın səmərəli keçirilməsi üçün otaqlar vardır. Mehmanxana kompleksində 200 nəfər işlə təmin edilmişdir.

“Green Hill İnn” mehmanxanası Şəkinin turizm potensialının göstəricisi olmaqla bu bölgənin imkanlarını da nümayiş etdirir. Burada yaradılan şərait təsdiqləyir ki, müasir dövrdə turizmin əsas məqsədi ölkə iqtisadiyyatının kompleks inkişafını təmin etməkdir. Son illər Azərbaycanda turizmin ölkə iqtisadiyyatının mühüm hissəsinə çevrilməsi, bu sahədə xırda və orta sahibkarlıq üçün möhkəm bazanın yaradılması regionların infrastruktur cəhətdən inkişafını da təmin edir.

Dövlətimizin başçısı mehmanxananın açılışı münasibətilə təbriklərini çatdırıb.

***

 

Noyabrın 17-də Prezident İlham Əliyev Şəki şəhərində “Aşağı Karvansaray” kompleksində aparılan təmir-bərpa işləri ilə tanış olub.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan Prezidentinə məlumat verib ki, qədim abidələrlə zəngin bölgələrimizdən olan Şəkidəki XIX əsrə aid “Aşağı Karvansaray” Yaxın Şərqdə ən böyük karvansaradır. Kompleksdə əsaslı təmir və bərpa işlərinin aparılması dövlətimizin tarixi keçmişimizin qorunmasına olan həssas münasibətindən qaynaqlanır. Şəkinin özünəməxsus memarlıq üslubunu əks etdirən və 8 min kvadratmetr ərazini əhatə edən bu tarixi binada 200-dən çox otaq vardır.

Dövlətimizin başçısı kompleksin əvvəlki vəziyyətini, təmir-bərpa işlərinin gedişini və istifadədən sonrakı vəziyyətini əks etdirən stendə baxıb.

Diqqətə çatdırıldı ki, xüsusi layihə əsasında aparılan bərpa işlərinə 2010-cu ilin yanvarında başlanılmışdır. Təmir-bərpa işlərinin bu ilin dekabrında başa çatdırılması nəzərdə tutulur. Hazırda işlərin birinci mərhələsi həyata keçirilir.

Kompleksdə görülən işlər barədə məlumat verilərkən bildirilib ki, indiyədək uzunluğu 5,2, eni isə 4,3 metr olan 30 tağbənd qurulmuş, 5 min 197 kvadratmetrlik dam örtüyünün konstruksiyası yenidən quraşdırılaraq kirəmitlə örtülmüşdür. Bundan başqa, kompleksdə 5,2 min kvadratmetr damüstü sahə torpaqdan təmizlənmiş və yenidən qurulmuşdur. Burada 3 min 146 kvadratmetr fasad, 16 min 428 kvadratmetr interyer və tağbəndlər köhnə suvaqdan təmizlənmişdir. Kompleksin şimal-qərb fasadları qarşısında 175 metr məsafədə 2,5 metr hündürlüyündə istinad divarları hörülmüşdür. Ərazidə 5 min 280 kvadratmetr sahəyə kərpic döşənmiş, 3 min 82 kvadratmetr sahəyə yeni tirlər qoyulmaqla taxta döşəmə vurulmuşdur. Eyvanlar bərpa olunmuş, 8 tay darvaza, 170 pəncərə, 128 qapı yenilənmişdir. Bundan başqa, kompleksdə 32 eyvan tağı bərpa edilmişdir. Burada ümumilikdə, zirzəmi də daxil olmaqla 253 otaq vardır.

Diqqətə çatdırılıb ki, “Aşağı Karvansaray” kompleksində aparılan tikinti-bərpa işlərinin ikinci mərhələsində 60-80 nəfərlik mehmanxananın tikilməsi nəzərdə tutulur. Kompleksdə ilk dəfədir ki, bu cür əsaslı təmir-bərpa işləri həyata keçirilir.

Prezident İlham Əliyev tikinti və bərpa işlərinin yüksək keyfiyyətlə yerinə yetirilməsinə, eləcə də karvansaranın gələcəkdə istifadəsinə dair tapşırıq və tövsiyələrini verib.

 

***

 

Noyabrın 17-də Prezident İlham Əliyev Şəkiyə səfəri çərçivəsində Sabit Rəhman adına Dövlət Dram Teatrının binası ilə tanış olub.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dövlətimizin başçısına məlumat verib ki, 1973-cü ildə ipəkçilərin mədəniyyət sarayı kimi fəaliyyətə başlamış bu bina iki ildən sonra Sabit Rəhman adına Dövlət Dram Teatrının kollektivinin ixtiyarına verilmişdir. Teatr maraqlı çıxışları ilə təkcə Şəkinin deyil, ölkəmizin bütün sənətsevərlərinin rəğbətini qazanmışdır. Teatr binasının uzun müddət əsaslı təmir olunmaması kollektivin fəaliyyətinə təsirsiz ötüşməmişdir. Prezident İlham Əliyevin Sərəncam və göstərişləri əsasında indi ölkəmizin bütün tarixi abidələri, sənət ocaqları əsaslı şəkildə yenidən qurulur. Buna uyğun olaraq, Şəki Dövlət Dram Teatrının binasının da əsaslı təmiri planlaşdırılır.

