Rəsmi xronika

Prezident İlham Əliyev Qax rayonunda səfərdə olub

17-11-2011 | 11:42        

  

Prezident İlham Əliyev Qax rayonunda səfərdə olub. Dövlət başçısı  ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib. Prezident İlham Əliyev abidə ətrafında aparılmış abadlıq və tikinti işləri ilə tanış olub.

Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyası rayon təşkilatının  yeni inzibati binasının açılışında da iştirak edib. Dövlət başçısına məlumat verilib ki, binanın tikintisinə 2010-cu ilin yanvar ayında başlanıb. 2 mərtəbəli binanın girişində ulu öndər Heydər Əliyevin büstü qoyulub. Divarlarda partiyanın yaradıcısı Heydər Əliyevin və ölkə prezidenti , partiyanın sədri  İlham Əliyevin partiya qurultaylarında iştiraklarını əks etdirən fotolar düzənlənib, Buradakı otaqlarda, tədbirlər zalında  səmərəli fəaliyyət üçün hər cür şərait yaradılıb. İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi də xüsusi diqqətdə saxlanıb. Bütün otaqlar lazımi avadanlıqla təchiz edilib. Dövlət başçısına məlumat verilib ki, partiyanın rayon təşkilatı ölkədə 7-ci yaradılan təşkilatdır və 1993-cü ilin sentyabrından fəaliyyət  göstərir.   Prezident İlham Əliyev Qaxdakı rayonlararası və rayondaxili Avtovağzal Kompleksinin açılışında da iştirak edib. Dövlət başçısına bildirilib ki, Avtovağzal Kompleksinin tikintisinə də 2010-cu ilin əvvəlində başlanıb. Sərnişinlərin hərtərəfli istirahəti üçün yaradılan park da müasirliyi ilə seçilir. İşıqlandırma sistemi də mükəmməldir.  Kompleksə avtomobillər üçün texniki müayinə, anbar-qazanxana və mağaza binaları da daxildir.  Binanın 1-ci mərtəbəsindəki gözləmə salonunda sərnişinlər üçün hər cür rahatlıq yaradılıb. Burada ana və uşaq otağı da fəaliyyət göstərəcək. Kompleksdə sərnişinlərin əşyalarının saxlanması üçün kameralar quraşdırılıb. Dispetçer otağında da yüksək səviyyədə xidmət üçün müvafiq şərait yaradılıb. Tibbi xidmətə ehtiyacı olanlar həkim otağına müraciət edə biləcəklər. Kompleksin 2-ci mərtəbəsindəki inzibati otaqlarda səmərəli fəaliyyət üçün dolğun şərait yaradılıb. Qax rayonundakı Avtovağzal Kompleksində mühəndis-kommunikasiya sistemləri də ən qabaqcıl standartlara cavab verir.  

Qax şəhəri ərazisində yerləşən İçəri Bazar Qala Kompleksi də tikinti və yenidənqurmadan sonra müasir və füsunkar görkəm alıb. Prezident İlham Əliyevə bildirilib ki, burada tikinti və yenidənqurma işlərinə 2010-cu ilin aprel ayında başlanıb və qısa müddətdə yüksək keyfiyyətlə başa çatdırılıb. Mükəmməl layihə əsasında açıq səma altında teatr, emalatxanalar inşa olunub və İçəri Bazar küçəsi yenidən qurulub. Su arxı da yenidən qurulub. İçəribazar küçəsindəki fərdi evlərin dam örtükləri yenilənib, darvaza, pəncərə, sütunlar taxta ilə işlənib. Giriş və çıxış qala qapıları da ölkəmizin memarlıq ənənələrinin təbliği baxımından mühüm əhəmiyyət kəsb edir. Burada salınan yaşıllıqlar da özünəməxsusluğu ilə seçilir. Kompleksdə soydaşlarımızın, eləcə də, ölkəmizin bu dilbər  bölgəsinə üz tutacaq qonaq və turistlərin dolğun istirahəti üçün hər cür şərait yaradılıb.  Kompleksdəki işıqlandırma sistemi də istər dizaynı, istərsə də mükəmməlliyi baxımından fərqlənir. Teatr səhnəsinin işıqlandırma sistemi də orijinaldır. Yenidənqurmadan sonra Nəsimi parkının işıqlandırılması da hərtərəfli yaxşılaşıb. İçəribazar küçəsinin içməli su və qaz xətləri də yenilənib. Bir sözlə, əsaslı tikinti və yenidənqurmadan sonra İşəribazar Qala Kompleksi görkəmini tamamilə dəyişib və ölkəmizin ən gözəl istirahət məkanlarından birinə çevrilib.

 İçəribazar Qala Kompleksində aparılan tikinti və yenidənqurma işləri ilə tanış olan Prezident İlham Əliyev Qax rayonunda Heydər Əliyev Mərkəzinin təməlini qoyma mərasimində iştirak edib.  Ətrafda kompleks abadlıq və yaşıllaşdırma işləri aparılacaq. a qədər ərazidə inşa olunacaq. Tikinti işlərinin 2012-ci ildə başa çatdırılması planlaşdırılıb. Layihəyə əsasən mərkəzin mühəndis-kommunikasiya sistemi də ən müasir standartlara cavab verir.

