Siyasət

“2012-ci ilin dövlət büdcəsi haqqında” qanun layihəsi Milli Məclisin daha altı komitəsinin birgə iclasında müzakirə olunub

17-11-2011 | 16:00        

  

“2012-ci ilin dövlət büdcəsi haqqında” qanun layihəsi Milli Məclisin elm və təhsil, hüquq siyasəti və dövlət quruculuğu, insan haqqları, regional məsələlər, beynəlxalq münasibətlər və parlamentlərarsı əlaqələr, mədəniyyət komitələrinin birgə iclasında müzakirə olunub. Əsas hissəsi sosial yönümlü xərclərə ayrılması proqnozlaşdırılan büdcədən gələn il təhsil, elm, mədəniyyət, səhiyyə, sosial təminat, bədən tərbiyəsinə ayrılan vəsaitin həcmi artırılacaq. 

Gələn il dövlət büdcəsindən elm, təhsil, səhiyyə, mədəniyyət, sosial təminat, bədən tərbiyəsi və gənclər siyasəti xərcləri üçün 4 milyard 325 milyon manat vəsait ayrılması proqnozlaşdırılıb ki, bu da 2011-ci ilin təsdiqlənmiş büdcə xərclərindən 10,8 faiz çoxdur. Bütövlükdə həmin sahələr üzrə nəzərdə tutulmuş vəsaitlərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 25,5 faizə çatmaqla 2011-ci illə müqayisədə 1 faiz artacaqdır. Layihə barədə maliyyə naziri Samir Şərifov məlumat verərək deyib ki,  2012-ci il dövlət büdcəsində qeyd olunan sahələr üzrə dövlət proqramlarının və tədbirlərin maliyyə təminatı üçün 666 milyon manat vəsait nəzərdə tutulub. Sosial yönümlü xərclərin büdcədəki çəkisi 27,8 faiz olmaqla 2011-ci illə müqayisədə 0,9 faiz artacaq. Milli Məclisin elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev, hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə, beynəlxalq münasibətlər və parlamentlərarsı əlaqələri komisətinin sədri Səməd Seyidov, insan haqqları komitəsinin sədri Rəbiyyət Aslanova, mədəniyyət komitəsinin sədri Nizami Cəfərov, ombudsman Elmira Süleymanova və millət vəkilləri çıxışlarında növbəti ilin büdcə layihəsinin müsbət xarakterik xüsusiyyətlərini qeyd etməklə gələcəkdə nəzərə alınması üçün bir sıra təkliflər səsləndiriblər. Qeyd olunub ki, 2012-ci ilin dövlət büdcəsi də sosial və investisiya yönümlüdür. Məqsədli olaraq “2008-2015-ci illərdə Azərbaycanda əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın davamlı icrası üçün 112 milyon manat, elmi-tədqiqat layihələrinin Elmin İnkişaf Fondu vasitəsilə həyata keçirilməsi üçün 7 milyon manat, sosial ipoteka üçün 20 milyon manat, diplomatik xidmət orqanlarının və konsulluqlarının saxlanması xərcləri üçün 54 milyon manat vəsait ayrılacaq. Diplomatik xidmət orqanlarının və konsulluqların saxlanması üçün büdcə vəsaitlərinin 2011-ci ilə nisbətən 3,5 faiz çoxalması 65 səfirlik və nümayəndəliyimizin sayının artırılmasına yaxşı imkan yaradacaq. Gələn ilin icmal büdcəsinin gəlirləri 18 milyard 220 milyon, xərcləri 20 milyard 26 milyon manat proqnozlaşdırlıb. İcmal büdcəyə daxil Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin xərcləri 2 milyard 454 milyon manat təşkil edəcək. Millət vəkilləri 2012-ci ildə də Azərbaycanın mövcud dinamik inkişafının davam edəcəyinə kifayət qədər əsas və real imkanlar olduğunu söyləyiblər. Milli Məclis sədrinin müavini Bahar Muradova iclasa yekun vuraraq deyib ki, gələn ilin dövlət büdcəsi də qarşıya qoyulan məqsədlərə çatmağa imkan yaradır. Müzakirələrdən sonra layihə parlamentin plenar iclasında baxılmağa tövsiyə olunub.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (28.09.2016) :
Yağış Gecə : +15+17 | Gündüz: +20+22
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.5966 | Satış: 1.6944

Rubl:
Alış: 0.0245 | Satış: 0.0265

Avro:
Alış: 1.7862 | Satış: 1.9053
AzTV TƏQDİM EDİR