Dövlətimizin başçısı təmir-bərpa işlərinin yüksək səviyyədə aparılması ilə bağlı tapşırıq və tövsiyələrini verib.

 

***

 

Noyabrın 17-də Prezident İlham Əliyev “Aqroinvestkom” MMC-nin Şəki şərab zavodunun açılışında iştirak edib.

Dövlətimizin başçısına məlumat verilib ki, 2004-2008-ci illərdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq yaradılan zavodun ümumi sahəsi 7,8 hektardır. Tikintisinə 2008-ci ildə başlanılan zavod ildə 3 min ton üzüm emal etmək gücünə malikdir. Lakin gələcəkdə bu rəqəmin 10-15 min tona çatdırılması nəzərdə tutulmuşdur.

Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin və dövlətimizin başçısının ölkəmizdə özəl sektorun, o cümlədən üzümçülüyün inkişafına göstərdiyi diqqət və qayğını əks etdirən fotolardan ibarət stendə baxdı.

Sonra dövlətimizin başçısı zavodu işə salan düyməni basıb.

Məlumat verilib ki, burada üzümün qəbulu, fermentləmə, texnoloji emal, markalı şərabların istehsalı və qablaşdırma sexləri yaradılmışdır. Üzümün qəbulu sexində ağ və qırmızı üzüm növləri üçün iki qəbuledici bunker, üzüməzən avadanlıq quraşdırılmışdır. Burada iki xətt ağ və qırmızı, bir xətt isə elit şərabların istehsalı üçün nəzərdə tutulmuşdur. Sexdə, həmçinin Azərbaycanda ilk dəfə üzümün tumlarını ayıran qurğu da quraşdırılmışdır. Digər sexlər də ən son avadanlıqla təchiz edilmişdir. İstehsal prosesi kompyuterləşdirilmiş sistemlə idarə edilir.

Qablaşdırma sexi ilə tanışlıq zamanı bildirilib ki, burada qurulmuş müasir avadanlıq saatda 3 min şüşə şərab doldurmağa imkan verir. Bu zavodda ilkin mərhələdə süfrə şərablarının istehsalı nəzərdə tutulmuşdur. Sexdə qablaşdırılan şərablar “Çinar” markasının texnologiyasına uyğun hazırlanır. İstehsalın sonrakı mərhələsində “Şəki”, “Çələbi”, “Karvansaray”, “Xan sarayı” adı ilə şərabların istehsalı planlaşdırılır. İstehsalın üçüncü mərhələsində, yəni 2012-ci ildən kəmşirin, portveyn və desert tipli şərabların istehsalına üstünlük veriləcəkdir. İstehsalın dördüncü mərhələsində isə konyak spirti və konyak istehsalı sexinin yaradılması planlaşdırılır. Şərab zavodunda istehsal üçün üzüm məhsulunun tədarükündə Şəki ilə yanaşı, əsasən Oğuz və Qəbələ rayonlarının potensialından da istifadə olunacaqdır. Kənar asılılıqdan yaxa qurtarmaq məqsədi ilə müəssisənin nəzdində 200 hektar üzüm bağı salınması nəzərdə tutulur. Üzüm bağlarının salınması zamanı yerli sortlara – “Mədrəsə”, “Bayanşirə” və “Şirvanşah”a üstünlük veriləcəkdir.

Dövlətimizin başçısı istehsalat korpusunda hazır məhsulun saxlanması anbarı ilə tanış oldu. Bildirildi ki, markalı şərabların istehsalı sexində Fransadan gətirilmiş palıd ağacından hazırlanan, hər biri 228 litrlik çəllək qoyulmuşdur. Bu, şərabın daha yüksək keyfiyyətlə saxlanmasına imkan verir.

Qeyd edilib ki, məhsulun rəqabətədavamlı olması məqsədi ilə zavodda quraşdırılan avadanlığın hamısı İtaliyanın bu sahədə ixtisaslaşmış şirkətinin istehsalıdır. Texnoloji avadanlığın daşınması, quraşdırılması və sınaqları da italiyalı mütəxəssislərin rəhbərliyi və iştirakı ilə aparılmışdır. Zavodun ərazisində ikimərtəbəli inzibati bina, istehsalat proseslərinə və hazır məhsullara texniki-kimyəvi və mikrobioloji nəzarət üçün laboratoriya, yeməkxana, konfrans zalı yaradılmışdır. Burada, həmçinin qonaq evi də inşa olunmuşdur. Zavodun həyəti də abadlaşdırılmış, yaşıllıq zolağı salınmışdır.

Prezident İlham Əliyev görülmüş işləri yüksək qiymətləndirib, kollektivə uğurlar arzulayıb.