Sonra Prezident İlham Əliyev Qax şəhəri, həmçinin, Qaxingiloy və Qaxbaş kəndlərində su-kanalizasiya sisteminin təməl qoyma mərasimində də iştirak edib. Yeni sistemin layihə smeta sənədləri ilə  tanış olan dövlət başçısına bildirilib ki, Qax şəhəri, Qaxingiloy və Qaxbaş kəndlərinin su-kanalizasiya sisteminin yenidən qurulması layihəsinə əsasən burada əvvəlcə 1000 kubmetr tutumlu su anbarı inşa olunacaq. Sonrakı mərhələlərdə bir neçə su anabarının tikintisi aparılacaq, həmçinin, kanalizasiya xətlərinin çəkilişi reallaşdırılacaq. Qaxbaşı Su Anbarına Hamamçay körpüsünün yaxınlığındakı 3 bulaqdan su xətti çəkiləcək. 5 hektar ərazidə sutəmizləyici qurğu inşa olunacaq. Sonucu mərhələdə isə Qax eləcə də, Qaxbaş və Qaxingiloy kəndlərində su və kanalizasiya xətləri yenidən qurulacaq. Sistemin inşası  2013-cü ildə yekunlaşdırılacaq. Dövlət başçısı yeni tikintinin təməlini qoyub. Prezident İlham Əliyev inşaatçılarla söhbət edib. Prezident İlham Əliyev “El Resort” otelinin açılışında iştirak edib.  Oteldə yaradılmış şəraitlə tanış olan dövlət başçısına məlumat verilib ki, 3 mərtəbəli kompleks  2,7 hektar ərazidə yerləşir. Ümumi sahəsi 3660 kvadratmetr olan  otel lyuks və VİP otaqlardan 120 yerlik yeməkxana ,60 yerlik kafe –bar ,oyun və kino  zallarından ibarətdir. Qonaqlar burada türk və çin hamamlarının , nəhəng hovuzun, yaz-yay terrasının, idmanın müxtəlif növləri ilə məşğul olmaq üçün universal idman meydançasının  xidmətindən istifadə edə biləcəklər.  Buradakı otaqlar ən yüksək beynəlxalq standartlara cavab verir. Otelin bütün infrastrukturu ən müasir səviyyədə qurulub.  Prezident İlham Əliyev  fəxri qonaqlar kitabına ürək sözlərini yazıb. Dövlət başçısına daha sonra tikilməkdə olan konfrans zalının layihə sənədləri də təqdim olunub. Bu binada eyni vaxtda bir neçə tədbirin keçirilməsi mümkün olacaq. Binanın tikintisi 2012-ci ilin martında başa çatacaq.

Prezident İlham Əliyev Qax rayonuna səfəri çərçivəsində İlisu-Sarıbaş yolunda Hamamçay üzərində salınan “Metal tağvari körpü”nün açılışına gəlib . Burada Dövlət başçısına “ Qax şəhərinin və Əlibəyli kəndinin sel sularında mühafizəsi baş planı” təqdim olunub. Sifarişçi Meliorasiya və Su  Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə Prezident İlham Əliyevə məlumat verin ki, Qax şəhərinin çay daşqınlarından mühafizəsi məqsədilə 2009-2011-ci illərdə 1622 metr uzunluğunda dəmir-beton üzlüklü bənd vurulub. Hazırda 186 metr  məsafədə işlər davam etdirilir. Rayonun Əlibəyli kəndinin sel sularından qorunması üçün isə 670 metr uzunluğunda dəmir-beton üzlüklü bənd salınıb. Dövlət başçısı həmçinin İlisu  kəndinin daşqınlardan mühafizəsinə dair işçi layihə ilə də tanış olub. Layihəyə Kürmükçay və Hamamçayın sol sahillərində yerləşən İlisu kəndinin sel və daşqın sularından mühafizəsini, çayların sağ və sol yamaclarında  baş verən  təhlükələrin, geoloji çökmə  proseslərinin  qarşısının alınması daxildir.

İşçi layihənin tərkib hissələrindən biri də Hamamçay üzərində  yeni Avtomobil körpüsünün tikintisi idi. Artıq bu mühüm obyekt istismara hazırdır.

 

Prezident İlham Əliyev Qaxa səfəri zamanı Hamamçay üzərində salınmış yeni  körpünün açılışında iştirak edib.

Dövlət başçısına bildirilib ki,  körpünün tikintisinə 2009-cu ilin avqust ayında başlanıb. Milli memarlıq ənənələrinə uyğun inşa edilən körpü rayonun Sarıbaş kəndinə avtomobillərin və piyadaların rahat və maneəsiz hərəkətini təmin etməklə yanaşı ,gözəl görünüşü və etibarlılığı ilə diqqəti çəkir. Dövlət başçının  diqqətinə çatdırılıb ki, bütün bu layihələr yalnız yerli şirkətlər və qurumlar tərəfindən icra olunur. Prezident İlham Əliyev bu mühüm hadisə münasibətilə mərasim iştirakçılarını təbrik edib.